Ana səhifə
24 Oktyabr 2017

Deputat: “Bütün məhkəmə çəkişmələrində nümayəndəlik institutunun ləğvi barədə deyilənlər uydurmadır”

Azərbaycanın mülki qanunvericiliyinə təklif olunan dəyişiklikdə nümayəndəlik institutunun ləğvi nəzərdə tutulmur. Bunu “Report”a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov deyib. O bildirib ki, dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun vəkillik institutu ilə əvəzlənməsindən söhbət gedir: “Elə məhkəmə prosesləri var ki, doğrudan da, vəkilin iştirakı zəruridir. Çünki hüquqi peşəkarlıq baxımından nümayəndə həmin işin öhdəsindən gələ bilmir. Nümayəndəlik institutu saxlanılır, yəni, hər bir hüquqi şəxs öz işçisini məhkəmə prosesinə nümayəndə kimi göndərə bilər. Dəyişiklikdə vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Nümayəndəlik institutunun ləğv edilməsindən söhbət getmir. Belə bir şey olsaydı, Azərbaycanın mülki hüququ şikəst olardı. Nümayəndəlik institutu ləğv olarsa, mülki fəaliyyət qabiliyyəti olmayanlar, məhdud fəaliyyət qabiliyyətli olanlar, mülki fəaliyyət qabiliyyəti məhkəmə qaydasında məhdudlaşdırılanlar, yetkinlik yaşına çatmayanların hüquqlarını kim müdafiə edəcək? Nümayəndəlik institutunun ləğv edilməsi məntiqi olaraq qanuni nümayəndəlik institutunun da ləğvinə səbəb olardı ki, bu da hüquqi baxımdan ağlasığmazdır. Doğrudan da, Azərbaycan mülki qanunvericiliyi şikəst edilərdi. Fikrimcə, bu, vəkil kimi test imtahanından keçərək təsdiqlənə bilməyən, amma nümayəndə kimi məhkəmə çəkişmələrində iştirak edən bəzi hüquqşünasların uydurduğu absurd fikirlərdir. Çünki Mülk Məcəlləyə təklif olunan bu dəyişiklik ilk növbədə onların mənafeyinə uyğun deyil. Bu dəyişikliklər vəkillik institutunun daha da gücləndirilməsinə geniş hüquqi imkanlar açır. Dəyişiklik dünya təcrübəsinə uyğundur və tədricən bu istiqamətdə işlər davam etdirilməli, habelə vəkillərin sayı artırılmalıdır. Vəkillik fəaliyyətinə geniş hüquqi imkanların açılması və vəkillərin sayının artırılması hüquqi dövlət quruculuğunda böyük uğurlar əldə edən Azərbaycan üçün vacib məsələdir."

Deputat qeyd edib ki, kassasiya instansiyasında, yəni Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək: “Çünki Ali Məhkəmə hər kəsin bildiyi kimi, işlərə mahiyyəti üzrə baxmır. O, birinci və apellyasiya instansiyasında buraxılmış məhkəmə səhvləri, habelə qanun pozuntularının aradan qaldırılması məqsədi ilə məhkəmə hakimiyyətini həyata keçirən ali məhkəmə orqanıdır. Bu instansiyada heç hüquqi təhsili belə olmayan, hüquqi təhsili olsa da, nümayəndə kimi fəaliyyət göstərən şəxsin iştirakındansa, peşəkar vəkilin iştirakı daha məqsədəuyğundur. Peşəkarlar tərəfindən hüquqi araşdırmanın aparılması həm məhkəmə səhvlərinin aradan qaldırılmasına, qanunçuluğun daha da möhkəmləndirilməsinə, habelə insan hüquqlarının, konkret halda, proses iştirakçısı olan və vəkil vasitəsilə təmsil olunan tərəfin hüquqlarının daha etibarlı şəkildə qorunmasına xidmət edər”.
Xatırladaq ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında sonuncu Mülki Prosessual, İnzibati Prosessual Məcəllələrə, eləcə də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər edilməsi barədə layihələrə baxılıb. Qeyd olunub ki, bu qanun layihələrində edilən dəyişikliklər üzvi surətdə bir-biri ilə bağlıdır. Bildirilib ki, bu layihələr məhkəmə-hüquq islahatları çərçivəsində tərtib olunub. Məqsəd məhkəmə prosesində operativliyin artırılması və fiziki şəxslərin peşəkar hüquqşünas-vəkillərlə təmin olunmasıdır. Vurğulanıb ki, məhkəmə təcrübəsi göstərir ki, təqdim olunan ərizələrin çoxu qeyri-peşəkar şəkildə tərtib edilir. Bu da prosesin uzanması, əlavə maliyyə vəsaitlərinin sərf edilməsi, iş yükünün artması ilə nəticələnir. Amma qanunvericiliyə edilən dəyişiklik vəkillik institutunun fəaliyyətinin inkişaf etdirilməsi və ölkədə vəkillərin sayının artırılması zərurətini yaradır. Sosial şəbəkələrdə yayılan məlumatlarda isə nümayəndəlik institutunun tamamailə ləğv olunması barədə xəbərlər yayılıb.

Tarix
10 Oktyabr 2017 [02:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
KİV
Virtual Qarabağ