"Uşaqlarımızın Azərbaycan dilini unutmamaları üçün də çalışırıq"

18:21 - 11 Oktyabr 2017 - KİVDF

Cəvahir Əhmədova: "Məqsədimiz xalqımıza məxsus adət-ənənələri burada yaşatmaq, dilimizi qorumaq, mədəniyyətimizi təbliğ etməkdir"

Hazırda dünyanın əksər ölkələrində azərbaycanlılar yaşayır. Vətəndən kənarda yaşayan soydaşlarımızın xarici ölkələrə getmələri, sonrakı həyat və faəliyyətlərini orada qurmaları uzun bir tarixi, ictimai və siyasi proseslərin məhsuludur. Bu gün qürbətdə yaşayan azərbaycanlılar uzun illər öncə təhsil almaq məqsədilə, ticarət əlaqələri səbəbindən, iş tapmaq axtarışıyla xarici ölkələrə getmiş azərbaycanlıların nəslinin davamçılarıdır. Onların arasında Azərbaycanın müəyyən tarixi, ictimai-siyasi şəraitində vətəndən mühacirət etmiş tanınmış şəxsiyyətlərin soylarından olanlar da az deyil. Bu isə xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasını gündəmə gətirir və onların Azərbaycanın maraqları ətrafında birləşməsi çox vacib məsələyə çevirir. Müstəqilliyinin ilk illərindən etibarən azərbaycanlıların təşkilatlanması məsələsi ilk növbədə ideoloji və tarixi əhəmiyyət daşıyırdı. Buna nail olmaq üçün Azərbaycan dövlətinin ideya-siyasi təməlini yaratmaq, onun iqtisadi qüdrətinə və siyasi nüfuzuna güclü inam formalaşdırmaq tələb olunurdu. Ümummilli lider Heydər Əliyev də bu ideyanın həyata keçirilməsi prosesinə məhz həmin amilləri nəzərə almaqla başladı. Ümummilli lidermizin böyük fədakarlıqlar bahasına ayağa qaldırdığı Azərbaycan dövləti bütün dünya azərbaycanlılarının tarixi və siyasi istinadgahına, dayaq nöqtəsinə çevrildi. Soydaşlarımızın milli özünəməxsusluğunu qorumaq və inkişaf etdirmək, Azərbaycan ilə əlaqələrini genişləndirmək məqsədilə diaspora quruculuğu istiqamətində ciddi addımlar atıldı. Xüsusilə, Türkiyədə fəaliyyət göstərən diaspora təşkilatları daha möhkəm təməllər üzərində quruldu. Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyi də belə təşkilatlardan biri idi. " Dərnəyimiz 2013-cü ildə dövlət qeydiyyatından keçmiş rəsmi bir qeyri-hökumət təşkilatıdır. Türkiyədə ilk Azərbaycan qadın dərnəyi olaraq fəaliyyət göstəririk. Məqsədimiz xalqımıza məxsus adət-ənənələri burada yaşatmaq, dilimizi qorumaq, mədəniyyətimizi təbliğ etmək, mətbəximizi, tariximizi, ədəbiyyatımızı, Azərbaycana məxsus incəsənətimizi burada yaşayan insanlara tanıtmaq və yaşatmaqdır. Uşaqlarımızın Azərbaycan dilini unutmamaları üçün də çalışırıq.
Bizim dərnəyin fəaliyyəti genişdir. 20 Yanvar, Xocalı soyqırımı günlərində broşürlər çap etdirib küçələrdə 5000 insana paylamışıq. Həmçinin ehsanlar vermişik, “Quran” oxutdurmuşuq. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü, 8 Mart, Novruz bayramlarını qeyd edirik. İlk dəfə olaraq Türkiyədə biz Türkiyə Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Novruz türkün bayramıdır” layihəsini İzmirdə keçirmişik.
Bələdiyyə sədrləri ilə görüşlərə qatılırıq. Azərbaycanımızla əlaqəli məlumatlar veririk",- Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının üzvü, Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin sədri Cəvahir Əhmədova deyib.
Onun sözlərinə görə, Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında baş verənləri diqqətlə izləyir, daha sıx əlaqələr yaratmaq, milli birliyə nail olmaq və mütəşəkkil birgə qüvvə təşkil etmək səylərinə ciddi fikir verir. Artıq Türkiyədə Azərbaycan diasporu çox mütəşəkkil birləşib və onların fəaliyyət dairəsi daha da genişlənib. Cəvahir Əhmədova deyib ki, Türkiyə bu günlərdə çox ağır günlər yaşayır: həm daxildən, həm də xaricdən hər cür təzyiqə məruz qalıb. Bu qüvvələrin arxasında erməni lobbisi də durur. " Xaricdən dəstək alan qüvvələr Türkiyənin parçalanmasına, zəifləməsinə çalışırlar. Erməni diasporu, lobbisi var qüvvələri ilə işləyirlər. Olmamış bir yalandan uydurduqları qondarma soyqırımını ilə zərərçəkmiş kimi özlərinə imic qazanırlar. Bu durumda biz də Türkiyəyə dəstək olmalıyıq. Yaşadığımız Xocalı soyqırımını gündəmdə tutmalıyıq. Bu günlərdə Türkiyə-Azərbaycan diasporları birlikdə olmalı, bir-biri ilə sıx əlaqə saxlamalıdır. Onlarla bir mövqedən çıxış etməliyik". 
