"Bizim dilimiz çox zəngindir, musiqilidir"

18:36 - 31 Oktyabr 2017 - Müsahibə

Cəlalə Nəzəroğlu: “Dili təmiz bilmədən, səlis danışmadan aparıcı olmaq, mətn səsləndirmək qeyri-peşəkarlıqdır”


Televiziya və radioda ədəbi dilin qorunması məsələsi son vaxtlar daha çox müzakirə olunur. Aparılan monitorinqlərin nəticələri, ədəbi dil normalarına riayət etməyən aparıcıların adları açıqlanır. Bəzən bu sahədə probelemin əsas səbəbi kimi, aparıcı olaraq jurnalistlərin yox, digər peşə sahiblərinin də çalışması göstərilir. Bəs əslində vəziyyət necədir? ASAN Radionun redaktor və aparıcısı, Nitq mədəniyyəti müəllimi Cəlalə Nəzəroğlu ilə söhbətləşdik. Həmin söhbətdən alınan müsahibəni sizlərə təqdim edirik.


- Televiziya və radioda ədəbi dilin qorunması ilə bağlı tez-tez müzakirələr olur, tənqidi fikirlər bildirilir. Ümumi götürsək, televiziyada ədəbi dilin qorunması ilə bağlı vəziyyəti necə qiymətləndirirsiz?
- Beşillik proqramın yekunlaşması ilə bağlı son vaxtlarda bu məsələ çox aktuallaşıb. Oktyabrın 6-da KİV-də Azərbaycan ədəbi dilinin qorunması ilə bağlı məsələ müzakirə olundu. Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovun rəhbərliyi altında böyük tədbir keçirildi. Orada çıxış edənlər müxtəlif  təkliflər səsləndirdilər. Bəli, aparıcılar, o cümlədən kadrarxası mətni səsləndirən müxbirlər mütləq şəkildə Azərbaycan ədəbi dilini dərindən bilməlidirlər. Təsəvvür edin ki, dərzi tikməyi bacarmır, riyaziyyatçı rəqəmləri tanımır. Dili təmiz bilmədən, səlis danışmadan aparıcı olmaq, mətn səsləndirmək qeyri-peşəkarlıqdır.


- Hər kəsi maraqlandıran məsələ odur ki, nə etmək olar?
- Əgər bir məsələyə kompleks yanaşılmırsa, A-dan Z-yə tələb olunan hər şey vaxtlı-vaxtında və dəqiq yerinə yetirilmirsə, bu məsələnin kökünü qazıyıb həll etmək mümün olmayacaq. Burada nəzarət məsələsi də çox önəmlidir. Bu aparıcılar, televiziya və radioda işləyən digər vəzifələri icra edən şəxslər harada yetişir? Ailə, baxça, orta məktəb və ali məktəb... Uşaq dil açmağa başlayarkən nəyi eşidirsə, onu da təkrarlayır. Əgər valideyn özü onunla düzgün ünsiyyət qurmursa, sonra da bağça və məktəbdəki müəllimlər də səlis danışığı arxa plana salırsa, nəticə əlbəttə ki, belə olacaq. 


- Problem çox dərindir, yəni?
- Bəli, inanılmaz dərəcədə dərindir. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı qəbul edilmişdi. Bu beş il ərzində şübhəsiz ki, çox işlər görüldü. Bunlardan biri də bir çox ali məktəbin bəzi fakültələrdə Nitq mədəniyyəti fənninin tədris olunması idi. Amma niyə bəzi? Əgər bu fənn riyaziyyat fakültəsində yoxdursa, o deməkdir ki, həmin tələbəyə sərbəst və səlis danışıq lazım deyil? Təbii ki, lazımdır. İnsanlar nə qədər dərin bilik və bacarıqlara sahib olsalar belə, onu sözün yaxşı mənasında sata bilməyəndən sonra bu, bir işə yaramır. 
Dördüncü kursu bitirən, çox savadlı, beyni qızıl kimi bir gənc iş görüşünə gedir. O, necə danışır? İlkin təəssürat çox önəmlidir. Danışığında ləhcə ünsürləri varsa, iki cümləni deməkdən ötrü, “ıııı”, “şey”, “adı nəydi”, “filan şeyi deyəcəkdim” və s. parazit sözlərdən, səslərdən istifadə edirsə, utandığından qızarıb sözləri rabitəli şəkildə ard-arda düzməyi bacarmırsa, onun beyninin qızıl olmağı həmin an üçün əhəmiyyətli deyil. Çünki  işəgötürən özünü təqdimetməyə fikir verir. Əgər bu məsələyə kompleks  və daha geniş şəkildə yanaşırıqsa, təhsildən başlamaq lazımdır. Təhsil müəssisələrində müəllimlərin hamısı istisnasız Azərbaycan dilini gözəl bilməli, onun bütün dərinliklərinə yiyələnməli, hansı fənni tədris eləməyindən asılı olmayaraq, şagirdlərlə, tələbələrlə, baxçada uşaqlarla qüsursuz ünsiyyət qurmalıdırlar. 


