Özbəkistanda Azərbaycan dilinin tədrisi geniş şəkildə həyata keçirilir

18:16 - 26 Oktyabr 2017 - KİVDF

Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan xalçalarından ibarət “Odlar yurdunun naxışları” daimi sərgisinin açılışı olub 

Azərbaycanın xaricdə fəaliyyət göstərən təşkilatlarından biri Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzidir. Diaspora təşkilatı kimi artıq 4 ilə yaxındır ki, Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bir çox uğurlara imza atıbş Onun nəzdində kurs və dərnəklər fəaliyyət göstərir. Mədəniyyətin müxtəlif sahələrinə aid bu kurs və dərnəklərdə Azərbaycan mədəniyyətini, incəsənətini, musiqi və rəqs sənətini təbliğ etməklə yanaşı, habelə Azərbaycan dilinin tədrisi geniş şəkildə həyata keçirilir. Məsələn,"Azərbaycan dili kursları"nda maraqlananlar, şagirdlər və tələbələr Azərbaycan dilini öyrənirlər. Mütəmadi olaraq kursun iştirakçıları arasında Azərbaycan dili ilə bağlı həvəsləndirici müsabiqələr keçirilir, qaliblər mükafatlandırılır. Bu günlərdə Mədəniyyət Mərkəzində fəaliyyət göstərən rəsm və əl işləri dərnəyinin fəal şagirdlərinin əl işlərindən ibarət sərgi, habelə Mərkəzin foyesində dərnəklərin hazırladığı master klaslar iştirakçılara təqdim edilib. Tədbirdə Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin rəhbərləri, tanınmış təhsil, mədəniyyət xadimləri, fəxri qonaqlar, Daşkənddə fəaliyyət göstərən internat və orta məktəblərin müəllim və şagirdləri, jurnalistlər iştirak ediblər. Açılışda çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ötən illərdə Mərkəzdə yaradılan rəqs, rəsm, əl işləri, fortepiano, Azərbaycan dili və komputer kursları haqqında məlumat verərək, əsas məqsədlərinin Azərbaycanın zəngin mədəniyyətini, dilini təbliğ etmək, iki ölkə arasında dostluq əlaqələrini möhkəmləndirmək, habelə yeni-yeni istedadları üzə çıxararaq onların fəaliyyətinə stimul vermək olduğunu bildirib. O, Azərbaycanda və Özbəkistanda uşaq və yeniyetmələrə qayğı, ölkəmizdə Heydər Əliyev Fondunun dəstəyi ilə yeni – yeni uşaq – internat evlərinin, sağlamlıq və reabilitasiya mərkəzlərinin inşası barədə danışaraq, gələcəyimiz olan uşaqlara qayğı, onların bilikli, bacarıqlı və öz tarixlərinə, mədəniyyətlərinə dərindən yiyələnməsinin vacib olduğunu vurğulayıb. Daşkənd şəhər İnternat məktəbləri üzrə koordinasiya Şurasının sədri Oybek Babacanov  Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirərək, burada uşaq və yeniyetmələrin öz fəaliyyətlərini inkişaf etdirmək üçün bütün şəraitin olduğunu qeyd edib.
