"Hər il Xocalıyla bağlı müxtəlif tədbirlərimiz olur"

18:42 - 16 Oktyabr 2017 - KİVDF

Cəvahir Əhmədova: " Qarabağ münaqişəsi və onun nəticələri barədə işlər aparır, dünya ictimaiyyətini Azərbaycanın problemlərinə biganə qalmamağa çağırırıq"


Azərbaycanın dünyanın bir çox ölkələrində  diaspora təşkilatları fəaliyyət göstərir. Türkiyədə fəaliyyət göstərən diaspora təşkilatlarımız xüsusilə seçilir. Bu təşkilatlardan biri Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasıdır. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası 2004-cü  ildə Kocaelidə təsis edilib. Federasiyanın fəaliyyəti nəticəsində demək olar ki, Kocaeli ictimaiyyəti Azərbaycanın dostluğu, qardaşlığı, tarixi əlaqələrinə yaxşı bələddir. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının fəaliyyəti nəticəsində 2010-cu il Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Kartəpə bələdiyyəsində Heydər Əliyev parkı açılıb. 2011-ci il noyabrın 29-da isə Perincedə başqa bir park istifadəyə verilib. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri barədə də işlər aparır, dünya ictimaiyyətini Azərbaycanın problemlərinə biganə qalmamağa çağırır. Bu istiqamətdə aparılan səylər nəticəsində Federasiya Balıkesir bələdiyyəsi tərəfindən ermənilərin Xocalıda törətdiyi vəhşiliklərin soyqırım kimi tanınması barədə qərarın qəbuluna nail olub. İzmirdə də bu istiqamətdə çox işlər görülüb. "Hər il Xocalıyla bağlı müxtəlif tədbirlərimiz olur. Gücümüz yetdiyi qədər təşkil etdiyimiz tədbirlərə İzmirdə yaşayan millətləri cəlb eləmək istəyirik. Onlara Qarabağ, Xocalı gerçəklərini anladırıq. Məsələn, Xocalı qətliamının ildönümü münasibətilə “Xocalı Soyqırımı” adlı konfrans  keçirdik. Azərbaycandan gǝlǝn millǝt vǝkili Aqil Abbasın da məruzəçi kimi iştirak etdiyi konfransa, Bayraqlı bələdiyyəsinin sədri Həsən Qarabağ və çox sayda qeyri-hökumǝt tǝşkilatının nümayəndəlǝri qatıldılar. Mən Xocalı qətliamına şahid olaraq baş verənlər haqqında danışdım.
Bu arada İzmirdǝ Bornova bǝlǝdiyyǝsi, Karacaoğlan mǝhǝllǝsindǝ yerlǝşǝn park tamamilǝ yenilǝnǝrǝk “Azǝrbaycan Dostluq Parkı” adıyla vǝtǝndaşların istifadǝsinǝ verilib. İzmir Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Mülazim Pahşanın ideyası ilə Xocalı qǝtliamında hǝyatlarını itirǝnlǝrin xatirǝsinǝ “Xocalı Şǝhidlǝri Abidǝsi” qoyulub. Bu abidənin açılışı Bornova bələdiyyəsi və İzmir Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə oldu.
Dərnəyimizin hesabına bir tamaşa hazırladıq. Xocalıda əsir düşmüş bir qadının ermənilər tərəfindən başına açılan müsibətlər göstərilir. Bu qadını səhnədə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmiş Vüsalə Gülməmmədova canlandırdı. Əsərin rejissoru isə həmin universiteti bitirmiş Roza İbadovadır", - Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının üzvü, Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin sədri Cəvahir Əhmədova deyib.
Onun sözlərinə görə, bu ideya hamının fikri olub. "İnanın, qızlarımız bu əsərə çox əmək sərf edirlər. Çox ağır bir əsərdir. Onların psixoloji durumunu özünüz təsəvvür edin. İnanın, çox gözəl bir tamaşa ilə insanlara Xocalı hadisələrini anladacaqlar.
Onu da deyim ki, qadını canlandıran Vüsalə xanım əslən Qarabağlıdır. Roza xanımın da atası Qarabağ qazisidir".