Bunu həm də dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlı və türkün qüvvəsinin iki dövlətin ümumi maraqlarının müdafiəsinə istiqamətləndirilməsi, Azərbaycan və Türkiyənin beynəlxalq aləmdə siyasi, iqtisadi mövqelərinin daha da möhkəmləndirilməsi, onun intellektual potensialından istifadəsi zəruri edir. İki diaspora təşkilatlarının əlaqəli, bir-birinə dəstək verməsinin vacibliyini Azərbaycanın tanınmış şəxsləri də dəstəkləyir. "Türkiyədə baş verən hadisələr, Azərbaycanın işğal olunmuş torpaqlarında erməni terrorizminin davam edən cinayətləri Azərbaycan və Türkiyənin, türk dünyasının gücündən qorxan bir sıra siyasi-hərbi qütblərin eksterimizmə verdiyi dəstəyin nəticəsi sayıla bilər. Bu gün qloballaşan dünya düzənində türk dövlətləri geosiyasi-iqtisadi nüfuz mərkəzi kimi dünya xəritəsində strateji yer tutur. Azərbaycan və Türkiyənin genişqmiqyaslı layihələrin gerçəkləşrdirməsi, türk dövlətlərinin iqtisadi-siyasi, hərbi, ticari, elmi-mədəni, ümumiyyətlə, bütün sahələrdə birgə əlaqələrinin artması, yeni-yeni layihələrə imza atması onların nüfuzunu və mövqeyini gücləndirir. Türkiyə-Azərbaycanın birliyi, qüdrəti bir sıra siyasi qüvvələri, güc mərkəzlərini, iqtisadi və hərbi bürokratları narahat edir, onların bu və digər vasitələrlə siyasiləşmiş terror dəstələrinə dəstəyi artır. Bu siyasi və hərbi riyakarlığın, silahlanmanın ağır fəsadlarını isə hər iki qardaş ölkə yaşayır. Amma türk dünyasını, Azərbaycan və Türkiyənin bu cür təhdidlər, terrorçulara qarşı ikili standartlar nümayiş etdirməklə dünyada möhkəmlənən iqtisadi-siyasi-hərbi qüdrətini azaltmaq hec cür mümkün deyil. 
Türkiyə-Azərbaycan regionda sarsılmaz dostluq və qardaşlıq formatı yaradıblar. Dünyada  terrorçulara qarşı ikili standartlar nümayiş etdirilsə də, iki qardaş ölkənin iqtisadi-siyasi-hərbi qüdrətini azaltmaq hec cür mümkün deyil. Cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi  hər zaman olduğu gün də Azərbaycan Türkiyənin yanındadır, Azərbaycan xalqı türk xalqının yanındadır. Biz yaxşı günlərdə də, pis günlərdə də daim bir yerdəyik. Çünki birliyimiz həm bugünkü əlaqələrimizi gücləndirir, həm də tarixi əsaslara söykənir",- Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib. Onun sözlərinə görə, Azərbaycan 26 ildən artıqdır ki, erməni terrorizmindən əziyyət çəkir. "Ermənilər doğma torpaqlarımızı işğal edib, dinc sakinlərə qarşı terror hadisələrini bu gün də davam etdirirlər. Dünya birliyi isə buna qarşı sakit davranır, ikili standartlar nümayiş etdirilir. Bu, qardaş ölkə olan Türkiyənin timsalında da açıq-aşkar görünür. Son bir ilə ard-arda baş verən terrorlar, İstanbulun mərkəzində, ölkənin ən iri şəhərinin hava limanında törədilən qanlı terrora da dünya ictimaiyyəti Belçika, Fransadakı kimi sərt müqavimət göstərmədi. Bu olanlar Azərbaycan xalqını da sarsıdır. Qardaşlığın və milli birliyin simvoluna çevrilən Azərbaycanla Türkiyənin kədəri, qəmi, sevinci, hüzuru bir olduğundan bəşəriyyətin qınadığı bu qanlı saldırı da Azərbaycan xalqının kədəri sayılır".
 Göründüyü kimi, bu gün iki ölkənin birlikdə, bir-birinə dəstək verməklə fəaliyyəti günün tələbidir. Bu, bizi sevməyənlərin məkrli planıənı pozmaq, dünyada mövqeylərimizi möhkəmləndirmək üçün vacibdir. Bu sahədə hər ölkənin dispora təşkilatlarının əlaqəli fəaliyyəti müsbət nəticələr verə bilər. verir də.

(ardı var)

Xəbər xətti