Əddis-Əbəbə şəhərində Azərbaycanın milli mətbəx günləri keçirilir

10:31 - 19 Oktyabr 2017 - Xəbər

Afrika İttifaqına ev sahibliyi edən və Afrika qitəsinin siyasi paytaxtı hesab olunan Efiopiyanın Əddis-Əbəbə şəhərində ilk dəfə olaraq Azərbaycanın milli mətbəx günləri keçirilir. Tədbir Azərbaycan Respublikasının Milli Müstəqillik Gününə və Azərbaycan Respublikası ilə Efiopiya Federativ Demokratik Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illik yubileyinə həsr olunur. Milli mətbəx günləri Əddis-Əbəbənin tanınmış “Radisson Blu” mehmanxanasında təşkil olunub.
Azərbaycan Respublikasının Efiopiyadakı səfiri Elman Abdullayev, “Radisson Blu” mehmanxanasının Baş direktoru Hans Peter və Azərbaycandan gələn kulinar İmran Alıyev mətbuat konfransı çərçivəsində Azərbaycan və onun tarixi, adət-ənənələri, mətbəxi haqqında jurnalistlərin  çoxsaylı suallarını cavablandırıblar.
Mətbuat konfransından sonra tədbirin açılış mərasimində çıxış edən səfir Elman Abdullayev ölkəmizin qədim tarixi və mədəniyyəti barədə ətraflı məlumat verərək, mətbəx günlərinin iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafı, xalqların bir-birini daha yaxından tanımasına xidmət etdiyini vurğulayıb. Səfir E.Abdullayev mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycanın tarixən formalaşan zəngin milli mətbəxinin öz təkrarolunmaz müxtəlifliyi ilə seçildiyini qeyd edib.

“Radisson Blu” mehmanxanasının baş direktoru ilk dəfə Azərbaycan milli mətbəx günlərinin məhz bu mehmanxanada təşkil edildiyinə görə şərəf duyduğunu qeyd edərək, mehmanxananın qonaqlarına Azərbaycanın milli mətbəxinin tarixi, fəlsəfəsi və əsasları barədə geniş məlumat əldə etmək imkanı yaradacağını vurğulayıb.

Tədbirdə Əddis-Əbəbədə akkreditə olunmuş səfirlər, diplomatlar, Afrika İttifaqının nümayəndələri, Efiopiya rəsmiləri, yerli media nümayəndələri və Azərbaycanın ali təhsil müəssisələrini bitirmiş efiopiyalı məzunlar iştirak ediblər. Tədbir zamanı qonaqlara Azərbaycanın süfrə mədəniyyəti, qonaqpərvərliyi və ənənələri barədə video çarxlar nümayiş etdirilib. Tədbir Efiopiyanın yerli mətbuatı tərəfindən geniş işıqlandırılır.


Xəbər xətti