“Uşaq dünyaya gələn ilk saatdan ana südü ilə yedizdirilməlidir”

17:42 - 12 Oktyabr 2017 - Cəmiyyət

Günay Rəsulova: “Bəzi hallarda isə ana qətiyyən öz uşağını ana südü ilə qidalandırmamalıdır”


 “Ana südünü əvəz etmək iddiasına düşənlər süni qidanın əsassız reklamının yayılmasını dayandırmalıdır", -bunu ölkənin baş pediatrı Nəsib Quliyev Pediatriya İnstitutunda Azərbaycanda ana südü ilə qidalandırma həftəsinin başlanması ilə əlaqədar keçirilən tədbirdə demişdi. Onun sözlərinə görə, körpələrə süni qidalar ancaq həkim resepti və göstərişi əsasında verilməlidir: "Ona görə süni qidalar əsassız şəkildə reklam olunmamalıdır". N.Quliyev qeyd edib ki, körpələrin ana südü ilə qidalanmasını təmin etmək əsas məqsədlərdən biridir: "Ölkədə ana südü ilə qidalanma göstəricisi 1992-ci ildə 1 yaşa qədər olan körpələr arasında 25 faiz təşkil edirdisə, hazırda bu rəqəm 50 faizdir. Amma bölgələrdə bu rəqəm 50 faizdən yuxarıdır. Bu göstəricini bir az da olsa artırmaq niyyətindəyik".
Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən pediatr Günay Rəsulova bildirdi ki, uşaq dünyaya gələn ilk iki saatda ana südü ilə yedizdirilməlidir: “Bu, laktasiyanın (Döşlə əmizdirmə dövrü) stimulyasiyası üçün, həm də uşaqla ana arasında psixoloji ilk xoş təəssüratın formalaşmasına müsbət təsir göstərir. Ümumiyyətlə, ana çalışmalıdır ki, uşağı öz südü ilə qidalandırsın. Bu hazırlıq hamiləlikdən etibarən başlanmalıdır. Əksər hamilə qadınlar hamiləykən düşünürlər ki, uşaq doğulanda süni qidalar yeyəcək, südüm onsuz da, olmayacaq. Belə mənfi fikirlər anada laktasiyanın stimulyasiyasına mənfi təsir göstərir. Ona görə də, hamiləlikdən etibarən ana qarşısına məqsəd qoymalıdır ki, uşağım dünyaya gələndə onu ana südüylə qidalandıracam. Və çalışmalıdır ki, öz südü ilə qidalandırsın. Çox vaxt ananı süni qidaya keçməyə məcbur edən bəzi faktorlar var. Kənardan mənfi psixoloji təsirlər olur ki, bu ananı o fikirlərə, düşüncələrə düşməyə səbəb olur. Kənardan olan təsirlərə görə ana hesab edir ki, uşağı doymur, ona görə ağlayır, mütləq süni qidaya keçmək lazımdır. Bu kimi fikirlər ananın özünə güvənini, özünə inamını itirir. Və bir növ ananın mücadilə, mübarizə aparmasına mane olur. Ona görə də, təzə doğuşdan çıxan, uşağını öz südü ilə qidalandırmaq istəyən anaları kənar təsirlərdən qorumaq və onlara sadəcə dəstək olmaq, kömək etmək lazımdır”.
Pediatrın sözlərinə görə, bəzi hallarda ana qətiyyən öz uşağını ana südü ilə qidalandırmamalıdır: “Belə olan halda ana məcburdur ki, uşağa süni qida versin.  Məsələn, uşaq yarımçıq, beyinə qan sızma ilə doğulmuşsa, əmmə refleksi pozulmuşsa uşaqlar ananın südünü əmə bilmir, ona görə də, onlar süni yolla qidalandırılmalıdırlar. Və yaxud, uşaqlarda bəzi anadangəlmə xəstəliklər olur. Məsələn, bəzi irsi metobolik xəstəliklər var ki, uşaq ana südü ilə deyil, süni qida ilə qidalanmalıdır. Ana tərəfdən əks göstcilər də var. Əgər ana şizofrenikdirsə, psixi xəstəliyi varsa, uşağa süd verməsi düzgün deyil. Yaxud əgər ana hepatit B, C xəstəsidirsə, vərəm xəstəsidirsə körpəyə ana südü verilməməlidir. Bundan başqa, ana sitostatik dərman alırsa, onkoloji xəstədirsə, ciddi dərman terapiyası alırsa, uşağa süd verməməlidir. Bu səbəblərdən məcbur süni qidaya keçmə qaçınılmazdı.”.

