Azərbaycan - Türkiyə əlaqələrinin tarixi və milli-mənəvi kökləri bir-biri ilə qırılmaz surətdə bağlıdir

18:37 - 12 Oktyabr 2017 - KİVDF

Tariximiz, milli köklərimiz, adət və ənənələrimizin hamısı bizi birbirimizə sıx bağlayıb

 Sovet İttifaqının dağılması, beynəlxalq səhnədə siyasi vəziyyətin və qüvvələr nisbətinin köklü şəkildə dəyişməsi, bütün postsovet məkanında yeni müstəqil dövlətlərin yaranması ilə nəticələndi. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra ölkəmizin qarşısında milli dövlət maraqlarına maksimum cavab verən çoxşaxəli, mürəkkəb xarici siyasət doktrinası formalaşdırmaq vəzifəsi meydana çıxdı. Bunu tədqiqatçı alim Firəngiz Hüseynova deyib. Onun sözlərinə görə, bu vəzifələrdən biri də xarici ölkələrdə diaspora təşkilatlarının yaradılması, onların Azərbaycanla əlaqələrinin möhkəmləndirilməsi və Azərbaycan həqiqətlərinin xaricdə təbliğində əlaqəli fəaliyyətini təşkil etmək idi. Xüsusilə türkdilli ölkələrlə əlaqələrin inkişafı günün tələbi idi. Azərbaycan Türkiyə ilə əlaqələrə önəm verirdi. Çünki Azərbaycan - Türkiyə mədəni əlaqələrinin tarixi və milli-mənəvi kökləri bir-biri ilə qırılmaz surətdə bağlı olan bir sıra amillərlə şərtlənirdi. Etnik, tarixi, milli-mənəvi və ictimai-siyasi təməllərə söykənən bu qardaşlıq bağlırı çox qədim və zəngin ənənə üzərində qurulmuşdur. Bu barədə Firəngiz Hüseynova deyib ki, mstəqilliyimizin bərpasından sonra iki ölkə arasında elmi-mədəni əməkdaşlığın bütün sahələrində bir canlanma oldu. “Türkiyə ilə Azərbaycan arasında əlaqələrin böyük tarixi var. Biz kökü bir olan xalqıq. Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir. Əsrlər boyu xalqlarımız bir-birinə oxşayan, yaxud azca fərqlənən adət və ənənələrini, mədəniyyət və elmini qoruyub saxlamış və inkişaf etdirmişdir. Əsrlər boyu xalqlarımız bir olmuş, çiyin-çiyinə vermişlər. Azərbaycan ilə Türkiyə arasında əlaqələri dostluq, qardaşlıq əlaqələri adlandırmışlar. Bu əlaqələr bir xalqdan, bir kökdən gələn xalqların əlaqələridir. Bu, keçmişdə də belə olmuşdur və əlaqə saxlamağa imkanımız olmadığı vaxtlarda da qəlbimizdə məhz belə olmuşdur, indi də belə olaraq qalır. Ona görə də tariximiz, milli köklərimiz, adət və ənənələrimizin hamısı bizi birbirimizə sıx bağlayıbdır. Əsrlər boyu tarixin bütün mərhələlərində bizi bir-birimizdən çox ayırmağa çalışsalar da, buna müvəffəq olmamışlar. Odur ki, bundan sonra da heç bir qüvvə bizi bir-birimizdən ayıra bilməyəcəkdir”,- ümummilli lider Heydər Əliyev deyirdi. Azərbaycan-Türkiyə mədəni əlaqələrinə böyük töhfələr bəxş etmiş Heydər Əliyev bildirirdi ki, “Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir... Biz bütün imkanlardan istifadə etməliyik ki, mədəni-humanitar və digər əlaqələr lazımı səviyyədə inkişaf etdirilsin... Türk xalqı ilə Azərbaycan xalqının tarixində, milli ənənələrində, mədəniyyətində çox oxşarlıq var... Ona görə də Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin sıx olması təbii bir haldır”.
Qeyd edək ki, bu gün əsası Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən Azərbaycan-Türkiyə iqtisadi-siyasi.mədəni əlaqələri daha yüksək templə inkişaf etməkdədir, bunu son vaxtlarda dövlət və hökumət rəhbərləri səviyyəsində, cəmiyyətlər və diasporalar əməkdaşlığında qeyd edilən tədbirlər də təsdiqləyir. Məsələn, Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Əli Rəsul Usul Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin “Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” mövzusunda təşkil etdiyi beynəlxalq konfransda bildirib ki, şərqlə qərb, Avropa ilə Asiya arasında yerləşən Azərbaycan möcüzəsi Türkiyəni sevindirir: “Ərazisinin bir hissəsi işğal altında olmasına baxmayaraq, Azərbaycan böyük uğurlar qazanıb. Azərbaycan yaxşı fəaliyyət göstərən demokratik strukturlara malikdir. Azərbaycan türkləri ilk dəfə 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə cümhuriyyət yaratmağa nail olublar”. 
