Özbəkistan-Azərbaycan əlaqələri yaxın tariximizə, mədəniyyətimizə əsaslanır

18:47 - 6 Oktyabr 2017 - KİVDF

Samir Abbasov: "Mədəni əlaqələrimiz ədəbiyyat və incəsənətin qarşılıqlı surətdə zənginləşdirilməsi, milli nailiyyətlərin mübadiləsi əsasında inkişaf etdirilir"


Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələr ilk növbədə ədəbiyyat və incəsənətin qarşılıqlı surətdə zənginləşdirilməsi və milli nailiyyətlərin mübadiləsi əsasında inkişaf etdirir, bu xalqların tarixi keçmişinə əsaslanır.  Bunu Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov deyib. Məlumdur ki, bir-biri ilə qan qohumluğuna, dil və din birliyinə malik olan Azərbaycan-özbək xalqlarının ədəbi əlaqələr salnaməsi zəngin və rəngarəngdir. Yəni, dərin tarixi köklərə, xalqlarımızın adət-ənənə, dil, mədəniyyət və din yaxınlığına əsaslanır. İkitərəfli əlaqələrimiz aydın müəyyən olunmuş strateji prioritetlərə və istiqamətlərə malikdir. Bu da öz növbəsində qarşılıqlı etibara dayanır. Bu səbəbdən də son illər Özbəkistanla Azərbaycan arasında əlaqələr böyük inkişaf impulsu alıb və strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Özbəkistanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri olmuş Şerzod Farziyev bu barədə deyib: " Özbəkistan-Azərbaycan əməkdaşlığı bizim yaxın tariximizə, mədəniyyətimizə, milli adətlərimizə, ənənələrimizə, dil və dinimizə əsaslanır. Bu şərtlər ölkələrimizin mədəni-humanitar əməkdaşlığına da müsbət təsir edir. Özbəkistanın mədəniyyət nümayəndələri Azərbaycanda, sizin mədəniyyət və incəsənət xadimləriniz isə bizim ölkədə müxtəlif tədbirlərdə fəal iştirak edirlər. Xüsusilə Azərbaycan incəsənət ustalarının Özbəkistanda keçirilən «Şark taronalari» beynəlxalq musiqi festivalında uğurlu iştirakını qeyd etmək istərdim" .
 Qeyd edək ki, müxtəlif illərdə Simarə İmanova festivalın qran-pri mükafatı alıb, Alim Qasımov, müğənni Aygün Bəylər  bu festivalda birinci yeri tutublarular. Arzu Əliyeva isə «Ən gənc ifaçı» nominasiyasında laureat olub. İki ölkə arasında mədəni əlaqələrin inkişafında diaspor təşkilatları da yaxından iştirak edir. 2017-ci ilin may ayında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycandakı Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə Özbəkistan ədəbiyyatının nümayəndələrinin Azərbaycan Respublikasına yaradıcılıq səfəri baş tutub.Bakı şəhərində Özbəkistanın Xalq şairi, tanınmış tərcüməçi, alim, yaradıcılığı Azərbaycan və Şərq ədəbiyyatı ilə sıx bağlı olan Camal Kamalın 80 illik yubileyi keçirilib.Bununla əlaqədar olaraq, cari il 29 may tarixində yubilyarın – Xalq şairi Camal Kamalın, Əlişir Nəvai adına Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin alimləri – Roza Niyozmetova və Gülbahor Aşurovanın Bakıya səfəri baş tutub. Azərbaycana səfərin məqsədi ölkələrimiz arasında mövcud olan ədəbi əlaqələrin dərinləşdirilməsi, mübadiləsi və Azərbaycanda Özbəkistan ədəbiyyatının nümayəndələrinin irsi və yaradıcılığının təbliği olub. Səfər zamanı Özbəkistanın Xalq şairi Camal Kamalın 80 illik yubileyi AMEA-da qeyd olunub. AMEA-da Özbəkistanın Xalq şairi Camal Kamalın anadan olmasının 80 illiyi münasibətilə “Camal Kamal və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Konfransda AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafından söz açıb, son illərdə iki ölkə arasında mədəni-ədəbi əlaqələrin daha da genişləndirildiyini bildirib. Alim rəhbərlik etdiyi qurumda Özbəkistan ədəbiyyatının nümayəndələrinin yaradıcılığının təbliği istiqamətində mühüm işlərin görüldüyünü deyib. "Ölkələrimiz arasında ədəbi əlaqələrin inkişafında Camal Kamalın müstəsna xidmətləri vardır" -deyən akademik İ.Həbibbəyli ədibin yaradıcılığında Azərbaycan