Cari ilin 9 ayında qanunsuz ovla məşğul olan 110 nəfər saxlanılıb

12:39 - 17 Oktyabr 2017 - Cəmiyyət

  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, respublika ərazisində çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir.  ETSN-dən verilən məlumata görə, 2017-ci ilin 9 ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 110 vətəndaş saxlanılıb, onlardan 90 ov tüfəngi, 396 patron, 22 ədəd quş və 10 baş heyvan götürülüb.
Qanun pozucuları barəsində protokollar tərtib edilərək 98 nəfərə 95 790 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub, 13 fakt üzrə isə təqsirkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.
Eyni zamanda cari ilin ötən dövrü ərzində keçirilən reydlər zamanı ayrı-ayrı ictimai-iaşə obyektlərində vəhşi təbiətdən qanunsuz götürülən quş və heyvanların qeyri-sərbəst şəraitdə, qəfəsdə saxlanılması ilə bağlı 8 fakt aşkarlanıb.
Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilərək hər biri inzibati qaydada 500 manat məbləğində cərimələnib, vəhşi quş və heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib. 

Xəbər xətti