Analıq məzuniyyətinin müddəti yetərli deyil?

18:04 - 12 Oktyabr 2017 - Cəmiyyət

Mehriban Zeynalova: “Doğuşdan iki ay əvvəl məzuniyyət normaldır, amma sonrakı iki ay müddət çox azdır”
Lalə Mehralı: “Bu səbəbdən də körpəyə süni qida verilməsinə ehtiyac yaranır"

"Hazırda Azərbaycanda işləyən qadınlara doğuşdan iki ay əvvəl, doğuşdan iki ay sonra məzuniyyət verilir. Bu isə uşağın inkişafı üçün çox əhəmiyyətli olan bir dövrdə - onun ilk 6 ay ərzində ana südü ilə qidalanması üçün yetərli vaxt deyil". Bu sözləri UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan deyib. O qeyd edib ki, bu il ərzində UNICEF və Səhiyyə Nazirliyi ana südü ilə qidalanmanın göstəricilərinin aşağı olmasının səbəbləri ilə bağlı çevik qiymətləndirmə aparıb: "Qiymətləndirmə nəticəsində məlum olub ki, cəmiyyətdə bəzi insanlar ana südünün ana və körpə üçün nə dərəcədə əhəmiyyətli olduğunu bilmirlər. Bundan əlavə, süni uşaq qidaları ilə bağlı verilən reklamlarla səhiyyə işçilərinin ana südü ilə qidalanma ilə bağlı verdiyi məsləhətlər arasında uyğunsuzluq olur. Bu da analarda çaşqınlıq yaradır".
Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, doğuşdan iki ay əvvəl məzuniyyət normaldır, amma doğuşdan sonra olan iki ay müddəti çox azdır: “Analıq məzuniyyəti bilirsiz ki, bir il ödənişlidir, bir ildən sonra isə ana onu öz hesabına götürə bilər və uşağın üç yaşına qədər yanında qala bilər. Bu uşağın ən əhəmiyyətli və formalaşması dövrüdür. Düzdür, sosial yardım hazırda mübahisəli məsələdir. Amma mən təklif edirəm ki, uşağın üç yaşına qədər sosial yardım  analıq dövründə olan qadınlara ödənilsin. Bir il müddətində yardım işlədiyi təşkilat və ya müəssisədən ödənilir, bir ildən sonra isə dövlət hesabına sosial yardım qismində vermək lazımdır. Çünki bağçalar uşağı üç yaşından sonra götürür. Üç yaşına qədər ana uşağın tərbiyəsində, sağlamlığında və düzgün qidalanmasında övladının yanında olmalıdır. İki ay məzuniyyət müddəti isə gətirib ona çıxarır ki, ana ilə uşaq arasında ünsiyyət, təmas və hisslər kəsilir. Həm də, qadın öz iş yerini itirməmək üçün tələsik işə çıxmalı olur”.
M.Zeynalova qeyd etdi ki, belə problemlər dövlət idarələrində o qədər də yoxdur, amma özəl şirkətlərdə xüsusilə özünü göstərir: “Yaxşı olar ki, o qanun özəl şirkətlərə də tətbiq olunsun. Məsələn, qadın bir il müddətində analıq məzuniyyətdə olsun və ondan sonra xanım rahat əmək haqqını alsın. Mən elə qadınlar tanıyıram ki, iş yerini itirməmək üçün öz hesabına məzuniyyət götürürlər. Amma sonra pul almadığına görə, kiçik ticarətlə - küçədə nələrsə satmaqla məşğul olur ki, ailəsini saxlamaq imkanında olsun. Bax, bu məsələlərə diqqət yetimək lazımdır. Uşağın üç yaşına qədər ana tam sığortalı, təminatlı olmalıdır. Bunu sosial yardım qismində, yaxud, başqa formada da etmək olar. Elə adamlar var ki, uşağı qoymaq üçün bağça tapa bilmir. İndi ən böyük problemlərdən biri körpələr üçün bağçaların olmamasıdır. Yəni, uşağın üç yaşı olmayınca bağçaya götürmürlər. Bu da o deməkdir ki, ana məcburən öz uşağını kiminsə yanında qoyub işə getmək məcburiyyətindədir. Dayə saxlamaq üçün çoxlarının maddi imkanları yoxdur, onlar işlərini də itirmək istəmirlər. Belə məsələlər çox önəmlidir”. 
