Hər bir azərbaycanlı getdiyi ölkədə Azərbaycanın maraqlarını müdafiə etməlidir

18:07 - 2 Noyabr 2017 - KİVDF

Zaur Məmmədova : “Onun haqq səsini dünyaya çatdırmalıdır”

Hər bir ölkənin xarici siyasətinin uğurlarında, ölkənin müsbət imicinin qorunub saxlanılmasında xaricdə yaşayan təşkilatlanmış həmvətənlər mühüm rol oynayıblar. Hər bir ölkənin xarici siyasətində başlıca bir neçə resurs vardır. Azərbaycanın siyasi, intellektual, demoqrafik, iqtisadi, energetik və coğrafi potensialı onun xarici siyasətinin resursudur. Əgər energetika siyasəti dövlətimizin əsas xarici siyasi resursudursa, xaricdə fəaliyyət göstərən, yaxşı təşkilatlanmış diaspora birlikləri də vacib resurslarımızdan biridir. Beynəlxalq təhlükəsizliyin artırılması və digər ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq qurmaq məqsədilə diaspora siyasətinin nə qədər vacib olduğunu başa düşmək heç də çətin deyil.  Bunu siyasi elmlər namizədi Zaur Məmmədovla deyib.  Onun sözlərinə görə, diaspora siyasəti təkcə yuxarıdan aşağıya, vertikal şəkildə istiqamətlənməməlidir. “Bu diaspora sahəsini xarici siyasətimizdəki digər resurslarımızdan fərqləndirən əsas amildir. Hər bir azərbaycanlı getdiyi ölkədə fərdi şəkildə yaşamamalı, xalqımıza aid olan təşkilatlarla əlaqədə olmalıdır. Onlar Azərbaycanın maraqlarını daima müdafiə etməli, onun haqq səsini dünyaya çatdırmalıdır”.
 Belə təşkilatlardan biri Belarus- Azərbaycan İcmaları Konqresidir.Geniş əhatə dairəsinə malik olub olan bu qurum 2002-ci il noyabrın 23-də 150 nümayəndənin iştirakı ilə Belarusun paytaxtı Minsk şəhərində yaradılıb və bir qurum kimi isə 2003-ci ildə təsis edilib . Konqresin əsas məqsədi Belarusda pərakəndə halda yaşayan azərbaycanlıları vahid mərkəzdə birləşdirmək, soydaşlarımızın milli-mədəni hüquqlarını qorumaq və onların ölkənin ictimai-siyasi həyatında iştirakını təmin etməkdir. Xalqımızın tarixinin, milli-mənəvi dəyərlərinin təbliği Konqresin fəaliyyətinin əsas istiqamətindən biridir. Belarus- Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyinin sədri Bağırov Natiq Nadir  bildirib ki, rəhbərlik etdiyi təşkilat Belarusun bütün vilayətlərində - Minsk, Mogilyov, Qomel‎, Qrodno, Vitebskdə təmsil olunur. “Fəaliyyətimiz ərzində Belarusun müxtəlif şəhərlərində yüzlərlə tədbirlər həyata keçirmişik. Bizim fəaliyyətimiz Belarusda Azərbaycan səfirliyinin yaradılmasından da öncəyə dayanır. Biz burada xalq diplomatiyası, iki dövlət arasında dostluq körpüsü rolunu oynayırıq. Vaxtilə burada səfirliyin də missiyasını yerinə yetirirdik. Burada on minlərlə azərbaycanlı yaşayır. Problemləri olan həmyerlilərimizə dayaq oluruq, onlarla maraqlanırıq. Eyni zamanda, Azərbaycanın imici ilə əlaqəli olan bütün prosesləri Belarus ictimaiyyətinə çatdırırıq. Buradakı KİV-ə düzgün informasiya ötürürük”. Onun sözlərinə görə Azərbaycanla - Nazirlər Kabineti, Prezident Administrasiyası, Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əlaqələri var. “Belarusda Azərbaycanla bağlı tədbirlərin həyata keçirilməsində onlar bizə yaxından kömək göstərirlər. Çalışırıq ki, bu əlaqələri gündən-günə genişləndirək”. Natiq Bağırov qeyd edib ki,Belarus Respublikasının Jlobin şəhərində Azərbaycanın və SSRİ-nin Xalq artisti, müğənni və bəstəkar Müslüm Maqomayevin 75 illik yubiley konsert proqramının keçirilməsi də bu tədbirlərdən biridir. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, “Bütün zamanların adı: Müslüm Maqomayev” musiqi lahiyəsi çərçivəsində keçirilən “Sən mənim melodiyamsan” adlı konsert proqramında yerli musiqiçilər iştirak ediblər. Konsertdə Müslüm Maqomayevin bəstələdiyi musiqilər və böyük sənətkarın repertuarından mahnılar ifa olunub. Konsert Jlobin şəhərinin Regional İcraiyyə Komitəsinin ideoloji işlər, mədəniyyət və gənclərlə iş üzrə şöbəsi və “Belarus–Azərbaycan İcmalar Konqresi” Beynəlxalq İctimai Birliyinin Jlobin regional şöbəsinin birgə  təşəbbüsü ilə hazırlanıb.