ədəbiyyatının xüsusi yer tutduğunu, şairin hazırda Nizami Gəncəvinin “Xəmsə”sinin özbək dilinə tərcüməsi üzərində işlədiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Camal Kamalın Nizami Gəncəvinin əsərlərinin özbək dilinə tərcüməsində böyük xidməti var. 2015-ci ildə Camal Kamal və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov arasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan bütün poemaların özbək dilinə tərcümə edilməsi barədə müqavilə imzalanıb. Artıq alim tərcüməçi Camal Kamal Nizami Gəncəvinin iki əsərini “Sirlər xəzinəsi” və “Leyli və Məcnun” əsərlərini özbək dilinə tərcümə edib və sözügedən əsərlər Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə çap edilib. Hazırda şair, tərcüməçi Nizami Gəncəvinin “İskəndərnamə” əsərini özbəkcəyə tərcüməsi üzərində işləyir. Müqavilənin imzalanması mərasimində Samir Abbasov qeyd edib ki, bu, sadəcə müqavilə deyil, bu sənədin əsasında ədəbiyyat  tariximizdə əbədi abidə ucaldılacaq və Azərbaycanın dahi söz ustadı Nizami Gəncəvinin bütün əsərləri Özbəkistan ədəbiyyatında işıq üzü görəcək və bütün məsələlər bütövlükdə həll olunacaq. 
Camal Kamalın hər zaman Azərbaycan ədəbiyyatına xüsusi önəm verib. O, böyük Azərbaycan şairi Məhəmməd Füzuli, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və digər şairlərin əsərlərini özbək dilinə tərcümə edib. Bundan əvvəl də iki ölkənin mədəni əlaqələrinin inkişafına təsir edən tədbir də keçirilib. Martın 29-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsinin təqdimatı olub. Tədbirdə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, ictimai-siyasi xadimlər, şairlər, yazıçılar və media nümayəndələri iştirak ediblər. Kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, bu layihə Azərbaycan ilə Özbəkistan arasında ictimai-siyasi və mədəni əlaqələrin yüksək səviyyədə olmasının parlaq təzahürüdür. Bu cür təşəbbüslərin həyata keçirilməsi əməkdaşlığımızın tərəqqisinə böyük təkan verir. M.Əhmədov xüsusi vurğulayıb ki, Azərbaycan və özbək xalqları arasında tarixi köklərə malik dərin mədəni-ədəbi əlaqələr mövcuddur. Bu əlaqələr XX əsrin sonlarında hər iki respublikanın dövlət müstəqilliyinə yenidən qovuşmalarından sonra daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycanın haqq işinin müdafiəsində Özbəkistan dövləti hər zaman dəstəyini hiss etdirib. Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə xidmət edən çoxlu sayda layihə və tədbirlər həyata keçirilir. Təqdim edilən “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi də həmin silsilədəndir. Layihə çərçivəsində Azərbaycan ədəbiyyatının klassikləri, müasir şair və yazıçılarımızın əsərləri, eləcə də Azərbaycanın tarixi və ictimai-siyasi həyatından bəhs edən kitablar özbək dilinə tərcümə olunub. 24 adda müxtəlif mövzulara dair Azərbaycan, türk, özbək və rus dillərində nəşr edilən bu kitablarla yanaşı, bir neçə Azərbaycan filmi də dublyaj olunaraq özbəklərin istifadəsinə verilib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlər və perspektivlər haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycanın xarici siyasətində, ölkəmizin imicinin yüksəlməsində böyük rol oynayan bu cür təşəbbüslər mütəmadi həyata keçirilməlidir.
Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinın direktoru Samir Abbasov məlumat verib ki, həyata keçirilən layihələr çərçivəsində Özbəkistanın müxtəlif mədəniyyət və təhsil ocaqlarında Azərbaycan guşələri və otaqları yaradılıb. Mərkəzin təşəbbüsü ilə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi, Özbəkistan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyli adına Azərbaycan-Özbəkistan Musiqi Mədəniyyəti Mərkəzi fəaliyyətə başlayıb.
(ardı var)

Xəbər xətti