G.Rəsulova qeyd etdi ki, bu gün analar daha çox süni qidalara qaçırlar: “Bunun əsası da çox vaxt doğum evlərində qoyulur. Doğum evlərində bəzən uşağı anaya südlə qidalandı vermirlər. Uşaqları qidalandırmaq üçün yanlış olaraq, çox vaxt süni qida verməyə başlayırlar. Və evə də, süni qida təyinatı verirlər. Düzdür, yeni doğulan körpənin qan-şəkər səviyyəsi daim kontrolda olmalıdır. Ona ac qalmaq olmaz. Və, indiki doğuşların çoxu qeysəriyyə kəsiyi ilə olur. Qeysəriyyə ilə doğulan uşaqlarda, laktasiya, südgəlmə biraz ləngiyə bilir. Belə hallarda əgər süd yoxdursa uşağa süni qida verməyə məcburdular. Amma evə təyinat vermək düzgün deyil. Çünki, ana hesab edir ki, bu evdə də davam olunmalıdır. Ona görədə, belə asan və zərərli yollara qaçmaq yox, mübarizə apararaq uşağı ana südü ilə qidalandırmağa çalışmaq lazımdır”.

Ana südünün faydaları ilə bağlı erən pediatr Vaqif Qarayev isə bildirdi ki, doğuşun ilkin saatlarında, ilk 6 ayda və 2 yaşınadək ana südü verməklə dünyada 800 000 min uşağın həyatı xilas olunur: “Ana südünün tərkibindəki bioloji aktiv maddələr erkən yaşlı uşaqların ölümünə səbəb olan problemlərdən - pnevmoniya və diareyadan qoruyur. Döşlə əmizdirən analarda isə döş vəzisi və yumurtalıq xərçənginin yaranma ehtimalı azalır".
 
V.Qarayev dedi ki, nə qədər tərkibi zəngin süni qarışımlar hazırlansa da, bu, ana südünü əvəz edə bilməz. Ana südünün tərkibindəki inqredientlər uşağın immun sisteminin güclənməsinə kömək edir, xəstəliklərə, ətraf mühitə qarşı müqavimətini artırır. Xüsusilə uşağın doğulduğu saatlarda ilkin döşə qoyma anlayışı var. Bu zaman verilən südün tərkibi uşağın mədə-bağırsağına, immun sisteminə çox yaxşı təsir edir: "Bizdə, xüsusən, dövlət doğum evlərində şablon bir qayda qoyublar ki, uşaq 3 gündən sonra ana südü ilə qidalanmalıdır. Amma bu, qətiyyən belə deyil. İndi bütün dünyada belədir - əgər ananın vəziyyəti imkan verirsə, uşaq doğuşdan 2-3 saat sonra gərək ananın döşündən süd əmsin. Ana südü əmən uşaqların həm fiziki, həm də psixi inkişafı daha normal məcrada gedir. Uşağın ana ilə mənəvi psixoloji baxımlılıq yaranmasında döşlə qidalanmanın böyük əhəmiyyəti var”.  
 
Ananın südü olsa da, həkimlər tərəfindən uşağa süni qidaların tövsiyə olunması məsələsinə də münasibət bildirən pediatr söylədi ki, belə halların mövcudluğu qətiyyən yolverilməzdir: “Ana südü ilə qidalanma ilə bağlı beynəlxalq bir təşkilat var. Onun göstərişinə əsasən, süni qidaların etiketində birinci bənd olaraq qeyd edilməlidir ki, ana südü faydalıdır. Yəni ana bilməlidir ki, əlində tutduğu süni qidadansa ana südü daha faydalıdır. Xüsusilə birinci doğuşdan sonra anada süd az ola bilir. Amma bu o demək deyil ki, anada heç vaxt süd olmayacaq və dərhal onu süni qidaya keçirmək lazımdır. Körpə döşü əmdikcə ananın südü də tədricən gələcək. O zaman körpəyə süni qida vermək olar ki, hansısa tibbi göstərişlər olsun. Məsələn, anada açıq vərəm varsa, təbabət əmizdirməni qadağan edir. Təəssüf ki, bir çox doğum evlərində təzə doğulan körpəni süni qidaya keçirirlər. Mənə tez-tez zəng vururlar ki, həkim, hansı süni qida yaxşıdır? Ondan soruşduqda deyir, mənim südüm var, amma doğum evində dedilər ki, uşağa filan qidanı verərsiniz.  Deyirəm ki, ana südü yoxdursa, həmin qidalardan hansını verirsinizsə, heç bir problem yoxdur. Çünki hər halda uşaq ac qalmamalıdır”.  
 
V.Qarayev gənc analara öz körpələrinə ana südü verməyi tövsiyə etdi: “Heç kim sizə zorla süni qarışıqları təbliğ edə bilməz! Əgər südünüz azdırsa belə, mütləq uşağı döşlə əmizdirin. Saatla əmizdirməyin, uşaq nə vaxt və nə qədər istəsə, o qədər döş verin”.
Artıq oktyabrın 1-dən ana südü ilə qidalanmanın təbliği həftəsi başlayıb.

Könül Əhmədova

Xəbər xətti