- Bəzən bu sahədə problemlərin olmasını televiziya və radio sahəsinə müğənnilərin, aktyorların, yəni, jurnalistika ixtisasından kənar adamların gəlişi ilə də əlaqələndirirlər. Bu nə dərəcədə doğrudur?
- Söhbət məhz KİV-də ədəbi dilin qorunması və pozulması hallarından gedirsə, əslində bu, çox müzakirə olunan məsələdir. Aparıcı, yaxud müxbir mütləq Jurnalistikanı bitirməlidirmi? Mənim subyektiv fikrimə görə, xeyr.  Yəni, belə bir şərt yoxdur. Baxmayarq ki, mən həm bakalavr, həm də magistratura pilləsində jurnalistikanı oxumuşam. Amma qətiyyətlə deyə bilərəm ki, jurnalistika təcrübə, məntiq və savad işidir. Əsas olan xəbər duyumu və gündəmi izləmək, ən vacibini seçməkdir. Mənə maraqsız olan şey, tamaşaçıya, dinləyiciyə və oxucuya da maraqsızdır. Bunu ona zorla sırımaq olmaz. Bu məsələ öz yerində. Bir müğənni, yaxud aktyor televiziyada aparıcılıq edirsə, biz “Onun ucbatından dilimiz korlandı” deyə bilmərik. İncəsənət Universitetini bitirən və orada “Səhnə danışığı” dərsini keçən aktyorlar dili bizim bəzi aparıcılarımızdan daha yaxşı bilir, orfoepik qaydalara uyğun danışırlar. Təsadüfi gəlişlər isə televiziya və radio rəhbərlərinin seçimindən asılıdır. Bir insan hansı kriteriyalara uyğun olaraq işə alınır? Bu, bir az sual altındadır… 
Peşəsindən və  daha öncəki fəaliyyətindən asılı olmayaraq, aparıcıya mütləq təlim keçmək lazımdır.  Türkiyədə buna çox diqqət edirlər. Bir aparıcının bəzən aylarla üstündə işləyib təkcə ona düzgün nəfəs almağı öyrədirlər. Bizdə düzgün nəfəsalmadan danışanda cavab gəlir ki, bu, bizim nəyimizə lazımdır axı!? Təlimlərimə gələnlərdən bəziləri nəfəsalma məsələsini adlayaraq birbaşa səlis danışığı öyrətməyimi istəyirlər. Bu, mümkün deyil. Ədəbi dildə səlis danışıq böyük sahədir. Rəhbərlik etdiyim “Diksiya Klubu” son 5 ildə Türkiyə təcrübəsindən istifadə edirik. Və təkcə orfoepik qaydalara köklənib qalmırıq, elə birinci nəfəslə başlayırıq. Səsin dolğun çıxması bir çox hallarda düzgün nəfəsalmadan asılıdır. Nə qədər çox hava, bir o qədər çox təzyiq, nə qədər çox təzyiq, bir o qədər səs tellərinin yaxşı titrəməsi deməkdir. Bundan başqa, hər bir aparıcı istər qeyri-peşəkarlıqdan, istərsə də məsuliyyətdən efirdə həyəcanlanır. Həyəcan anında əli əsir, çənəsi və dizi titrəməyə başlayır. Ola bilər ki, biz bunu kənardan görmürük.  Bəlkə də efirə yaxşı hazırlaşmışdı, beş cümləni ard-arda deyə bilərdi. Amma  həyəcandan sözləri və cümlələri qarışdırırdı. Həyəcanı dəf etməyin ən yaxşı silahlarından biri yenə də düzgün nəfəs almaqdır.