M.Zeynalovanın sözlərinə görə, bəzən ana doğuşdan dərhal sonra işini itirməmək üçün işə çıxır: “Kəskin şərtlər qoyulur. Qadın da öz iş yerini itirməmək üçün doğuşdan bir həftə, on gün, iyirmi gün sonra dərhal işə çıxır. Bizim müşahidə elədiyimiz belə bir təcrübə var. Ona görə də, həm dövlət, həm də özəl şirkətlərdə Azərbaycan Respublikasının qanunlarının eynilə tətbiq edilməsi çox vacibdir. Biz başa düşürük ki, özəl şirkətlər özəl biznesdir və sahibkarın əlavə gəliri olmur ki, onu ödəsin. Amma təminat eyni olmalıdır. Qanun ölkədə birdirsə, bütün müəssisə və təşkilatlar bu qanuna riayət etməlidirlər. Düzdür, ola bilsin ki, orada hansısa elə şərtlər qoyulmur. Amma qadın məhkəməyə müraciət edib, sonra haqqını tələb edə bilsin. Bu məsələlərə diqqət yetirmək lazımdır”.
M.Zeynalova əlavə etdi ki, sosial müdafiə yardımı anaların sosial hüquqlarının müdafiəsi baxımından uşağın üç yaşına qədər ödənilməlidir: “Onsuz da, hamı narazıdır ki, sosial yardım düzgün paylanmır, kənar adamlar ondan istifadə edir. Bunu ciddi şəkildə araşdırmaq lazımdır. O dünyaya yeni uşaq gətirmiş analar üçün tətbiq edilməlidir. Bu, həm evdar qadınlar üçün, həm də işləyən qadınlar üçün əl çatan olmalıdır”.
Jurnalist-sosioloq Lalə Mehralı isə bildirdi ki, hamiləliyə və doğuşa görə məzuniyyət şəxsin əmək qabiliyyətinin müvəqqəti itirilməsi səbəbi ilə verilir: “Qanunvericiliyimizə görə, hamiləliyə və doğuşa görə məzuniyyətin müddəti 126 təqvim günüdür. Bu müddətin 70 günü doğuşa qədər, 56 günü doğuşdan sonra üçün hesablanır. Riskli və ya əkiz doğuşlarda doğuşdan sonrakı müddət 70 gün olaraq hesablanır. Kənd təsərrüfatı istehsalatında işləyən qadınlara az-çox üstünlük verilir.  Ağır və ya riskli hamiləlik, iki və ya daha artıq uşaq dünyaya gətirərsə məzuniyyətləri 180 günədək hesablanır. Hamiləliyə və doğuşa görə müavinətlər də məzuniyyət müddəti ərzində ödənilir. Düzdür, bu məbləğə məzuniyyət dövründə ehtiyac duyulur, amma qadınların ana olduqdan sonra daha çox dincəlməyə, körpəsi ilə daha çox vaxt keçirməyə ehtiyacı var”.
Sosioloqun sözlərinə görə, ana südü ilə qidalandırma da çox vacibdir: “Övladını ana südü ilə qidalandırmağa meylli olan analar getdikcə azalır, bunu bəzən işlə də əlaqələndirirlər. Yəni qadın məzuniyyətinin bitməsindən sonra işə çıxmağa məcbur qaldığını, bu səbəbdən də körpəsinə süni qida verilməsinə ehtiyac duyulduğunu deyir. İşə çıxmayacağı təqdirdə işini itirəcəyindən qorxur, işsiz qalmaq qorxusu övladına verəcəyi ana südünün önünə keçir. Bu məsələnin gündəmə gələrək müzakirə edilməsinin, ana südü ilə qidalandırma faizinin artması üçün məzuniyyət müddətinin artırılmasının tərəfdarıyam”.
L.Meharlı qeyd etdi ki, özəl şirkətlər məsələsinə gəlincə, bazar iqtisadiyyatı dövründə heç bir işverən öz işçisinə 6-7 ay məzuniyyət pulu ödəmək istəmir: “O az işçi qüvvəsi ilə çox iş görməyə çalışır. Belə olan halda işdə olmayıb şirkətə xeyri dəyməyən işçisinə əməkhaqqını ödəmək niyyətində olmur. Amma etiraf edək ki, heç işləməyən, evdə körpəsi ilə olan qadınlar arasında da ana südü ilə qidalandırma faizi çox aşağıdır. Analarımız ana südü ilə qidalandırma barədə çox az məlumata malikdir, hətta məlumatı olanlar belə öz bədən ölçülərini qorumaq üçün övladına süd verməkdən imtina edir. Süni qidalarn genefond üçün təhlükəsini bilmirlər, ana südünün körpələr üçün əhəmiyyətini anlamırlar. Bunlar da ana südü ilə qidalandırma faizində azalmaya səbəb olur”.

Könül Əhmədova

Xəbər xətti