Çin ölkəmizin suverenliyi və ərazi bütövlüyünə dəstək verdiyini dəfələrlə təsdiqləyib

18:16 - 13 Oktyabr 2017 - KİVDF

Qarşılıqlı olaraq keçirilən mədəni tədbirlər xalqların bir-biri haqqında daha çox məlumat almasına, bir-birinin tarixinə, mədəniyyətinə yaxından bələd olmasına xidmət edir

 Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub. ÇXR 1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub. 1992-ci ilin avqust ayında ÇXR-in Azərbaycan Respublikasında səfirliyi açılıb. 1993-cü ilin dekabr ayının 1-də isə ilk səfir təyin edilib. Milli Məclisin qərarı ilə 1993-cü il 3 sentyabrda Azərbaycan Respublikasının Çin Xalq Respublikasında  səfirliyinin açılmasını qərarlaşdırıb. Hazırda Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. İki ölkə arasında rəsmi şəxslərinin qarşılıqlı səfərləri diplomatik əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edib. Beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərindən biri kimi sərhədlərin toxunulmazlığını əsas tutan Çin ölkəmizin suverenliyi və ərazi bütövlüyünə dəstək verdiyini dəfələrlə təsdiqləyib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib, Azərbaycanın, habelə beynəlxalq ictimaiyyətin bu istiqamətdə göstərdiyi səyləri dəstəkləyib və bu dəstəyi davam etdirməkdədir. Bəli, bu gün Çin və Azərbaycan yaxın və tərəfdaş ölkələrdir.Bunu Çinin Azərbaycandakı səfiri Vey Cinhua deyib. 
25 il əvvəl Azərbaycan və Çin arasında diplomatik əlaqələrin təməlinin qoyulduğunu xatırladan səfir bildirib ki, hər iki ölkə başçılarının apardığı qarşılıqlı siyasət nəticəsində ikitərəfli münasibətlər durmadan inkişaf edir: “İqtisadi, ticarət sahəsində münasibətlər davamlı şəkildə genişlənir. Çin iqtisadi sahənin inkişafına dəstək üçün Azərbaycana 11 milyon ABŞ dolları dəyərində İKT avadanlıqları təqdim edib və bu, Azərbaycana dərin hörmətin  təzahürüdür”. Səfir bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında azərbaycanlı sahibkarlar yaxından iştirak edir. Onların sayəsində bu gün iki ölkə arasında iqtisadi əlaqələr artan temp üzrə davam edir. Onun sözlərinə görə, Azərbaycanın sənaye istehsalında, texnoparkların yaradılmasında, informasiya-kommunikasiya texnologiyaları sahəsində, investisiya qoyuluşu, kənd təsərrüfatı, turizm sektorunda əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial var. Çin şirkətləri ilə bu istiqamətdə əməkdaşlığın qurulması mühüm nəticələr verə bilər. Cin tərəfindən irəli sürülən qədim İpək Yolu üzrə iqtisadi zolağın yaradılması təşəbbüsü Azərbaycan tərəfindən də dəstəklənir. Çin mallarının ölkəmizdən Türkiyəyə, oradan da Avropaya çıxarılmasında respublikamız əlverişli coğrafi mövqeyə, infrastruktur imkanlarına malikdir. 
Prezident İlham Əliyevin Çinə dövlət səfərinin yekunları göstərdi ki ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə, eləcə də beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq mövcuddur və bu əlaqələri daha da inkişaf etdirmək üçün geniş potensial var. Əminliklə demək olar ki, Azərbaycan-Çin arasındakı dostluq əlaqələri daha da möhkəmlənəcək və ölkələrimizin gələcək rifahına xidmət edəcək".
Səfir Azərbaycan və Çin arasında hər sahədə, eləcə də təhsil və kənd təsərrüfatı sahələrində dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə inamını ifadə edib: “İkitərəfli münasibətlərin daha da dərinləşməsini arzu edirəm”
Azərbaycanın Cindəki səfiri də iki ölkə əlaqələrini yüksək qiymətləndirib. Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı bildirib ki, Azərbaycan daxili və xarici siyasətindəki stabilliyə, iqtisadiyyatının gücünə, dinamik inkişafına görə bu gün yerləşdiyi bölgənin ən nüfuzlu ölkələrindən biridir. Azərbaycanın həyata keçirdiyi müstəqil və ardıcıl daxili və xarici siyasət, ona beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazandırıb. "Azərbaycanda bütün sahələrdə müşahidə edilən inkişaf dünyanın müxtəlif ölkələri ilə əməkdaşlıq etməyə imkan yaradır. Azərbaycan Çinlə əlaqələrinə böyük əhəmiyyət verir və əlaqələri bütün sahələrdə inkişaf etdirməkdə maraqlıdır. Azərbaycan Çinin təşəbbüsü olan “Bir Kəmər, Bir Yol” təşəbbüsünü dəstəkləyir və bu çərçivədə əməkdaşlıq etməkdə əzimlidir. Azərbaycanda son