Çexiya Azərbaycan üçün önəmli ölkələrdən biridir

18:26 - 31 Oktyabr 2017 - KİVDF

Azər Kərimov: “Avropa-dünya məkanında Azərbaycan həqiqətlərini təbliğ edirik”


Azərbaycan daim dünya ölkələri ilə hərtərəfli əlaqələrin inkişafına böyük maraq göstərir və bu, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursunun əsas prioritetlərindən hesab olunur. İstər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ikitərəfli münasibətlər müstəvisində yaradılan əməkdaşlığa ölkəmiz böyük önəm verir və bərabərhüquqlu tərəfdaş kimi əlaqələrin inkişaf etdirilməsinə çalışır. Bu baxımdan  Çexiya da Azərbaycan üçün önəmli ölkələrdən biridir. Mərkəzi Avropada yerləşən Çex Respublikası ilə müstəqil Azərbaycan arasında əməkdaşlıq gündən-günə genişlənir. Bu əlaqələrin qurulmasında bu ölkədə fəaliyyət göstərən diaspora təşkilatlarının rolu böyükdür.  Bu təşkilatlardan biri də Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzidir. Təşkilatın sədri. Professor Azər Kərimovdur. Azər Kərimov Beynəlxalq Diaspor Mərkəzinin Avropada təmsilçisi kimi Azərbaycanın problemlərini, ermənilərin işğalçılıq siyasətini dünya ölkələrinin nəzərinə çatdırmaqla böyük ictimai-siyasi fəallıq göstərir. Geniş elmi və ictimai-siyasi fəaliyyətlə məşğul olub ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Avropada və dünyada Azərbaycan lobbiçiliyinin möhkəmlənməsi işində də o hərətərəfli fəaliyyət göstərir. Azərbaycan xalqının rifahı, xoşbəxt gələcəyi, torpaqlarımızın azad olunması, Vətənimizin bütövlüyü naminə apardığınız səmərəli müasir daxili və xarici siyasəti dəstəkləyir, “Avropa-dünya məkanında Azərbaycan həqiqətlərini təbliğ edirik. Azərbaycan daim dünya ölkələri ilə hərtərəfli əlaqələrin inkişafına böyük maraq göstərir və bu, əlaqələrimizin dinamik xarakter almasını göstərir” – o deyib.

Azər Kərimovun rəhbərlik etdiyti Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin fəaliyyəti nəticəsində mədəniyyət, təhsil, elm sahəsində sıx əlaqələr qurulub, bizim filmlərin bu ölkədə keçirilən festivallarda iştirakında böyük dəstək verilir.  İlqar Nəcəfin “Nar bağı” bədii filmi Çexiyanın Karlovy Vary Beynəlxalq Film Festivalında tamaşaçılara təqdim olunub. “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan film, festivalın “Qərbin Şərqi” müsabiqə proqramında nümayiş olunub. Nümayişdə iştirak edən İlqar Nəcəf xarici mətbuat nümayəndələri və tamaşaçıları maraqlandıran sualları cavablandırıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firuddin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırırlar.

 Azərbaycanın Çexiyada təbliğ olunmasında Azərbaycan Tələbə Şəbəkəsinin də fəaliyyəti diqqət çəkir. Azərbaycan və Litvanın Çexiyadakı səfirliklərinin dəstəyi və Azərbaycan Tələbə Şəbəkəsi, Gürcüstan Tələbələri İttifaqının təşkilatçılığı ilə Çexiyanın paytaxtı Praqanın məşhur Luçerna sarayında "Müstəqilliyə aparan yol: Azərbaycan, Gürcüstan və Litva" adlı sərginin açılışı buna nümunədir. Sərgidə, həmçinin 1990-cı il yanvarın 20-də Bakıda dinc əhaliyə qarşı törədilmiş qırğını əks etdirən fotoların nümayişi ilə yanaşı, çex və ingilis dillərində hazırlanmış müvafiq məlumat vərəqləri tədbir iştirakçılarına paylanıb və bu hadisələrlə bağlı ətraflı məlumat verilib. 20 Yanvar faciəsi haqqında toplantı iştirakçılarına ətraflı məlumat verilib, bu faciənin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini, əksinə, onun öz amalları uğrunda daha qətiyyətlə mübarizə aparmağına səbəb olduğunu qeyd edilib. Bu tədbir hər il keçirilir. Sərgidə fəal iştirakı ilə seçilən Azərbaycan Tələbə Şəbəkəsinin Çexiya üzrə nümayəndəsi Eldar Vəliyev 20 Yanvar faciəsi haqqında təbliğat işlərinin Praqada davam etdiriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İyulun 14-də Çexiyada fəaliyyət göstərən “Azərbaycan Tələbə Şəbəkəsi” təşkilatı tərəfindən 4 iyul 2017-ci il tarixində cəbhə xəttində Azərbaycanın mülki sakinlərinin ölümü ilə nəticələnən erməni silahlı qüvvələrinin cinayət əməllərinə etiraz olaraq, Praqa şəhərində yerləşən Ermənistanın Çexiyadakı Səfirliyinin qarşısında aksiya keçirilib. Çexiyanın yerli hüquq-muhafizə orqanları tərəfindən sözügedən aksiya ilə əlaqədar, Çexiyadakı Ermənistan səfirliyini öncədən məlumatlandırılması səbəbindən, qarşı tərəf buna hazırlıqlı olub, azərbaycanlılar tərəfindən keçirilən etiraz aksiyası zamanı Ermənistan Səfirliyi də öz ərazisində təxribat xarakterli nümayişlər edibdir. Bu təxtibat azərbaycanlılar tərəfindən qəti pislənərək, ona etiraz edilib.