Daha sonra Mədəniyyət Mərkəzinin Azərbaycan dili kursunun təqdimatı başlanıb, kurslarda iştirak edən uşaq və yeniyetmələr Azərbaycan dilində ölkəmizə aid şeirlər söyləyiblər. Mərkəzin nəzdindəki komputer kurslarının fəal şagirdlərinin Azərbaycanın tarixi, mədəniyyəti, turizm resurslarına, habelə Qarabağın şəhərləri, abidələrinə dair xüsusi proqramla hazırladıqları slayd şou nümayiş etdirilib. Mərkəzdəki komputer kurslarında artıq dizayn və qrafika proqramları tədris olunur.
Qeyd edək ki, Mədəniyyət Mərkəzi kurslarda istifadə olunan tədris vəsaitləri və əyani vasitələrlə  uşaq və yeniyetmələri təmin edir.
Artıq 5 ilə yaxındır ki, Mədəniyyət Mərkəzində rəqs dərnəyi də fəaliyyət göstərir ki, dərnəkdə yüzlərlə azərbaycanlı, özbək və digər millətlərin uşaq və yeniyetmələri, Azərbaycan rəqs sənətinin sirlərini öyrənir. Artıq dərnəyin nəzdində “Azərbaycan qızları” və kişik yaşlı uşaqlardan ibarət “balaca fidanlar rəqs ansamblları fəaliyyət göstərir və onlar Özbəkistanda keçirilən beynəlxalq tədbirlərdə iştirak edirlər. Ansamblın bədii rəhbəri Azərbaycan və Özbəkistanın əməkdar artisti Kaykep Əliyevadır. Qısa müddətdir ki, fəaliyyətə başlayan fortepiano dərnəyinin uşaqlarının çıxışı maraqla qarşılanıb, bir sıra Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olunub. Sonda kurs və dərnəklərdə xüsusi fəallıq göstərən müdavimlərə Mədəniyyət Mərkəzinin xüsusi sertifikatları verilib və yeni tədris ilində kurslara və dərnəklərə qəbulla bağlı prioritetlər elan olunub.   
Təqdimat mərasiminin sonunda IDEA İctimai Birliyinin “Azərbaycanın 9 möcüzəsi” adlı layihəsi çərçivəsində çəkilmiş “Göygöl Milli Parkı” sənədli film iştirakçılara təqdim olunub. Azərbaycanın əsrarəngiz təbiət gözəlliyi, Göygöl Milli Parkı, Azərbaycan təbiətinin incisi olan Göygölün yaranması, buranın zəngin flora və faunası maraqla iştirakçıların böyük marağına səbəb olub. Layihənin təşəbbüskarı və rəhbəri
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri
Leyla Əliyeva, filmin rejissoru İqor Bışnyovdur.
Tədbir çərçivəsində Daşkənddə fəaliyyət göstərən internat məktəblərin şagirdləri üçün Azərbaycan milli mətbəxinə dair yeməklərə qonaq ediliblər.
 
