“Azərbaycan adı gələndə bizim ürəyimiz tir-tir əsir”

18:26 - 3 Noyabr 2017 - KİVDF

Natiq Bağırov: “Mən Belarusda da, Azərbaycanda da özümüzünküyəm”

Diasporda çalışan soydaşlarımızın hər hansı xüsusi peşə sahibi olması onların təbliğati işini daha da asanlaşdırır. Əslində, xaricdəki soydaşlarımız öz peşələrində tanınmış birisi olmaqla, eyni zamanda Azərbaycanı tanıtmış sayılırlar. Natiq Bağırov da xaricdə bu baxımdan fərqlənən həmyerlilərimizdəndir. Hazırda Belarusda yaşayan N.Bağırov 2002-ci ildən Belarusun cüdo üzrə Milli komandasının baş məşqçisi vəzifəsində işləyir. 2004-cu ildə  isə Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti seçilib. 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.  O, beynəlxalq yarışlarda Belarusu təmsil etsə də, Azərbaycan idmançılarının uğurlarına da sevinib. Məsələn. Avropa Oyunları zamanı bunu açıq şəkildə göstərib. Natiq Bağırov deyib: “Mən kimin üçün daha çox həyəcan keçirirdim: belaruslar və ya azərbaycanlılar üçün? Görüşlər zamanı harda oturmağımdan kimin üçün həyəcan keçirdiyim aydın idi. Əlbəttə etnik azərbaycanlı kimi mən daima qəlbimdə əziz tutduğum ölkəm üçün həyəcan keçirirdim, Belarusda Azərbaycan diasporasına rəhbərlik etdiyim üçün öz vətənimə bağlıyam: yəni mən həm orada, həm də buradayam. Əlbəttə Belarusa azarkeşlik edirəm, bu ölkə üçün çıxış edirəm, və idmançılarımızın qələbə çalması üçün bütün mümkün olan və mümkün olmayanları edirəm. Mən Belarusda da, Azərbaycanda da özümüzünküyəm”.
O, azərbaycanlı idmançılara da daima dəstək olub. Azərbaycan diasporasının rəhbəri Natiq Bağırov bildirib ki, 9 oktyabrda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Boccia idman növü üzrə milli komandası Belarusda təlim-məşq toplantısına qatılıb. N. Bağırovun sözlərinə görə,  təlim-məşq toplantısının sonunda Azərbaycan və Belarus paralimpiyaçıları arasında turnir keçirilib. Turnirdə 5 komanda olub. Yığmamızın üzvləri 1, 2 , 3-cü yerləri, belarus idmançıları isə 4, 5-ci yerləri tutublar.
Belarusda Azərbaycan diasporasının rəhbəri baş tutumuş yarışma ilə bağlı bunları deyib: “Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Boccia idman növü üzrə milli komandası təlim-məşq toplantısını uğurla başa vurdu. Bunun bariz nümunəsi kimi bu gün Belarusda keçirilən turniri göstərmək olar. Azərbaycan idmançıları 1, 2, 3-cü yerləri tutub. Yığmamızın bu medalları beynəlxalq yarışlardan və 2020-ci ildə keçiriləcək Paralimpiya oyunlarından gələcək medalların carçısdır”. 
Belarusun Azərbaycan İcmaları Konqresinin sədri, əməkdar idman ustası Natiq Bağırov Azərbaycan idmançılarını dəstəkləmək məqsədilə həmin yarışda iştirak edib və yarışın qaliblərini medallarla təltif edib.
Natiq Bağırov  Minskdə Fransisk Skorinanın “Yudifin kitabı”nın bu il Bakıda nəşr olunmuş miniatür versiyasının təqdimatında da iştirak edib. Belarus-Azərbaycan İcmaları Konqresi Beynəlxalq İctimai Birliyinin (BİB) mətbuat xidmətindən bildirilmişdi ki, təqdimatda nəşrin təşəbbüskarı – Bakıdakı Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, Əməkdar Mədəniyyət İşçisi Zərifə Salahova, mətnlərin müəllifləri – Belarus Milli Kitabxanası direktorunun müavini Ales Suşa və kitabxananın şöbə müdiri Qalina Kireyeva, habelə Belarus İnformasiya Nazirliyinin, Azərbaycanın bu ölkədəki səfirliyinin nümayəndələri iştirak ediblər. Kitab Belarus Milli Kitabxanasının, Belarus-Azərbaycan İcmaları Konqresi BİB-in bilavasitə iştirakı və Konqresin sədri Natiq Bağırovun şəxsi sponsorluğu sayəsində “Fransisk Skorinanın kitab irsi” seriyasında “Indigo print house” nəşriyyatında işıq üzü görüb. Mətnləri Belarus, rus və ingilis dillərində olan 217 miniatür səhifə sözün həqiqi mənasında ovuca yerləşir. Kitabın son səhifələrində F.Skorinanın 1519-cu ildə Praqada nəşr etdirdiyi “Yudifin kitabı”nın dəqiq faksimile surəti yer alıb. F.Skorinanın ən məşhur əsərlərdən birinin qeyri-adi nəşri Bakıdakı Miniatür Kitab Muzeyinin belaruslu çapçının 500 illiyinə hədiyyəsidir. “Yudifin kitabı” Bibliyanın Əhdi-Ətiq bölməsində israilli dul qadının öz şəhərini assuriyalıların hücumundan xilas etməsini təsvir edən əhvalatdır.
