Politoloq : "Rusiya təcavüzkar Ermənistana birtərəfli qaydada həmişə belə yardımlar edib"

10:17 - 18 Oktyabr 2017 - SİYASƏT

"Ermənistana hərbi yardım etməklə Rusiya ATƏT-in həmsədri olaraq, beynəlxalq öhdəlikləri pozur"

Rusiya Ermənistana növbəti hərbi yardımı ayırmaqla beynəlxalq öhdəliklərini pozur. Ucnoqta.az xəbər verir ki, bunu Axar.az-a Rusiyanın İrəvana 100 milyon dollar həcmində hərbi kredit verməsini şərh edən politoloq Rufiz Qonaqov deyib.
Ekspert bildirib ki, Rusiya təcavüzkar Ermənistana birtərəfli qaydada həmişə belə yardımlar edib:
“Bakı-Moskva münasibətlərinin çox yüksək səviyyədə inkişaf etdiyi bir vaxtda Rusiyanın Ermənistana 100 milyonluq hərbi yardım ayırması yolverilməz bir haldır. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir və Ermənistana növbəti hərbi yardımı ayırmaqla beynəlxalq öhdəliklərini pozur. Moskva münaqişə tərəfinin birinə hərtərəfli yardım göstərməklə birtərəflilik tələbinə əməl etmədiyini açıq-aydın göstərir. Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanla olan dostluq, qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə zidddir. Rusiya bu addımla əslində Dağlıq Qarabağ münaqişəsinin həllində heç də bitərəf olmadığını, daha çox ermənilərin maraqlarına uyğun hərəkət etdiyini göstərmiş oldu. Düzdür, Azərbaycan da Rusiya və başqa ölkələrdən silah alır. Lakin Azərbaycan hansısa dövlətin ərazisini işğal etməyib və bu silahları özünü müdafiə məqsədilə alır. Ancaq Ermənistan işğalçı ölkədir və Rusiyadan sözügedən silahları almaq üçün heç bir iqtisadi imkana sahib deyil. Aydındır ki, İrəvanın aldığı bu silahlar ilk növbədə Azərbaycana yönəlib. Bu isə Cənubi Qafqaz və bütövlükdə təhlükəsizliyimiz üçün çox böyük təhdiddir. Faktiki olaraq Ermənistanın terrorçu bir ölkə olduğu dünyada sübut olunub. Bu baxımdan Rusiyanın terrorçu bir ölkəyə dayaq durması, hərbi dəstək verməsi onun bitərəf mövqeyinə birbaşa zərbədir”.
Qeyd edək ki, Rusiya İrəvana 100 milyon dollar həcmində müdafiə krediti ayırmaqla bağlı qərar verib. Kredit 15 il müddətinə illik 3%-lə verilir. Onun istifadə müddəti 2018-2022-ci illər arasında olacaq.
Rusiya bundan öncə Ermənistana eyni qaydada 200 milyon dollarlıq hərbi kredit vermişdi.

Xəbər xətti