- Zamanla vəziyyət dəyişimi necədir ? Sizcə, tənqidlərdən nəticə çıxarılırmı?
- Bir var nəzəriyyə, bir də var təcrübə. Ədəbi dillə bağlı iclaslarda iştirak edən KİV nümayəndələrinin dərhal dəyişdiklərinə inanmıram. Tənqidi heç kim sevmir, səhvi də qəsdlə etmirlər. Yanaşmanı tapmaq lazımdır. 2015-ci ildə Milli Telviziya və Radio Şurası Dilçilik İnsitutunun monitorinq şöbəsi ilə bir yerdə treninq təşkil etdi.  Ora cəlb olunan  müəllimlərdən biri də mən idim. Bir həftəlik təlimin beşinci günündə getdim. Hiss etdim ki, həmkarlarımda bir az həvəssizlik var. Amma məşqlərə başlayandan sonra onlara o qədər maraqlı gəldi ki! Nəzərdə tutulmuş vaxtı iki dəfə uzatdıq. Biz orda ağız aparatı, düzgün nəfəsalma, tonlama, məntiqi vurğu, pauzalarla işlədik.
Təkcə orfoepik qaydaları öyrətmək kifayət deyil. Axı bizim problemimiz təkcə o deyil. İntonasiya çox önəmlidir. Ünsiyyətdə təxminən  60 faiz bədən dili, 30 faiz səs tonu, 10 faiz sözlər əhəmiyyət kəsb edir. Deməli, orfoepik qaydalara əməl edirsənsə, işin cəmi 10 faizini görürsən. Axı yerdə 90 faiz qalır. Bir cümlədə söz sırasını dəyişmədən, təkcə məntiqi vurğunu dəyişməklə, tam fərqli mənalar ortaya çıxır. Hətta ən ucqar dağ kəndində heç vaxt məktəbə getməmiş, savadı olmayan insan belə intonasiyanı, bədən dilini çox yaxşı hiss edir və reaksiya verirlər.


- Bəs öyrənmək üçün nə qədər zaman tələb olunur? 
- İradəli öyrənən üçün bu, göründüyü qədər çətin deyil. Cəmi üç-dörd məşq var ki, onu etdikləri zaman iki aydan sonra düzgün nəfəs almağa başlayır. Elə məşqlər tapşırıram ki, vaxt aparmasın, etmək rahat olsun. Tutaq ki, yuxarı qalxırsansa, liftdən istifadə etmə, pilləkənlə qalx.  Buna aid ayrıca məşq var. Səslə işləyirik, sözlərin ağızdan aydın çıxmasını təmin edirik, tələffüz xətalarını düzəldirik və sair. Bütün bunlara maksimum 3 ay vaxt sərf olunur.


- Bəzi aparıcılar öz nitqlərində Azərbaycan dilində qarşılığı olan türk sözlərindən istifadə edirlər. Bəzən bunu qaçılmaz hal kimi qələmə verirlər ki, qardaş ölkədir, istər-istəməz istifadə edilir...
- Türkiyə ilə münasibətlərimiz yaxşıdır, qardaş ölkəyik, dostuq, bunlar hamısı öz yerində. Amma hərənin öz dili, hər dilin öz qanunları var. Aparıcıların türk sözlərindən istifadə etməsi kasadlıqdan, dil haqqında düşünməməkdən, efirə hazırlaşmamaqdan irəli gəlir. Bəzən verilişə hazırlaşmadan girmələri ilə fəxr edirlər. Baxın, Demosfen ən böyük natiqlərdən biri olub. Amma o,  hər dəfə çıxış etməmişdən əvvəl hazırlaşırdı. Çıraq işığında yazırmış, dönə-dönə oxuyub,  öz-özünə danışırmış. Tam hazır olanda artıq çıxış edə biləcəyinə əmin olurmuş. Bütün peşəkar insanlar belədir. Hər  şeyin daha yaxşısı var.  Yaxşı hazırlaşmaq lazımdır. Türk sözlərindən istifadə öz dilimizi yaxşı bilməməkdən irəli gəlir.  Türk sözləri dilimizdə üstünlük təşkil etsə də, rus dilini sıxışdırmayıb. Təəssüf ki, bəzi insanlarda belə fikir formalaşıb ki, danışarəkən rus sözlərindən istifadə edirsənsə, o zaman sən daha sanballı və savadlı görünürsən. Sizi əmin edim ki, belə deyil. Hazırda Azərbaycan dilində, səlis, təmiz, vurğulu  danışan insanları daha ciddi qəbul edirlər.  


