Fransalı senator: "Azərbaycan Ermənistana silah tədarükünün beynəlxalq araşdırmasını tələb edə bilər"

09:49 - 16 Oktyabr 2017 - Xəbər

Rusiya tərəfindən Ermənistana silahların verilməsi Cənubi Qafqazda etimadın pozulmasıdır. Bunu Trend-ə fransalı senator, Senatın xarici işlər üzrə komitəsinin sədr müavini Natali Qule deyib. N.Qule bildirib: "Bu həmçinin, Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi mövqeyinin pozulmasıdır".

Fransız senator vurğulayıb ki, bölgənin sülh və təhlükəsizliyə ehtiyacı var: "Cənubi Qafqazda bizə yeni bir cəbhə lazım deyil. Biz etimad yaratmalıyıq. Bizə xarici müdaxilələr lazım deyil".

N.Qule qeyd edib ki, Azərbaycan BMT və ATƏT-dən Ermənistana silahların verilməsi ilə bağlı beynəlxalq araşdırma tələb edə bilər.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketi təsdiq edilib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.

Xəbər xətti