Qeyd edək ki, Mərkəzdə kitabxana da fəaliyyət göstərir. Kitabxananın çox zəngin azərbaycan, rus və özbək dillərində fondu var. Fond əsasən Azərbaycandan alınan kitablarla zənginləşdirilir. Bundan başqa, Azərbaycan Səfirliyinə, Mədəniyyət Mərkəzinə hədiyyə olunan kitablar da kitabxananın fonduna daxil edilir. Kitabxananın ümumi kitab fondu 4 min nüsxədən artıqdır. Artıq kitabxanada Azərbaycan bədii filmlərinin tam kolleksiyası, ölkəmizin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizmi, adət və ənənələrinə dair sənədli filmlərdən ibarət Mediateka fondu yaradılib.Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistan kitabxanalarına Azərbaycan, onun tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizmi, ədəbiyyatı, dövlətçiliyi, ümummilli lider Heydər Əliyev, prezident İlham Əliyev, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi, ermənilərin saxtalaşdırma siyasətinə dair  kitablar, jurnallar, bukletlər  hədiyyə edilib. Belə ki, Ə.Nəvai adına Özbəkistan Milli Kitabxanasına, Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Əsaslı Kitabxanasına, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin kitabxanasına zəngin kitab kolleksiyası əvəzsiz olaraq verilib, Səmərqənddə keçirilmiş Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlər çərçivəsində Puşkin adına Səmərqənd Vilayət Mərkəzi Kitabxanasında "Azərbaycan fondu yaradılıb. Səmərqənd şəhər Mərkəzi Muzeyi, habelə Afrosiab Dövlət Tarix Muzeyində daimi olaraq nümayiş etdirələcək  "Odlar yurdu - Azərbaycan" guşəsi təşkil olunub.
Bir neçə gün əvvəl isə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Azərbaycan xalçalarından ibarət “Odlar yurdunun naxışları” daimi sərgisinin açılışı olub. İştirakçılar əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində Azərbaycan xalçaları, milli geyimlər, kəlağayılar və musiqi alətlərini özündə əks etdirən sərgi ilə tanış olub. AMM-nin direktoru Samir Abbasovun Azərbaycan xalçaları barədə məruzəsi dinlənilib. Xalça sənətinin Azərbaycan xalqının bədii təfəkkürünü, istedadını nümayiş etdirdiyini və onlar barədə bir sıra mənbələrdə antik yunan tarixçilərinin yazıları olduğunu qeyd edib. O, Azərbaycan dövlətinin milli mədəniyyətimizin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi işlər barədə də məlumat verib. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, zəbt olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi, 22 muzey, 4 rəsm qalereyasının işğalçılar tərəfindən tamamilə məhv edildiyini bildirən diplomat, maddi-mədəni irsimizin, İslam irsinə aid abidələrin qarət edildiyini, Azərbaycanın qədim xalça məmulatlarının talançıların əlinə keçdiyini qeyd edib.Diaspora təşkilatının rəhbəri Samir Abbasov Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr və Azərbaycanın ənənəvi xalça sənətinin YUNESKO-nun Qeyri-maddi irs siyahısına daxil edildiyini vurğulayıb. Özbəkistanın Dövlət Tarix Muzeyinin direktoru, professor Cənnət İsmayılova, Milli Elmlər Akademiyanın Əsaslı Kitabxanasının direktoru Zuxra Berdiyeva xalqımızın istedadını, onun qədim tarixini, zəngin mədəniyyətini nümayiş etdirən və ən çətin əl işlərindən biri hesab olunan xalçaçılığın Azərbaycan xalqının vizit kartına çevrildiyini qeyd ediblər. Onlar dünyada ilk olaraq Azərbaycanda yaradılan unikal xalça muzeyi haqqında fikirlərini bölüşüblər.
Özbəkistanda xalçalarımızın tanıdılması və satışı ilə məşğul olan mütəxəssis Şəmsəddin Museyibzadə Azərbaycan xalçalarının rəngarəngliyi, özünəməxsusluğu, onu dünyaya sevdirən xüsusiyyətləri barədə məruzə edib. O, təmsil etdiyi təşkilat adından “Azərbaycan xalçaları” daimi sərgi salonuna Qarabağ xalçası bağışlayıb. Tədbirdə Azərbaycanın xalça sənəti, onun qədim tarixi, ölkəmizin regionlarına xas olan xalçalar, onlarda əks olunmuş naxışlar və s. barədə ətraflı məlumat verilib və bununla bağlı videomaterial göstərilib. Sonra “Odlar yurdunun naxışları” Azərbaycan xalçalalarının daimi sərgi salonunun açılışı olub, ölkəmizin 7 əsas xalçaçılıq məktəbini özündə əks etdirən, müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar nümayiş etdirilib.
Qeyd edək sərgi salonunda Şirvan, Qarabağ, İrəvan, Dərbənd, Quba, Naxçıvan, Qazax-Borçalı və digər ərazilərdə əllə toxunulmuş xalçalar nümayiş etdirilib. Sərgidə ümumilikdə Azərbaycan xalçaçılıq məktəbinə aid 20-ə yaxın qədim xalça nümayiş olunur. Azərbaycan xalça sənətini özündə əks etdirən kitab sərgisi, xalçaların əl ilə toxunulmasında istifadə olunan dəzgah da maraqla qarşılanıb.
Tədbirin sonunda Özbəkistanın “Surxan” musiqi qrupu Azərbaycan və özbək mahnılarını, Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizi ifa ediblər.

Xəbər xətti