Azay Quliyev AŞPA, ATƏT PA, AP və DTİHB-nun seçkilər üzrə xüsusi əlaqələndiricisi təyin olunub

22:48 - 9 Oktyabr 2017 - SİYASƏT

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Qırğızıstan Respublikasında keçiriləcək prezident seçkilərini ATƏT-in seçki missiyasının xüsusi koordinatoru qismində müşahidə etmək üçün oktyabrın 10-da bu ölkəyə səfər edəcək. Milli Məclisin Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Azay Quliyev bu ilin avqustun 9-da ATƏT-in sədri və Avstriya Respublikasının xarici işlər naziri Sebastian Kurz tərəfindən 15 oktyabrda Qırğızıstanda keçiriləcək prezident seçkilərində beynəlxalq müşahidə missiyasına rəhbərlik etmək üçün ATƏT-in seçki missiyasının xüsusi koordinatoru vəzifəsinə təyin edilib. O, xüsusi koordinator kimi Avropa Şurasının Parlament Assambleyasını (AŞPA), ATƏT-in Parlament Assambleyasını (PA), Avropa Parlamentini (AP) və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu (DTİHB) təmsil edən 400-dən artıq beynəlxalq müşahidəçinin fəaliyyətini əlaqələndirəcək. ATƏT-in seçki missiyasının xüsusi koordinatoru Azay Quliyev səsvermə gününə kimi Qırğızıstanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, seçkilərdə iştirak edən namizədlər və siyasi partiyaların rəhbərləri, o cümlədən QHT və KİV təmsilçiləri ilə görüşlər keçirəcək, seçkiqabağı vəziyyətlə ətraflı tanış olacaq.

Oktyabrın 15-də isə deputatımız seçki məntəqələrində səsvermənin gedişini və səslərin hesablanması prosesini müşahidə edəcək.
Oktyabrın 16-da ATƏT-in seçki missiyasının xüsusi koordinatoru Azay Quliyev prezident seçkilərinin yekununa dair digər beynəlxalq təşkilatların iştirakı ilə mətbuat konfransı keçirəcək, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, Avropa Parlamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə ilkin rəyini açıqlayacaq və jurnalistlərin suallarını cavablandıracaq. 
Səfər oktyabr ayının 17-i yekunlaşacaq.

 

Elməddin

Xəbər xətti