Məmmədyarov: “Azərbaycan məcburi köçkünlərin əzablarının işıqlandırılması üçün bütün cəhdləri tam dəstəkləyir”

14:33 - 24 Oktyabr 2017 - SİYASƏT

“Öz evlərini tərk edən insanların sayının 65.6 milyon olaraq görünməmiş həddə çatmasına baxmayaraq, biz hələ də məcburi köçürmələrə və insan əzabına gətirib çıxaran münaqişələrin həll olunmadığını görürük. Qaçqınların və miqrantların düşdükləri ağır vəziyyət işıqlandırılsa da, beynəlxalq ictimaiyyət münaqişə səbəbindən təhlükəyə məruz qalan və dünyanın müxtəlif hissələrində acınacaqlı şəraitdə yaşayan milyonlarla kişi, qadın və uşaqlardan ibarət məcburi köçkünləri də unutmamalıdırlar”. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində təşkil olunan Yüksək Səviyyəli Görüşdə çıxışı zamanı deyib.

”Qaçqınların işləri üzrə BMT-nin Ali Komissarlığı bildirib ki, bütün dünya üzrə məcburi köçkünlərin sayı rekord həddə, 41 milyon nəfərə çatıb. Azərbaycan məcburi köçkünlərin əzablarının işıqlandırılması üçün bütün cəhdləri tam dəstəkləyir. 2030-cu il Gündəliyində məcburi köçkünlərə istinad olunması, Bəşəriyyət üçün Gündəlik tərəfindən 2030-cu ilə qədər məcburi köçkünlərin sayının 50 faizə qədər azaldılmasının hədəflənməsi, eyni zamanda məcburi köçkünlərin qorunması və onlara dəstək göstərilməsi və bu cür məcburi köçürmələrin qarşısını alınması və azaldılması üçün təsirli strategiyaların nəzərdən keçirilməsini özündə əks etdirən Qaçqınlar və Miqrantlara dair Nyu York Bəyannaməsi əlbəttə ki, düzgün addımlardır, ancaq aydındır ki, kifayət deyil. Milyonlarla məcburi köçkünlərin acınacaqlı vəziyyətinin daha çox diqqətə, bu cür halların qarşısının alınması üçün yenidən düşünülmüş yanaşmalara, problemin kökündə dayanan səbəblərin aradan qaldırılmasına və eyni zamanda bütün səviyyələrdə birgə fəaliyyətə ehtiyacı var. Biz inanırıq ki, ATƏT həmçinin, məcburi köçkünlərin hüquqlarının qorunması məqsədilə ATƏT-in hərtərəfli cavab tədbirlərinin qiymətləndirilməsi üçün platforma rolunu oynamalıdır”.
 
Nazir qeyd edib ki, Azərbaycanın məcburi köçkünlər məsələsinə həssaslığı anlaşılandır: “Mənim ölkəmdə məcburi köçürmə Ermənistanın beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etməsinin və hazırda hərbi təcavüzü davam etdirməsinin nəticəsidir. Beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində və Ermənistanda yaşayan 1 milyona yaxın azərbaycanlı mülki şəxsə qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Bu, Azərbaycanı adambaşına düşən məcburi köçkünlərin sayının ən çox olduğu ölkələrdən birinə çevirib. Hazırda əhali artımı ilə əlaqədar olaraq məcburi köçkünlərin sayı 1,2 milyon nəfəri keçib. Məcburi köçkün probleminin yeganə həlli onların təhlükəsiz şəkildə və ləyaqətləri qorunmaqla öz torpaqlarına qayıtmasıdır və bu mənim hökumətim üçün birinci prioritet məsələ olaraq qalır”.
 
E. Məmmədyarov bildirib ki, məcburi köçkünlərin köçürülmə problemi həll olunana qədər Azərbaycan hökuməti məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün işləri davam etdirir. “Son 20 ildə 6 milyard dollar investisiya yatırılıb və bu da məcburi köçkünlər arasında yoxsulluğun və işsizlik səviyyəsinin xeyli dərəcədə azalmasına gətirib çıxarıb. Bu vaxta qədər 250 min məcburi köçkün evlər və mənzillərlə təmin olunub. Bununla belə, yuxarıda qeyd olunan tədbirlər daimi yerli inteqrasiya kimi nəzərdən keçirilmir və öz torpaqlarına könüllü olaraq, təhlükəsiz şəkildə və ləyaqətləri qorunmaqla qayıtmaq məcburi köçkünlərin özləri tərəfindən yeganə arzu olunan seçim kimi qəbul olunur. Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxartdıqdan sonra məcburi köçkünlərin öz evlərinə könüllü olaraq təhlükəsiz şəkildə və ləyaqətləri qorunmaqla qayıtmaq hüquqlarını təmin etmək məqsədilə Azərbaycan hökuməti “Böyük Qayıdış” adlı hərtərəfli proqram hazırlayıb”, - deyə o vurğulayıb.

Xəbər xətti