Ziya Səfərbəyov: "Bu Azərbaycan ədəbiyyatının inkişafı üçün çox vacibdir"

17:12 - 25 Oktyabr 2017 - Mədəniyyət

22 oktyabr "Passage" restoranında Ziya Səfərbəyovun "Satel Telecom" şirkətinin dəstəyi ilə keçirdiyi "İstedadlar sorağında" layihəsi baş tutub. Layihəyə qatılan 36 iştirakçıdan hər biri səhnədə 3 dəqiqə vaxt çərçivəsində öz şeir və qısa hekayələri ilə çıxış edib. Layihə müsabiqə xarakteri daşıyıb və iki turdan ibarət olub. Tədbirə 150 nəfərdən çox tamaşaçı izləyici qismində təşrif buyurub. Qonaqlar və münsiflər sırasında məşhur xeyriyyəçi Ağamusa Nağıyevin nəvəsi və 6 kitab müəllifi -Dilarə xanım Nağıyeva, məşhur jurnalist, yazıçı və Samur qəzetinin baş redaktoru- Sədaqət xanım Kərimova, KVN-dən  yaxşı tanıdığımız aktyor, gənclərin dostu və bir neçə kitab müəllifi- Bəhram Bağırzadə, son zamanlar kütlə tərəfindən xüsusilə tanınan, Azərbaycan, Rusiya və Fransanın birgə ərsəyə gətirdiyi "Generallardan irəli" filminin ssenari müəllifi - Anar Ömərov və bir çox başqa müəllim, jurnalist və ədəbiyyatsevərlər iştirak ediblər. İlk turdan ikinci tura 7 iştirakçı keçid alıb ki, onlardan üçü qalib olub. Belə ki, birinci yeri  gənc iştirakçı Nigar Əzimova tutub. O, qeyri-adi çıxışı ilə hər kəsi heyran edərək, əsas mükafata "Samsung Galaxy" mobil telefonuna sahib olub. İkinci yerin qalibi tamaşaçıların qəlbinə səmimiliyi və gözəl ifası ilə yol tapan Fizuli Vaqifoğlu isə  "Lenovo Tab" ilə mükafatlandırılıb. Üçüncü yerin sahibi isə emosional çıxışı ilə fərqlənən Rizvan Sadığov   "Power Bank" qazanıb.  Səsvermə münsiflər heyəti və auditoriya tərəfindən 5 ballıq sistemlə keçirilib. RecLife nəşr evinin dəstəyi ilə kitabları Amerikada və Avropada nəşr olunan, üç kitab müəllifi Ziya Səfərbəyov layihə haqqında öz fikirlərini bildirib: "Qeyd edim ki, "İstedadlar sorağında" belə janrda keçirdiyimiz ilk layihə idi. Gələcəkdə də, bu tip layihələr keçirməyə çalışacağıq, çünki istedadlarımızı aşkara çıxarmaq və onları bir yerə toplamaq çox önəmlidir. Bu Azərbaycan ədəbiyyatının inkişafı üçün də çox vacibdir. İlk dəfə belə bir tədbirin keçirildiyinə Permdə "Gənc yazıçıların görüşündə" və digər Avropa ölkələrində şahid oldum. Elə o vaxtlardan Azərbaycanda da belə unikal bir tədbir keçirmək fikri məni tərk etmirdi. Bütün iştirakçılara və dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm." 

Xəbər xətti