Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması işlərinə başlanılıb

12:14 - 20 Oktyabr 2017 - Xəbər

Bu məqsədlə regional İşgüzar Forum keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Biləsuvarda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması işlərinə başlanılıb. Komitənin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, görüləcək işlərin mahiyyəti və nəticələrinin izahı, bununla əlaqədar aidiyyatı qurumların koordinasiyası ilə bağlı Biləsuvar rayonunda maarifləndirici regional İşgüzar Forum keçirilib. Tədbirdə Komitənin, rayon İcra Hakimiyyətinin, bələdiyyələrin, aidiyyəti dövlət qurumlarının nümayəndələri, torpaq və daşınmaz əmlak mülkiyyətçiləri, icarəçiləri, media nümayəndələri iştirak ediblər. 
Forumda Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri təqdimatla çıxış ediblər. Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 mart 2016-cı il tarixli  müvafiq Fərmanına əsasən Komitə ölkə üzrə torpaqların elektron kadastr uçotu məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin hazırlanması işlərini uğurla həyata keçirir. Biləsuvarda torpaqların elektron kadastr uçotu informasiya sisteminin qurulması ilə bağlı həyata keçiriləcək işlərin mahiyyəti, müddəti, vətəndaşlara izah olunub. Eyni zamanda rayonun əlaqədar qurumları ilə birgə qarşılıqlı əməkdaşlığın iş prinsipi müəyyən edilib.  
Qeyd edilib ki, rayonun torpaq ehtiyatlarına, geniş əkin sahələrinə malik olması burada səmərəli istifadəni şərtləndirir. Belə olan halda isə torpaqların elektron kadastr uçotu məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin hazırlanması işləri Biləsuvarda torpaq ehtiyatlarının idarə edilməsini daha da təkmilləşdirəcək. Bu işlərin nəticəsində Biləsuvarda torpaqların təyinatı və kateqoriyaları dəqiqləşəcək, torpaq mülkiyyətçiliyinin müəyyənləşməsinə imkan verəcək. Həmçinin istifadəçilər üçün torpaqların yerquruluşu qaydasında dəqiq sərhədləri bəlli olacaqdır. Bu isə öz növbəsində rayonun torpaq ehtiyatlarının istifadəsindən məqsədli gəlir əldə edilməsinə geniş imkanlar yaradacaq.. 
Bildirilib ki, artıq respublikanın 12 rayonunda elektron kadastr uçotu işlərinin məlumatlarına istinad etməklə bələdiyyə xəritələrinin hazırlanmasına başlanılıbdır. Bakı, Sumqayıt, Gəncə şəhərlərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib. Hazırda ümumi ərazisi 130 min hektar olan 53 rayon mərkəzi, ona bitişik şəhər və qəsəbələr üzrə elektron kadastr məlumat bazasının yaradılması, ərazinin rəqəmsal kadastr xəritəsinin tərtibi işləri davam edir. 2017-ci ildə 3 respublika tabeli şəhərdə və 14 kənd rayonunda torpaqların elektron uçota alınması işinin yekunlaşdırılması planlaşdırılır. 2020-ci ilədək isə ölkə ərazisinin bütün torpaqlarında kəmiyyət və keyfiyyət göstəricilərinə görə uçot işinin yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd edilib ki, Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemində torpaq sahələrinin həndəsi ölçüləri, sərhədləri, konfiqurasiyası, torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri düzgün müəyyənləşdirilərək əks olunur. Elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritələrinin yaradılması torpaqların elmi əsaslarla səmərəli istifadəsi ilə bağlı düzgün qərarların qəbulu üçün imkanlar yaradacaq. Bu sistemin məlumatlarına istinad etməklə torpaqla bağlı əsassız istifadə hallarının qarşısının alınması, torpaq ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi işi yeni mərhələyə keçəcək. Müasir bələdiyyə xəritələrinin hazırlanmasına nail olunacaq. Layihə çərçivəsində  torpaqların sənədlərdəki kadastr göstəriciləri ilə faktiki istifadə vəziyyətinə dair göstəricilər arasındakı uyğunsuzluqlar aradan qaldıracaq. Hər bir torpaq sahəsi və onun üzərindəki daşınmaz əmlaklar barəsində dəqiq məlumatların əldə edilməsi sonradan onların qeydiyyatı prosesini sadələşdirəcək. Bununla da vətəndaş məmnunluğu təmin ediləcək. Bu sistemin istismara verilməsi ölkədə kadastr xidmətlərinin də elektron müstəviyə keçirilməsinə imkan verəcəkdir. Sistem eyni zamanda bu sahədə əhaliyə göstərilən xidmət səviyyəsinin, habelə şəffaflığın və operativliyin daha da artırılmasına səbəb olacaq.
Torpaq uçotu işlərinin yekununda kənd təsərrüfatı istehsalatının ərazi üzrə düzgün planlaşdırılması, eroziya, sürüşmələr kimi proseslərin düzgün qiymətləndirilməsi, habelə torpaqların mənfi təsirlərdən qorunması məqsədi ilə layihələndirmə işlərinin aparılması üçün imkanlar yaradılacaqdır.

 

Xəbər xətti