Ə. R. Usul qeyd edib ki, Türkiyə Azərbaycanla münasibətlərə böyük önəm verir, “bir millət, iki dövlət” prinsipi ilə münasibətlər qurulub: “Daha güclü Azərbaycan daha güclü Türkiyə deməkdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və 7 rayonunu işğal edib. Türkiyə Azərbaycanın haqq işini dəstəkləyir. Türkiyə və Azərbaycan regionda sabitliyə nail olmağa çalışır və bu münasibətlərdən qonşu dövlətlər də yararlanır. Atatürk “yurdda sülh, cahanda sülh” şüarı ilə çıxış edib. Hesab edirəm ki, Azərbaycan da bu prinsipi bölüşür. Ermənistanın təcavüzünə baxmayaraq, Azərbaycan münaqişənin diplomatik yolla həllini dəstəkləyir. Eyni zamanda, Azərbaycan güclü ordu yaratmağa nail olub. Rusiya və İranla da yaxşı münasibətlər qurub. Azərbaycan dünyəvi ölkədir, mötədil inkişafın tərəfdarıdır. Türkiyə və Azərbaycan Avrasiyada təhlükəsizlik mənbələridir və bu, qlobal siyasət üçün faydalıdır, qlobal gərginliyin qarşısını alır. Azərbaycan və Türkiyə böyük dövlətlər arasında gərginliyin azaldılmasına xidmət edə bilər”.
O, iki ölkə arasında iqtisadi əlaqələrin siyasi əlaqələrin səviyyəsindən müəyyən qədər geri qaldığını vurğulayıb: “İqtisadi, siyasi, elmi əməkdaşlığı təşviq etməliyik. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. Azərbaycan 25 il ərzində Avrasiyanın mərkəzində parlayan bir ulduza çevrilib və gələcəyi də parlaqdır. Türkiyə və Azərbaycanın qardaşlığı daimidir”. Onun sözlərinə görə, Azərbaycan siyasi sabitlik simvoludur.
Ə. R. Usul  bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyni Türkiyədəki diaspora təşkilatları ilə birlikdə qeyd ediblər. Bu diaspora təşkilatlarının iki ölkə arasında əlaqələrin inkişafında böyük rolu var. "  Türkiyədə diaspora təşkilatları bir çox tədbirlər keçirdi. Biz bu  tədbirləri dəstəklədik. Biz ən çətin zamanlarda daim bir-birimizin yanında olmuşuq. Azərbaycanın regionda güclü dövlət olması Türkiyənin dünya siyasətində nüfuzunun artmasına öz töhfəsini verir. Azərbaycanın yüksəlməsi həm də Türkiyənin yüksəlməsidir.  Azərbaycan nə vaxt dara düşsə, Türkiyə onun yanında olub. Türkiyə də dara düşəndə Azərbaycan Türkiyənin yanındadır. Bu baxımdan Azərbaycan-Türkiyə münasibətləri özəldir. Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyini qeyd etməsi ən çox bizi sevindirir".
O qeyd edib ki, Azərbaycan çətin regionda yerləşməsinə baxmayaraq, bir sıra uğurlar qazanıb: "Regionda münaqişələr mövcuddur, bütün dünyanın diqqəti buradadır. Azərbaycanın bu cür çətin coğrafiyada belə uğur qazanması möcüzədir. Biz də Türkiyə olaraq, Azərbaycanın qardaşı kimi buna görə çox sevinirik".
Türkiyə Respublikası Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Rəsul Usul deyib: “Azərbaycan strateji geosiyasi mövqeyi və zəngin resursları ilə türkdilli ölkələr, o cümlədən Türkiyə ilə Qafqaz bölgəsi arasında böyük əlaqələndirici imkana malikdir. Azərbaycanla Türkiyə arasındakı münasibətlərin əsasında ölkələrimizin və xalqlarımızın qardaşlığı dayanır. Bundan başqa, birgə həyata keçirdiyimiz beynəlxalq iqtisadi layihələrdə əsas qaynaq Azərbaycanın zəngin təbii imkanlarıdır. Bir sözlə Azərbaycanın strateji imkanları Anadolu, Qafqaz və Orta Asiya üçün həlledici əhəmiyyətə malikdir.”
Bu mənada XX əsrin 90-cı illəri türk dövlətləri arasında bütün sahələrdə çoxcəhətli əlaqələrin qurulduğu dövrdür. Bu qarşı lıqlı yaxınlaşma dünyada və xüsusən də, Avropada gedən inteqrasiya prosesləri ilə üst-üstə düşür və türk xalqlarının həyati mənafeyindən doğduğuna görə getdikcə daha çox aktuallıq kəsb edir.

 

Xəbər xətti