Musiqi fərqli mədəniyyətə, düşüncə tərzinə malik insanlar arasında körpüdür

18:15 - 20 Oktyabr 2017 - KİVDF

Arzu Əliyeva: "Azərbaycanın Dostları" Birliyi gələcəkdə də bu cür görüşlərin keçiriləcəyinə boyük ümid bəsləyir"

Azərbaycan İsveçrə Konfederasiyası ilə münasibətlərinə böyük əhəmiyyət verir və ikitərəfli əlaqələrin bütün sahələr üzrə dərinləşməsində maraqlıdır. Bildiyiniz kimi, ikitərəfli əlaqələrin inkişaf etdirilməsində dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı rəsmi səfərlər və bu çərçivədə əldə edilmiş siyasi razılaşmalar müstəsna əhəmiyyət kəsb edir. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu ilin oktyabr ayında Konfederasiyaya rəsmi səfəri Azərbaycan-İsveçrə münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı olub və ikitərəfli siyasi əlaqələrin gələcək inkişafı üçün möhkəm özül yaradıb. Bununla yanaşı, son illər ərzində parlament sədrləri, xarici işlər nazirləri və digər səviyyələrdə həyata keçirilmiş qarşılıqlı səfərlər də iki ölkə arasında təşəkkül taıb əməkdaşlıq əlaqələrinin inkişafına öz müstəsna töhfəsini verib. Ümumiyyətlə, Azərbaycan və İsveçrə münasibətlərin daha da təkmilləşdirilməsi üçün potensiala malikdir. İsveçrənin Azərbaycandakı səfiri Filipp Stalder qeyd edib ki, son 25 il ərzində iki ölkə dostluq və ümumi maraqlarla xarakterizə olunan sıx tərəfdaşlıq münasibətləri yaradıb. Səfirin sözlərinə görə, Azərbaycan və İsveçrə arasında ikitərəfli münasibətlərin inkişafı üçün effektiv siyasi əsaslar mövcuddur: “Azərbaycan Prezidenti İlham Əliyev daim Dünya İqtisadi Forumunda iştirak etmək üçün Davos şəhərinə səfər edir. Orada o, İsveçrə Prezidenti ilə görüşlər keçirir. Son illər ərzində İsveçrə dövlət başçısı Azərbaycana 3 dəfə rəsmi səfər edib”. F.Stalder əlavə edib ki, iki ölkə mədəniyyət sahəsində də sıx əməkdaşlıq edir: “Səfirlik olaraq biz Azərbaycanla İsveçrə arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəniyyət, təhsil sahələrində əməkdaşlığı inkişaf etdirməyə çalışırıq”.
Bu əməkdaşlığın inkişafında İsveçrədə fəaliyyət göstərən diasapora təşkilatlarının böyük rolu var. Məsələn, bu yaxınlarda İsveçrənin Bazel şəhərində "Azərbaycan mədəniyyəti inciləri" çərçivəsində "Azərbaycan muğamları gənc muğam ifaçılarının təqdimatında" adlı tədbir keçirilib.Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbir İsveçrədə fəaliyyət göstərən "Azərbaycanın Dostları" Birliyinin sədri Arzu Əliyevanın təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Respublikasının İsvecrə Konfederasiyasındakı səfirliyinin dəstəyi ilə keçirilib. Şəhərin məşhur Botanika bağında təşkil olunan muğam axşamında Azərbaycan musiqisinin pərəstişkarları iştirak edib. Azərbaycandan dəvət olunmuş gənc muğam ifaçıları Ehtiram Hüseynov, Günay İmamverdiyeva və onları müşaiyət edən musiqiçilər Xəyyam Məmmədov, Rövşən Qurbanov qonaqlara unudulmaz anlar yaşadıb. Onlar 55 dəqiqə davam edən musiqi proqramında muğam sənətinin bütün gözəlliyini isveçrəlilərə və buradakı əcnəbi qonaqlara çatdırmağa çalışıb. A.Əliyeva belə tədbirlərin fərqli mədəniyyətə, düşüncə tərzinə malik insanlar arasında körpü olduğunu vurğulayaraq, gələcəkdə də bu cür görüşlərin keçiriləcəyinə boyük ümid bəslədiyini bildirib. O əlavə edib ki, bu kimi layihələr gələcəkdə İsveçrə musiqiçilərinin də Azərbaycanda konsertlərinin təşkilinə təkan verəcək.
Azərbaycan muğam sənətinə həsr olunmuş ikinci konsert proqramı "Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi"nin sədri Qasım Nəsirovla birgə Bern şəhərinin "Ono" Mədəniyyət Mərkəzində təşkil olunub. Bu tədbirdə də Azərbaycan musiqisinin çoxsaylı pərəstişkarları bir araya gəlib.
Mədəniyyət Mərkəzinin başqa bir tədbiri isə dərs ilinin başlaması ilə bağlı olub. Azərbaycanın İsveçrədəki diasporunun ən fəal üzvlərindən və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi diaspor təşkilatının qurucusu və rəhbəri Qasım Nəsirovun təşəbbüsü ilə İsveçrənin iki orta məktəbində Azərbaycan rəqsləri həftəsi keçirilib. Ölkəmizin İsveçrədəki səfirliyindən bildiriblər ki, bu mədəniyyət tədbiri 29 avqust-1 sentyabr tarixləri arasında Arqau kantonunun Bremqarden şəhəri və Oberssiqqental kommunasında baş tutub. Orta məktəblərin 9-cu sinif şagirdləri üçün “İnteqrasiyanın mənimlə əlaqəsi nədir?” layihəsi çərçivəsində təşkil olunan layihə böyük maraqla qarşılanıb. Hər gün 4 qrupda cəmləşən şagirdlər üçün keçirilən rəqs dərslərində Azərbaycan milli rəqslərindən nümunələr, xüsusən “Yallı” rəqsinin elementləri öyrədilib və milli geyimlər nümayiş etdirilib, həmçinin ölkəmizin mədəniyyəti və tarixi barədə məlumatlar təqdim olunub.
Artıq ikinci ildir yeni dərs ilinin başlanması ərəfəsində təşkil edilən bu məşğələlər hər dəfə fərqli məktəblərdə keçirilir. Bu layihənin gələcəkdə İsveçrənin digər regionlarında da davam etdirilməsi qərara alınıb.Qeyd edək ki, diaspora təşkilatlarımız Azərbaycan  kinosunun bu ölkədə tanıdılmasında da yaxından iştirak edir.İsveçrənin Bazel şəhərində keçirilən film festivalında Azərbaycan da təmsil olunub.  Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, İsveçrədə yaşayan həmvətənlərimiz, "Azərbaycanın dostları" birliyinin sədri Arzu Əliyevanın dəstəyi ilə gənc rejissor İmam Həsənovun “Müqəddəs inək” filmi festivalın münsiflər heyətinə təqdim olunub və müəllif Bazel kinofestivalına dəvət edilib. Tamaşaçıların marağına səbəb olan film rəğbətlə qarşılanıb, rejissorun özünəməxsus tərzi həm munsiflər heyəti, həm də tamaşaçılar tərəfindən yüksək dəyərləndirilib. Nümayişdən sonra rejissorla film haqqında geniş müzakirələr aparılıb. 
Artıq 12 ildir keçirilən festival ayrı-ayri xalqların nümayəndələrinin dostluq və mədəniyyət mübadiləsinə şərait yaradır, düşüncə tərzi, həyata baxışı müxtəlif olan insanları bir araya gətirir. Bazel kino festivalını İsveçrədə yaşayan müxtəlif xalqların nümayəndələri təşkil edir. Festivalda hər bir xalq öz mədəniyyətini təmsil etmiş olur. Nümayiş etdirilən filmlərin hər biri almanca subtitrlərlə öz ana dilində tamaşaçılara təqdim olunur.

