Bakıda avtomobil qaçıran şəxslər saxlanılıblar

13:19 - 2 Noyabr 2017 - HADİSƏ

 Bir neçə gün əvvəl Səbail rayonunda “Toyota Land Cruiser” markalı avtomobili qaçıran şəxslərin saxlanılması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, oktyabrın 31-də Bakı şəhər sakini Vüqar Məhərrəmov Səbail Rayon Polis İdarəsi (RPİ) 39-cu Polis Bölməsinə (PB) Ü.Hacıbəyov küçəsində saxladığı avtomobilinin naməlum şəraitdə oğurlandığını bildirib.

Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər Bakı şəhər sakinləri - Rəfael Əzimov və Elxan Əkbərli saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər avtomobili qaçırmaq üçün əvvəlcə nəqliyyat vasitəsinin saxlanıldığı dayanacaqda yerləşən gözətçi otağından həmin maşının açarlarını oğurlayıblar.
Qeyd edək ki, qaçırılan avtomobili idarə edən R.Əzimov bir müddət əvvəl analoji cinayət etdiyinə görə məsuliyyətə cəlb edilib. Onun əvvəlki cinayətinə hüquqi qiymət verilməsi üçün məhkəmə prosesinin davam etdirildiyi bir zamanda R.Əzimov yenidən avtomobil qaçırdığına görə saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Xəbər xətti