Avqustun 12-də isə Belarusun paytaxtı Minskdə “Yuxarı şəhər” adlanan tarixi guşədə Azərbaycan mədəniyyət günləri bayram tədbiri keçirilib. Bu barədə Azərbaycanın Belarusdakı səfirliyindən məlumat verilib. Tədbir Minsk şəhər Meriyası və Azərbaycanın Belarusdakı səfirliyinin dəstəyi ilə Belarusun Azərbaycan İcmaları Konqresi tərəfindən təşkil edilib. Bayram tədbirinin açlışında Minsk Şəhər İcra Hakimiyyətinin Mədəniyyət və Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi Pavel Skalaban, Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfiri Lətif Qəndilov və Belarus-Azərbaycan İcmaları Konqresinin sədr müavini İlham Hacıyev çıxış ediblər. Minsk meriyasının nümayəndəsi çıxışında çoxmillətli şəhər olan Minskdə Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirin  keçirildiyini qeyd edərək hamıya bu qədim mədəniyyətlə tanış  olmaqdan maksimum zövq almağı arzulayıb. Səfir Lətif Qəndilov tədbirdə çıxış edərək  iştirakçıların bugünkü tədbirə isti Azərbaycan havası və ürəklərdəki hərarətlə gəldiklərini bildirib. Səfir bu cür tədbirin keçirilməsinin Belarus xalqının özünəməxsusluğunu – xeyirxahlığını, ləyaqətliliyini və kübarlığını göstərdiyini vurğulayıb. Əlavə edib ki, bu da heç şübhəsiz xalqların bir-birini daha yaxşı tanımalarına və mənəvi zənginləşmələrinəimkan yaradır. “Başqa xalqların mədəni dəyərlərinə, mədəniyyətinə hörmət edən xalq özü böyük hörmətə layiqdir”, - deyə səfir vurğulayıb.
Belarus-Azərbaycan İcmaları Konqresinin sədr müavini İ.Hacıyev Belarusda yaşayan azərbaycanlıların burada özlərini doğma torpaqda olduqları 
kimi hiss etdiklərini bildirib, Azərbaycan mədəniyyətinin ikinci vətəndə tərənnüm edilməsi üçün yaradılmış şəraitə və imkana görə Minsk Şəhər İcra Hakimiyyətinə təşəkkür edib. Çıxışlardan sonra səhnədə milli Azərbaycan musiqiləri - “Sarı gəlin”, “Pəncərədən daş gəlir”, “Qaragilə” səsləndirilib, “Nəlbəki”, “Yallı”, “Ləzginka” və digər rəqslər ifa edilib. Budəfəki tədbirdə uşaq “Avrovidinya-2015” musiqi festivalında Belarusu təmsil etmiş Ruslan Aslanov, “Turkvision-2015” beynəlxalq musiqi yarışmasının iştirakçısı Saşa Kazımova Azərbaycan və dünya estradasının nümunələrini təqdim edib. “Qafqaz əfsanəsi” və “Sarı gəlin” kollektivlərinin rəqsləri hamı tərəfindən alqışlarla qarşılanıb, eləcə də nağara, saz və qarmondan ibarət trio ifaçılıq sənətləri nümayiş etdirilib və tamaşaçıların rəğbətini qazanıb. 
Əsas səhnənin yanında isə Azərbaycan məhsullarının satışını həyata keçirən yarmarka təşkil edilib. Burada milli mətbəximizin nümunələrinin dequstasiyası təşkil olunub, qonaqlara plov, dolma, müxtəlif növ kabablar,  milli şirniyyatlar, meyvə şirələri və quru meyvələr təqdim edilib. Azərbaycansayağı dəmlənmiş ətirli çay tədbirin qonaqlarına paylanıb. Mahnı və rəqslərlə zəngin şou-proqramlarla  yanaşı,  qonaqlara Azərbaycan mətbəxinin ayrı-ayrı nümunələrinin hazırlanması qaydaları açıqlanıb, nərd üzrə oyunlar təşkil edilib. Bundan əlavə, dizayner Səbinə Alaşova tərəfindən hazırlanmış moda nümunələri göstərilib, milliAzərbaycan paltarlarında şəkil çəkdirmək imkanı yaradılıb.
 Göründüyü kimi Belarusda konqresin nüfuzu böyükdür. Bu ölkədəki əksər azərbaycanlılar Konqresi öz cəmiyyətləri kimi qəbul edirlər. Belarusda yaşayan azərbaycanlılar üçün Vətənimizin bir guşəsi də səfirliyimizdir. Bu barədə Natiq Bağırov deyib: “ Mən söhbətlərimizdə hər zaman demişəm ki, biz də onların bir ictimai işçiləriyik. Soydaşlarımızın hər hansı problemi olanda səfirliyimizlə bir yerdə çalışıb həll edirik.
 Biz fiziki olaraq vətəndən uzaqdayıq. Amma Azərbaycan həmişə ürəyimizdədir. Azərbaycan adı gələndə bizim ürəyimiz tir-tir əsir.

Xəbər xətti