“Səbrli olmaq və əsəbləşməmək uzunömürlülüyün bünövrəsidir”

18:51 - 19 Oktyabr 2017 - Cəmiyyət

Rəhim Muradov: “Sağlam olmaq üçün səhər hava işıqlaşmamış yuxudan durmaq lazımdır”

Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutu tərəfindən statistik məlumatlar əsasında Azərbaycanın demoqrafik (uzunömürlülük) xəritəsi hazırlanıb. İnstitutun direktoru Ulduz Həşimova bildirib ki, bu yaxınlarda yeni xəritə ictimaiyyətə təqdim ediləcək. Onun sözlərinə görə, xəritənin hazırlanması zamanı Azərbaycanın müəyyən bölgələrində uzunömürlülük populyasiyasının, fenomeninin doğrudan da mövcud olmasına dair maraqlı faktlar aşkarlanıb.
U.Həşimova qeyd edib ki, ölkədə uzunömürlülərlə bağlı belə tədqiqatlar ilk dəfə 1979-cu ildə aparılıb, ondan sonra belə tədqiqat olmayıb: “Keçmiş SSRİ Elmlər Akademiyası tərəfindən uzunömürlü insanların yaşadığı regionlar öyrənilmişdi. Bizim bu gün apardığımız tədqiqatlar əvvəllər alınan nəticələri bir daha təsdiqləyir. Yəni, müəyyən regionlarda uzunömürlülük fenomeni tarixən müşahidə olunur”.
U.Həşimova vurğulayıb ki, Azərbaycanın bəzi rayonlarında başqa regionlara nisbətən əhalinin orta ömür müddəti daha yüksəkdir. Belə regionlar arasında xüsusilə dağlıq zonalar üstünlük təşkil edir: “Uzunömürlüyün ən yüksək göstəriciləri Dağlıq Qarabağın ən yüksək dağlıq ərazisi olan Şuşa, Xocavənd, aran zonalarından Ağdam rayonunda müşahidə olunub. Həmin regionlardan olan insanlar müharibə stressini yaşasalar da, onların təbii potensialları bu gün məskunlaşdıqları ərazilərdə uzunömürlü həyat sürmələrinə şərait yaradır. Uzunömürlülüklə bağlı nisbətən aşağı göstəricilər cənub zonası, Azərbaycanın şimal-qərb bölgəsi, İsmayıllı rayonu ərazisi ilə bağlı qeydə alınıb. Sadalanan bölgələrdə insanlar kütləvi şəkildə 90 və ondan yuxarı yaşlara çatırlar. Belə insanlar aktiv həyat sürür, düzgün qidalanır və genetik potensial onların bu yaşa rahat çatmasına imkan yaradır”.
İnstitut direktoru əlavə edib ki, uzunömürlülüklə bağlı ən aşağı göstəricilər Abşeron ərazisində qeydə alınıb. U.Həşimovanın sözlərinə görə, bunun səbəbləri arasında ətraf mühitin çirklənməsi, qida rejimi, stress vəziyyətləri və digər amillər var.
Maraqlıdır, bəs uzunömürlülüklə bağlı təcrübə nə deyir? Necə etmək lazımdır ki, çox yaşayasan? Bununla bağlı suallarımızı 94 yaşı Muradov Rəhim Məmməd oğluna ünvanladıq. 10 övlad, 20 nəvə, 10 nəticə sahibi olan veteran R.Muradov 1923-cü il dekabr ayının 20-də anadan olub. Hazırda 94 yaşı olan Rəhim baba hər gün səhər hava işıqlaşmamış yuxudan qalxıb, həyət bacadakı işlərlə məşğul olduğunu deyir: “Həmişə sağlam olmaq, uzun ömür yaşamaq üçün birinci növbədə hərəkət etmək, ikincisi isə yaxşı yemək lazımdır. Çünki yeməksiz heç cür hərəkət etmək olmaz. Sağlamlıq nə deməkdir? Düzgün qidalanmaq. Bunu həmişə həkimlər də deyir. Süd, qatıq, pendir, şor - birinci növbədə bunları yemək lazımdır. Ət və digər məhsullar ikinci növbədədir.
Kənd təsərrüfatında olan şeyləri biz özümüz hazırlayırq, öz gözümüzlə görürük. Və yeməyimizdə onlardan istifadə edirik. Fiziki işlə çox məşğul olmaq lazımdır. Nə qədər çox fiziki işlə məşğul olsan o qədər sağlam qalacaqsan, o qədər çox yaşayacaqsan. Fiziki iş insana hərtərəfli köməkdir. Həm hərəkətdir, həm yeməkdir, həm də işləməkdir. Onun içində hər şey var”. 
Deyir ki, səhər tez oyanmaq da sağlamlıq üçün xeyirlidir: “Sağlam olmaq üçün səhər hava işıqlaşmamış, qaranlıqda yuxudan durmaq lazımdır. Çünki idmanı səhər tezdən edəndə xeyiri daha çox olur. Səhər tezdən idman etməyən adam gec eləməsə yaxşıdır. Mənim evimlə darvazamın arasında 100 metr yol var, hər gün səhər oranı beş dəfə gedib gəlsəm 500 metr edir. Bu qoca yaşımda səhərlər mənə bu qədər hərəkət bəsdir. "Səhər yuxudan tez duranlar axşam tez yatır" söhbəti isə boş söhbətdir. Axşamlar mən gec yatıram, saat 11-12-də. Axşamlar evdə söhbət edirik. Oğul-uşaqla, nəvəylə söhbət eləmək yaxşıdır, çox yatmaqdan bir şey çıxmır. Axşamlar həyətdə oturub təmiz hava qəbul edirəm”. 
Rəhim baba dedi ki, siqaret və içki kef və əyləncədir. Sağlamlıq üçün isə faciədir: “Bizdə elə şey yoxdur. Heç vaxt istifadə etməmişəm. Çünki onların sağlamlığa ziyanı çox böyükdür. Uşaqlıqdan siqaret, içki nə olan şeydir bilməmişəm. Onlara bu günədək əlimi belə vurmamışam, heç vurmayacam da. O pis adətlər bizdə heç vaxt olmayıb. Elə şeylərə pul xərcləmək lazım deyil, çünki insana onsuz da xeyri yoxdur, ancaq ziyanı var. Ziyanı olan şeyə niyə pul verək ki, ay bala? Onları ailəyə gətirmək lazım deyil. Çünki onu içmək və çəkmək heç kəsə yaramaz”.
Rəhim baba qeyd elədi ki, daha çox kənddə istehsal olunan məhsullarla qidalanır: “Meyvə-tərəvəz, göyərti, kənd məhsullarının hamısını buradan alıb istifadə edirik, özümüz əkib-becəririk. Duru yağlar sağlamlıq üçün daha xeyirlidir. Xüsusilə də, zeytun yağı çox yaxşı yağdır, çox təmizdir. İnək yağı istifadə edirik, ya da zeytun yağı”.
Rəhim baba bildirdi ki, sağlamlığın bir yolu da stressdən uzaq durmaqdan keçir: “Heç vaxt əsəbiləşmirəm. Axı əsəbiləşmək nəyə lazımdır ki? Hər şeyi sakit yolla, sülhlə həll etmək lazımdır. Əsəb bizlik deyil. Səbrli olmaq hər şeydən yaxşıdır. Səbrli olmaq və əsəbləşməmək sağlamlığın və uzunömürlülüyün bünövrəsidir. Səbrli olmasaz həyatda çox şeyi uduzarsız”.
Allah bütün qocalara uzun ömür və can sağlığı nəsib etsin!


Könül Əhmədova

Xəbər xətti