 Çexiyada fəaliyyət göstərən diaspora təşkilatlarımızın fəaliyyəti Dağlıq Qarabağ münaqişəsi barədə çexlərə dolğun məlumatlar verməyə imkan verir. Bu ölkə rəhbərləri dəfələrlə Dağlıq Qarabağ münaqişəsi barədə açıqlamalar veriblər. Məsələn, Çexiya Senatının sədr müavini Yirji Şestak onlardan biridir. O deyib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır. Y.Şestak qeyd edib ki, təcrübə də münaqişələrin sülh yolu ilə həllinin ən yaxşı variant olduğunu göstərir: "Bizim tarixi təcrübəmiz göstərir ki, iki ölkə arasında münaqişə yaratmayan və münaqişənin gələcəkdə daha da dərinləşməsinə səbəb olmayan həll variantı sülh və qarşılıqlı anlaşma yoludur". Senatın sədr müavini bildirib ki, Çexiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına töhfəsi tərəfləri sülh variantına təşviq etmək və münaqişənin sülh yolu ilə həllinə nail olunmasına dəstək göstərməkdən ibarət ola bilər.

Bu ölkədə lobbiçilik fəaliyyətində Azərbaycan səfirliyinin xidmətləri də var. Çexiyanın regionları ilə əməkdaşlıq əlaqələrinin inkişafı və dərinləşdirilməsi çərçivəsində Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Cənubi Bohemiya regionuna səfər edib. Səfər çərçivəsində Cənubi Bohemiya regionunun paytaxtı Çeske Budejovice şəhərinin meri Jiří Svoboda səfir Fərid Şəfiyevi qəbul edib. Görüş ərzində Çexiyanın sözügedən regionu ilə əməkdaşlıq əlaqələrinin qurulması, iqtisadiyyat və kənd təsərrüfatı sahələrində maraq kəsb edən sahələrdə münasibətlərin inkişafı perspektivləri müzakirə olunub. Şəhər meri Jiří Svoboda ölkəmiz ilə regional əməkdaşlığın qurulmasına töhvə verməyə hazır olduğunu məmnunluqla qeyd edib. Cənubi Bohemiya regionuna səfər çərçivəsində səfir Fərid Şəfiyev həmçinin Hluboká nad Vltavou şəhərinə səfər edərək, şəhərin meri Tomáš Jirsa ilə görüşüb. Görüş zamanı Hluboká nad Vltavou şəhəri ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə edilib. Rəsmi görüşlərlə yanaşı, səfir Fərid Şəfiyev Cənubi Bohemiya regionunun, ümumiyyətlə Çexiyanın süd məhsulları istehsalı sahəsində ən böyük müəssisələrindən olan "Madeta" fabrikinə səfər edib. Fabrikin icraçı direktoru Jan Teply səfir Fərid Şəfiyevi qəbul edərək, müəssisə haqqında ətraflı məlumat verib. Daha sonra səfir Fərid Şəfiyev "Madeta" fabrikinin istehsal prosesi və məhsulları ilə tanış olub. Ümumiyyətlə bu iki ölkə arasında iqtisadiyyat əlaqələri artan templə inkişaf edir, biznes forumları keçirilir. Hazırda Azərbaycanda 19 Çexiya investisiyalı şirkət fəaliyyət göstərir və indiyədək bu şirkətlər tərəfindən ölkəmizə əsas kapitala 1,3 mlrd. dollar investisiya yatırılıb. Çexiya şirkətləri dəyəri 1,6 mlrd. manat olan 6 layihə üzrə podratçı qismində də iştirak edirlər. Azərbaycanda həyata keçirilən iri layihələr - Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars, Dəniz Ticarət Limanı Çexiyanın maraq dairəsindədir. Yaxın gələcəkdə Çexiyanın ölkəmizin nəqliyyat infrastrukturu və tranzit imkanlarından istifadə edəcək.

Xəbər xətti