Qeyd edək ki, festivalın təşkilatçıları arasında olan soydaşımız Arzu Əliyeva hər il Azərbaycan filmlərindən ibarət siyahını festivalın münsiflər heyətinə təqdim edir, onlardan ən maraqlısı seçilir və beləliklə, ölkəmiz beynəlxalq kino bayramına qatılır.
Arzu Əliyeva  bildirib ki, bu ilin iyul ayında isveçrəlilər daha bir Azərbaycan incəsənətinin peşəkar çıxışından məmnun qalıblar. Azərbaycanlı pianoçu xarici gənc ifaçıların beynəlxalq müsabiqəsində öz istedadını nümayiş etdirib. 
Xocalıdan olan gənc pianoçu Brilyant Məmmədli İsveçrənin Val-de-Travers şəhərində keçirilən beynəlxalq ifaçıların "Concours International pour jeunes interprètes" adlı müsabiqəsində ikinci yeri tutub. "Azərbaycanın dostları" İctimai Birliyinin sədri Arzu Əliyevanın sözlərinə görə, Məmmədli müsabiqədə Niyazinin, Volfqanq Motsartın və Sebastyan Baxın əsərlərini ifa edib. 
Əliyeva onu da bildirib ki, Məmmədli ötən il də həmin müsabiqədə iştirak etmiş və ikinci yeri tutmuşdu. 
Qeyd edək ki, Brilyant Məmmədli Gəncə musiqi kollecinin müəllimi Xatirə Usubovanın yetirməsidir. Hazırda Naftalan şəhərindəki musiqi məktəbində təhsil alır. Onun burada müəllimi Xatirə Qəmxarovadır. Məmmədlinin ailəsi ermənilər tərəfdən işğal olunmuş Xocalıdandır.
İsveçrə ilə əlaqələrimiz yalnız mədəniyyəd tədbirləri ilə məhdudlaşmır, həm də iqtisadi əlaqələrimiz genişlənir.

 

Xəbər xətti