“Qripin hər il hansısa təzə növü yayılır”

18:38 - 19 Oktyabr 2017 - Cəmiyyət

Məlahət Abbasova: “Xəstəliklərlə mübarizə üçün payız  və yaz ayları girəndə mütləq immun sistemini qaldırmaq lazımdır”


Fəsil dəyişən zaman adətən insanlar arasında qrip virusu da yayılmağa başlayır. Əvvəllər qripə yanaşma adi olurdu, çünki çox adam normal həyatından ayrılmadan, ayaqüstü bu xəstəliyi keçirirdi. Amma ildən-ilə bir çox insanlar qripin daha kəskin xarakter aldığını deyirlər, “mən belə qrip birinci dəfədir görürəm” kimi fikirlər səsləndirirlər. Doğrudanmı, qrip kəskinləşib?
Mövzu ilə bağlı “Üç Nöqtə”yə açıqlama verən həkim-terapevt Məlahət Abbasova bildirdi ki, qrip virusu öz formasını dəyişmə qabiliyyətinə malikdir, hər il hansısa təzə növü yayılır: “Məsələn, elə bir növü var ki, ancaq ağciyəri zədələyir, elə növü də var ki, burun-boğazda olur. Elə virus var ki, heç burun-boğaz problemi olmur, yəni burun axmır, boğaz ağrımır, qarın problemi olur. Bu il daha çox qarınişləmə ilə təsadüf edilir. Uşaqlarda qarınişləmə, ürəkbulanma, halsızlıqla özünü büruzə verir. Qrip virusu öz motifikasiyasını dəyişmiş belə virusdur, hər dəfə təzə bir şeylə irəli çıxır”.

M.Abbasovanın sözlərinə görə, immun sistemi zəif olanlarda virusun təsiri daha çox olur: “İlk növbədə virusa qarşı mübarizə aparmaq yox, bədənin immun sistemini qaldırmaq lazımdır. Əgər bədənin immun sistemi yaxşı olursa, o virusun öhdəsindən müvəffəqiyyətlə gəlir. Amma, virusa yoluxdun, qızdırman qalıxdı, həkimlər antibiotik yazırlar. Bu xəstəliyə bəzən birtəhər baxırlar. Həkimlər antibiotiki ona görə yazırlar ki, virusun yaratdığı fəsadın qaşısını alsınlar. Yəni, bronxit, tonzillit, pnevmoniya kimi xəstəliklər olmasın deyə, antibakterial müalicələr təyin olunur”. 

Həkim bildirdi ki, ətrafında qrip olan insanlar, xüsusilə, uşaqlar, hamilə qadınlar və yaşlı insanlar mütləq maskadan istifadə eləməlidirlər: “Lap ailədə bir nəfərdə belə qrip olsa, maska taxılmalıdır. Çünki, qrip hava-damcı yolu ilə keçir. Məktəblərdə, bağçalarda, iş yerlərində, universitetlərdə və s. yerlərdə bir nəfər qrip gətirir və kollektivdə hər kəs qrip olur. Bədənin immun sistemini artıran təbii şirələrdən istifadə etmək lazımdır. Özünü ac saxlamaq olmaz, vaxtlı-vaxtında yemək və isti yeməklərdən istifadə etmək, bədəni isti saxlamaq lazımdır. Çünki, bədənin temperaturu düşəndə soyuqlama olur. Havalar  25-30 dərəcə istidən, 10-12 dərəcəyə düşdü. Bunun da nəticəsində qripə yoluxanların sayı artdı. Səbəb isə odur ki, bədən soyuqladı, immun sistemi düşdü. Ona görə də, qorunmaq lazımdır, isti olanda sərin geyinmək, soyuq olanda isti geyinmək lazımdır. Buna mütləq fikir verilməlidir. Çünki, bədənin temperaturunun da əhəmiyyəti var”.

M.Abbasovanın sözlərinə görə, qripə qətiyyən məsuliyyətsiz yanaşmaq olmaz: “Çünki, qripin yaratdığı fəsadlar çox kəskin olur. Əgər kimsə qrip virusuna tutulursa, o mütləq kollektivdən ayrılmalıdır. Ən azı üç gün evdə, yataq şəraitində qalmalıdır. Belə ki, yaxşı qulluq olunsun, dava-dərmanını içsin. Tam sağalandan sonra işə çıxmalıdır. Əgər kollektivə xəstə halda gəlirsə və özünü də müalicə etdirmirsə, xəstəlik proqressivləşir. Bronxit, pnevmoniya, böyrəklərin iltihabı və sairə kimi xəstəliklər yaradır ki, onları müalicə etmək daha çox çəkir. Amma vaxtında üç gün evdə yatsa, onun fəsadı olmur və fəsadsız ötüşür”. 

M.Abbasova əlavə etdi ki, xəstəliklərlə mübarizə üçün payız  və yaz ayları girəndə mütləq immun sistemini qaldırmaq lazımdır: “Yay vaxtı biz günəş şüası alırıq, dənizə gedirik, istirahətdə oluruq. Amma payızın gəlişi və soyuqların düşməsi ilə, necə olur-olsun xəstələnirik. Xəstələnməmək üçün qida rejiminə diqqət yetirmək və əsasən ev yeməkləri ilə qidalanmaq çox vacibdir. “Fast-food”lardan istifadə etməməyə çalışmaq lazımdır ki, bədənin immun sistemi düşməsin. Şirə dedikdə marketlərdə olan uzun müddətli vaxtı olan şirələrdən yox, ev şəraitində hazırlanmış meyvə şirələri və kompotlardan istifadə etmək lazımdır. Marketlərdəki şirələri içməkdənsə, içməmək yaxşıdır. Çox qida rejiminə tərəvəzləri  əlavə etmək, çuğundur və kök salatı yemək lazımdır”. 


Könül Əhmədova

Xəbər xətti