illər ərzində reallaşdırılan iri infrastruktur layihələri ölkəmizin sözügedən təşəbbüsün əsas iştirakçılarından biri olmasına bütün müvafiq şəraiti yaradır. Bakı-Tbilisi-Qars, Şimal-Cənub kimi böyük nəqliyyat layihələri, eləcə də Xəzər Dənizində ən böyük liman olacaq Bakı Ələt Beynəlxalq Dəniz Limanının istifadəyə verilməsi ilə Azərbaycanın nəqliyyat imkanları böyük dərəcədə artacaq və bununla da ölkəmizin Çinlə “Bir Kəmər, Bir Yol” layihəsi çərçivəsində iri iqtisadi və nəqliyyat layihələrini həyata keçirməsi üçün yeni imkanlar yaradacaq. “Bir Kəmər, Bir Yol” layihəsinin ölkələr arasında iqtisadi əməkdaşlıqla yanaşı, humanitar sahədə də əlaqələrin inkişafına töhfə verəcəyini nəzərə alaraq, tarixi hələ Qədim İpək Yoluna qədər uzanan əlaqələrimizin bu gün turizm sahəsində də genişləndirilməsi üçün gözəl şərait mövcuddur. Qədim İpək Yolunun ən önəmli məntəqələrindən biri kimi Azərbaycan öz qədim tarixi, zəngin mədəniyyəti, füsunkar təbiəti və önəmli abidələri baxımından bu gün yerləşdiyi bölgənin ən çox turist qəbul edən ölkələrindəndir". Səfirin sözlərinə görə, biz istəyirik ki, ölkəmizi daha çox çinli turist ziyarət etsin. "Bildirmək istərdim ki, keçən ay Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin Çinə işgüzar səfəri çərçivəsində çinli həmkarı ilə turizm sahəsində əməkdaşlığın gələcək inkişafı imkanları ətrafında müzakirələr aparıb. Hazırda biz qrup şəklində turistlərin səfərlərinin təşkil edilməsinə dair qurumlararası sənədin üzərində işləyirik. İnanıram ki, sözügedən sənədin imzalanması ilə yaxın gələcəkdə daha çox çinli turist ölkəmizi ziyarət edəcək və bununla da xalqlarımız bir-birinə bir qədər də yaxınlaşacaq. Nəqliyyat və turizmlə yanaşı enerji, kənd təsərrüfatı, yüksək texnologiyalar, təhsil və mədəniyyət sahələrində də əməkdaşlıq üçün geniş imkanlar var. Son illər ərzində Azərbaycan Hökumətinin həyata keçirdiyi ciddi iqtisadi islahatlar nəticəsində bu gün ölkəmizdə yüksək keyfiyyətli rəqabətqabiliyyətli məhsullar istehsal olunur. Düşünürəm ki, Azərbaycanda “Made in Azerbaijan” brendi ilə istehsal olunmuş yüksək keyfiyyətli məhsullar Çin bazarında böyük maraqla qarşılana bilər. Bu baxımdan Azərbaycan məhsullarının Çin bazarına çıxarılması istiqamətində çalışmaq prioritetlərimiz sırasındadır. Təbiidir ki, biz Çinlə iqtisadi əlaqələrimizi genişləndirərkən, humanitar sahədə də əməkdaşlığın inkişafını diqqət mərkəzində saxlamalıyıq. Bu baxımdan xalqlarımızın bir-birinə daha da yaxınlaşması üçün mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi olduqca əhəmiyyətlidir. Azərbaycan və Çin qədim tarixə və mədəniyyətə malik ölkələrdir və hesab edirəm ki, hər iki ölkədə qarşılıqlı olaraq keçiriləcək mədəni tədbirlər xalqların bir-biri haqqında daha çox məlumat almasına, bir-birinin tarixinə, mədəniyyətinə və adət ənənələrinə daha da yaxından bələd olmasına xidmət edə bilər". 
Oktyabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə səfərdə olan Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) nümayəndə heyəti ilə görüşü də buna xidmət edir. AMEA-dan bildiriblər ki, görüşdə İ.Həbibbəyli Azərbaycan-Çin elmi əlaqələrinin müasir inkişaf istiqamətlərindən danışıb. Ölkələrimiz arasında əlaqələrin dinamik inkişaf etdiyini vurğulayan akademik Çindən Azərbaycana tez-tez müxtəlif elm sahələri nümayəndələrinin səfərlərinin təşkil olunduğunu və elmi əməkdaşlığın genişləndiyini diqqətə çatdırıb. İ.Həbibbəyli bu yaxınlarda ÇİEA prezidentinin rəhbərliyi ilə böyük nümayəndə heyətinin AMEA-nın qonağı olduğunu, birgə tədbirlərin keçirildiyini və hərtərəfli müzakirələrin aparıldığını xatırladıb. O, iki ölkə arasındakı elmi münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
ÇİEA-nın Rusiya və Şərqi Avropa tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Vanq Xiaoju qonaqpərvərliyə görə AMEA-nın rəhbərliyinə minnətdarlığını bildirib. Azərbaycan ilə bağlı təəssüratlarını bölüşən qonaq deyib ki, səfər çərçivəsində maraqlı elmi konfrans keçirilib və Azərbaycan-Çin əməkdaşlığının geosiyasi aspektləri müzakirə olunub.
Göründüyü kimi iki ölkə arasında əlaqələrin inkişafında hər iki ölkənin lobiçilik fəaliyyəti öz nəticələrini verir.

Xəbər xətti