Tədbirdə Belarus–Azərbaycan İcmalar Konqresi Beynəlxalq İctimai Birliyinin sədri Natiq Bağırovun rəhbərliyi ilə regional şöbələrin nümayəndələri,  həmçinin Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfirliyinin müşaviri Zülfüqar Tanrıverdi iştirak edib.
Konsert proqramı çərçivəsində Belarus–Azərbaycan İcmalar Konqresi Beynəlxalq İctimai Birliyini adından təşkilatın Jlobin regional şöbəsinin rəhbəri Əli Əhmədova fəal və məhsuldar işinə görə, rayon icraiyyə komitəsinin başçısı İvan Naumenkoya isə Azərbaycan və Belarus xalqlarının yaxınlaşmasında göstərdiyi xidmətlərə görə fəxri fərmanlar təqdim olunub. Konsertin keçirildiyi Metallurqlar Mədəniyyət Sarayının foyesində Azərbaycan milli geyimləri, əl işləri nümayiş etdirilib.
Bundan başqa, Belarus paytaxtında “Böyük mədəniyyət aləminə” layihəsinin icrasına başlanılması da bu fəaliyyət istiqamətlərindən birididir. Layihə bu ölkədə elan olunmuş Mədəniyyət İlinə həsr olunub. Təqdimat mərasimində Belarus Azərbaycan İcmaları Konqresi (BAİK) beynəlxalq ictimai təşkilatının gənclər bölməsinin üzvləri iştirak ediblər. “Böyük mədəniyyət aləminə” layihəsi mədəni müxtəliflik dəyərlərinin inkişafına, bütün insanların bir ailə kimi dərk edilməsinə, habelə ayrı-ayrı xalqların yaradıcılığı vasitəsilə milli mədəni ənənələri ilə tanış olmağa istiqamətlənib. Layihənin ilk təqdimatı Minsk şəhərinin Moskva rayonunda yerləşən 25 saylı orta məktəbin bazasında keçirilib. Layihənin həyata keçirilməsi millətlərarası və dini zəmində münaqişə vəziyyətlərinin qarşısını almaq üçün münbit şəraitin yaradılmasına, milli azlıqlara, milli qrupların etnomədəni spesifikasına dözümlü münasibətin inkişafına, əlaqələrin və uğurlu əməkdaşlıq vərdişlərinin formalaşdırılmasına imkan yaradıb.
“Böyük mədəniyyət aləminə” layihəsinin başlıca ideyası tolerantlığın aşılanması, mədəniyyətlərarası qarşılıqlı əlaqə vərdişlərinin formalaşması, həyatın dinc təşkili ideyasının təbliğidir. Layihədə iştirak edən ölkənin aparıcı ali məktəblərinin xarici tələbələri İordaniya, İraq, İran, Türkmənistan və başqa ölkələrin mədəniyyət və məişət əşyalarını nümayiş etdiriblər.
Tədbirdə Azərbaycanı Belarus Azərbaycan İcmaları Konqresinin gənc-tələbə üzvləri Elvin Əkbərov, Həmid Yusifov, Cəmilə Aşirova və Qazi–Məhəmməd Xarxiyev təmsil ediblər. Stenddə Azərbaycan milli musiqi alətləri, qədim xalçaçılıq sənəti və zəngin mədəniyyətimizin digər nümunələri nümayiş olunub. Sərgidən sonra qonaqların diqqətinə xarici, o cümlədən Azərbaycandan olan tələbələrin hazırladığı konsert proqramı təqdim edilib. Cəmilə Aşirova və Qazı-Məhəmməd Xarxiyev milli geyimlərdə odlu-alovlu rəqsləri ilə tamaşaçıları məftun ediblər. Tədbirdə Minskdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən azərbaycanlı diplomatlar, BAİK sədri, cüdo və sambo üzrə dəfələrlə dünya çempionu Natiq Bağırov, ali məktəblərin əməkdaşları və başqaları iştirak ediblər. Layihəni ayda bir dəfə olmaqla Belarusun müxtəlif şəhərlərində keçirilir.
Təhsil sahəsində də iki respublika arasında əlaqələr inkişaf edir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Belarus Respublikasının Təhsil Nazirliyi arasında 2016-2017-ci illər üçün dövlət gənclər siyasəti sahəsində imzalanmış Birgə Tədbirlər Planına müvafiq olaraq 09 – 12 aprel 2017-ci il tarixdə Belarus Respublikasında Azərbaycan gəncləri günləri keçirilib. Tədbirdə ölkəmizi gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə gənclərdən ibarət nümayəndə heyəti təmsil ediblər. Nümayəndə heyətinin tərkibinə nazirliyin əməkdaşları, “Zəka” Gənclərin İntellektual və Yaradıcılıq Mərkəzinin direktoru, “Mən Belarus haqqında nə bilirəm?” esse müsabiqəsinin qalibləri, gənclərin qeyri-hökumət və tələbə gənclər təşkilatlarının, yaradıcı gənclərin nümayəndələri (cəmi 25 nəfər) daxil edilib.
(ardı var)

 

Xəbər xətti