- Dilçi alim Muxtar İmanov bildirib ki, ədəbi dilin işlədilməsində yanlışlıqlara yol verənlərə konkret cəza tədbiri nəzərdə tutulmur. Bəs sizin fikrinizcə, cəza tətbiq olunmalıdırmı?
- Cəza məsələsini  təklif edənlər təbii ki, dünya təcrübəsinə əsaslanırlar. Fransa və Almaniyada bu, var. Hətta dil polisi də mövcuddur. Gəlin, reallığa baxaq. Cəzanı kim sevir? Heç kim! Məncə, insanlara bunun onlara nə dərəcədə faydalı olduğunu aşılamaq lazımdır. Sən gözəl danışsan, sabah iş görüşünə gedəndə, çöldə gözləyən doqquz nəfərdən daha gözəgəlimli olacaqsan. 10 nəfərin göstəriciləri eyni olduğu halda yalnız biri seçilirsə, bu, onun özünü gözəl təqdim etməsi ilə bağlıdır. İnsanlara səlis danışığın vacibliyini onlara istər mövqe, istərsə də maddiyat olaraq hansı xeyirlər verəcəyini izah edərək aşılamaq olar.


- KİV-lər dilimizin inkişafı və qorunması ilə bağlı hansı addımlar atırlar?
-İcazənizlə mən yalnız redaktor və aparıcısı olduğum ASAN Radioya aid faktları vurğulayım, başqa KİV-lərə aid məndə belə bir məlumat yoxdur. Bildiyiniz kimi, ASAN Radio cənab prezidentin tapşırığına əsasən yaradılıb. ASAN Radioda aparıcılar efirə yüksək peşəkarlıqla hazırlaşırlar. Bu, o demək deyil ki, studiyaya birbaşa girsə, verilişi yaxşı apara bilməyəcək. Əsla. Bu, yalnız məsuliyyət məsələsidir. Fikir verin, bəzən dinləyicilər radiolarda aparıcıların yüngül məişət mövzularında öz aralarında danışığından gileylənirlər. Məlumat olmayanda çəkisi olmayan söhbətlər ortaya girir, efiri “doldurmaq” lazım gəlir. 
ASAN Radio “Ana dili” adlı buraxılış təqdim edir. Layihə rəhbəri və aparıcısı olduğum buraxılış gün ərzində 5 dəfə yayımlanır. Çoxları tərəfindən yanlış bilinən sözlərin düzgün tələffüz və yazılışından danışırıq. Misal üçün, çoxu “Narahatçılıq” deyir, amma o söz “Narahatlıq”dır... 
Bizim dilimiz çox zəngindir, musiqilidir. Bu dili hamının gözəl bilməsini çox istərdim. Və arzu edərdim ki, Rusiyada, Türkiyədə olduğu kimi, Azərbaycanda da ayrıca “Natiqlik Akademiyası” və ya hansısa ali məktəbin tərkibində “Natiqlik” fakültəsi yaradılsın, orada peşəkarlar yetişdirilsin. Aidiyyatı qurumların, o cümlədən, Təhsil nazirliyinin, cənab Mikayıl Cabbarovun bunu diqqətə alacağına çox inanıram…


Könül Əhmədova


Xəbər xətti