Rafael Hüseynov: "Avropa Şurası xüsusi təzyiqlərlə ölkələri bu təşkilatdan bezdirməkdən çəkinməlidir"

16:50 - 9 Oktyabr 2017 - SİYASƏT

 "Son dövrlərdə Azərbaycanı öz siyasi nüfuz dairəsinə salmaq istəyən qüvvələrin təşkilatçılığı ilə ölkəmizə qarşı kütləvi hücumlar başlayıb". "Report"un məlumatına görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun payız sessiyasında çıxışı zamanı deyib. 
"Son aylar Azərbaycanın hədəfə götürülməsi məsələsi ilə bağlı bəzi mülahizələrimi bölüşmək istərdim. Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və biz bu ailəyə onu sadəcə nüfuzlu beynəlxalq təşkilat hesab edərək gəlməmişik. Azərbaycan əvvəldən Avropa Şurasına bir yol, məktəb kimi yanaşıb və həm də həmişə bu təşkilata arxalanıb, güvənib. Artıq Azərbaycanın Avropa Şurasının həqiqi üzvü olmasından 16 il keçir. Bu illər ərzində Azərbaycanın nail olduğu inkişaf və yüksəlişlərdə Avropa Şurasının danılmaz payı var. Ən önəmlisi Avropa Şurası müstəqilliyimizi qoruyan vacib zirehlərdən biri vəzifəsini də yerinə yetirib. Amma biz burada mütəmadi olaraq ən kəskin tənqidləri də eşitmişik. Lakin demokratiya yolunu tutmuşuqsa, bu yoldakı hər sınağa dözəcəyik. Amma son dövrlərdə Azərbaycanı öz siyasi nüfuz dairəsinə salmaq istəyən qüvvələrin təşkilatçılığı ilə ölkəmizə qarşı kütləvi hücumlar başlayıb. Bu həmlələrin də məğzini daha çox şər, böhtan, qarayaxma təşkil edir. Təəssüflər olsun ki, həmin qüvvələrin təsiri Avropa Şurasına da çatıb və bu qurum da həmin xora qoşulub. Burada Azərbaycana qarşı işləyən bir komanda var. Hətta Azərbaycana xeyirxah, dost münasibətlər bəsləyənlər belə ölkəmiz haqqında müsbət həqiqətləri dilə gətirməyə ehtiyat edirlər. Çünki kimlərsə onları bizə işləməkdə qınaya bilər”, - deputat qeyd edib.

R.Hüseynov bildirib ki, Avropa Şurasının ayrı-ayrı ölkələrə qarşı apardığı qərəzli xətt çox ziyanlıdır və təşkilatın ciddi böhrana uğramasına əsas yaradır: "Hər bir iş, hər bir hərəkət, o cümlədən tənqid yalnız ölçüsündə olanda, ifrata varmayanda, qərəzlə qarışmayanda faydalı ola bilər. Düşünürəm ki, Avropa Şurasının Bürosu, bütövlükdə rəhbərliyi ayrı-ayrı ölkələrə qarşı münasibətdə ikili standartlarla yanaşmalar, xüsusi təzyiq mexanizmləri tətbiq edərək onları bu təşkilatdan bezdirmək kimi arzuolunmaz yoldan çəkinməlidir. Çünki belə təşəbbüslər təşkilatın özünü qısa zamanda çox sürətlə ciddi böhrana və dağılmağa, süquta gətirib çıxara bilər”.

Xəbər xətti