Cəvahir Əhmədova deyib ki, bu il İzmir şəhərinin Qarabağlar rayonunda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı “Xocalı parkı”nın və “Xocalı abidə”sinin açılışı oldu. İzmirin Karabağlar Bələdiyyəsinin sədri Muhittin Səlvitopu tədbirdən əvvəl Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının üzvləri, Milli Məclisin deputatı Qənirə Paşayeva ilə görüşüb. Görüşdə Xocalı faciəsinin unudulmaması üçün İzmirin ən yüksək səmtlərindən birində “Azərbaycan Qarabağ Xocalı parkı”nı açdıqlarını deyən bələdiyyə sədri qonaqlarla bərabər parkda təşkil olunmuş tədbirə qatılıb. Dağlıq Qarabağ vilayətinin sakinlərinin də qatıldığı tədbirdə əvvəlcə Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndikdən sonra “Xocalı soyqırımı” sənədli filmi nümayiş olunub. Filmdə Xocalıda ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşi cinayət ekranlara gətirilib. Karabağlar Bələdiyyəsinin rəhbəri Muhittin Səlvitopu Azərbaycan türkləri və Dost Dərnəklər Federasiyasının təşəbbüsü ilə Xocalı qurbanlarını canlandıran abidənin İzmirin ən yüksək zirvəsinə qoyulduğunu bildirib: "Bu park və abidə sayəsinə izmirlilər Xocalını bir gün deyil, hər gün xatırlayacaqlar”.

Azərbaycan türkləri və Dost Dərnəklər Federasiyasının sədri İsa Ambarcı Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşatmaq məqsədilə Xocalı parkının açılması ilə bağlı fəaliyyətə bir il əvvəl başlanıldığını və bu işin Xocalını yaddaşlardan silməyə çalışanlara tarix dərs olacağını dilə gətirib. Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev də Xocalı faciəsinin unudulmaması üçün İzmir bələdiyyələrinin verdiyi dəstəyin təqdirəlayiq olduğunu, bu ənənənin davam etməsi üçün diasporanın çalışacağını deyib.
Abidənin və parkın açılışında əhəmiyyətli rolu olan Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev də Xocalının anım günündə belə bir işin ortaya qoyulmasını böyük uğur adlandırıb. Millət vəkili Qənirə Paşayeva Xocalıda yaşanan zülmləri tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Bələdiyyə sədri Muhittin Səlvitopu qonaqlarla bərabər Karabağların Salih Omurtak məhəlləsində yerləşən “Azərbaycaqan Qarabağ Xocalı parkı"ndakı abidənin açılışını reallaşdırıblar. Xocalı faciəsi haqqında tarixi məlumat və öldürülmüş körpəsini başı üstünə qaldıraraq fəryad edən ananın təsvir olunduğu qara mərmərdən hazırlanmış abidənin önünə qərənfillər qoyulub.
İzmirdə Xocalı soyqırımının qurbanlarının yad edildiyi digər bir ünvan ötən il Xocalı faciəsinin anım günü açılışı reallaşan Bornova rayonundakı “Azərbaycan Dostluq Parkı” və bu parkdakı “Xocalı soyqırımı” abidəsi olub. Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, Bornova bələdiyyəsinin rəhbəri Olgun Atilla, diaspor təşkilatları, ictimayyət nümayəndələri və yerli sakinlərin iştirak etdiyi tədbirdə Xocalı faciəsinin qurbanlarının ruhuna dualar oxunub, abidə önünə qərənfillər qoyulub.
 Azərbaycan diaspora təşkilatlarının nümayəndələri  Izmirin digər rayonlarının rəhbərləri ilə də tez görüşür. Məcələn, bu yaxınlarda  Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Türkləri Dost Dərnəklər Federasiyasının nümayəndələri İzmirin Karşıyaka bələdiyyəsinin sədri Hüseyin Mutlu Akpınar ilə görüşüb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə federasiyanın fəaliyyəti və planları barədə bələdiyyə sədrinə məlumat verilib. Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, Xocalı soyqırımını İzmirdə daha geniş təbliğ etmək təşkilatın əsas hədəflərindən biridir. Xocalı qurbanlarının xatirəsini yaşatmaq məqsədilə H.M.Akpınardan bələdiyyə ərazisində hər hansı parka, təsisata və ya bir küçəyə Xocalı adı verilməsi təklif olunub. Azərbaycan Türkləri Dost Dərnəklər Federasiyasının təklifini müsbət qarşılayan bələdiyyə sədri məsələ ilə bağlı müvafiq göstərişlər verəcəyini diqqətə çatıdırıb. Azərbaycanla Türkiyənin bir millət, iki dövlət olmasını xatırladan H.M.Akpınar Qarabağ həqiqətlərinin təbliği, eləcə də digər istiqamətlərdə Azərbaycan Türkləri Dost Dərnəklər Federasiyasına dəstək olacaqlarını bildirib.
Görüşdə Federasiyanın sədri İsa Ambarcı, onun müavini Murat Çifçi, təşkilatın nümayəndələri Mehmet Ali Kalafat, Orhan Akyıldırım, jurnalist Nigar Ögeday, təhsil üzrə mütəxəssis Özay Demir Arsel və rəssam Gülnarə Muxtarova Pamuk iştirak edib.

(ardı var)

Xəbər xətti