Diaspora təşkilatları ölkəmizin beynəlxalq aləmdə təbliğ olunmasında rol oynayır

18:30 - 5 Oktyabr 2017 - KİVDF

Bu, xalqımız haqqında obyektiv ictimai rəyin formalaşmasına kömək edir


Azərbaycanın dünyada artan nüfuzunun daha da möhkəmlənməsi, ölkəmizin beynəlxalq aləmdə təbliğ olunmasında dövlətlə yanaşı, diaspora təşkilatlarının da rolu var.Onların üzərinə beynəlxalq miqyasda Azərbaycanın fəal təbliğatçısı kimi kifayət qədər məsuliyyət düşür. Diaspora təşkilatlarının fəaliyyət istiqamətlərindən biri də Azərbaycanın beynəlxalq arenada tanınmasına, qədim və zəngin mədəniyyətə malik xalqımız haqqında obyektiv ictimai rəyin formalaşmasına kömək etməkdir. Bu sahədə optimal yollardan biri də xalqlararası münasibətlərin möhkəmlənməsinə xidmət edən fəaliyyətin genişlənməsidir. Xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi, təhsil səviyyəsinin yüksəlməsi, sağlam nəslin böyüməsində və bu qəbildən olan digər missiyaların yerinə yetirilməsində özünəməxsus rol oynayan diaspora təşkilatları Azərbaycanın beynəlxalq miqyasda təbliğində əvəzsiz rol oynayırlar. Belə təşkilatlardan biri Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresidir. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev bildirib ki, 1999-cu ildə "Ukrayna Azərbaycanlıları Konqresi" ni yaradıblar. "Bu addım, Azərbaycanın o zamankı Dövlət başçısı H.Əliyev tərəfindən çox böyük razılıqla qarşılandı. Keçirdiyimiz tədbirlərin ana xəttini Ukrayna-Azərbaycan əlaqələri, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, işğal edilmiş torpaqlarımız, onların azad olunması üçün beynəlxalq təşkilatların ikili standartlardan əl çəkmələri təşkil edir". Onun sözlərinə görə, Ukraynanın 24 vilayətində fəaliyyət göstərən BUAK-ın regional təşkilatlarının vahid mərkəzdən idarə olunur. Konqresin sədri qeyd edib ki, Dağlıq Qarabağla bağlı problem onların daima diqqət mərkəzindədir. " Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar bəyanat yaydı. Biz bəyanatda Ukrayna Azərbaycanlıları adından Azərbaycanın dinc sakinlərin həyatlarını itirməsi ilə nəticələnən hadisələrlə bağlı ciddi narahatlıq ifadə etdik. "Son günlər baş verən hadisələr 1994-cü ildə əldə edilmiş atəşkəs danışıqlarının Ermənistan tərəfindən ciddi şəkildə pozulmasıdır. Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi münaqişənin daha da dərinləşməsini yolverilməz hesab edir. Biz Azərbaycan torpaqlarının işğalını pisləyir və ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasına tam dəstəyimizi ifadə edirik”-deyə bəyanatda bildirilirdi. Biz bütün beynəlxalq təşkilatları BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş Dağlıq Qarabağ və ətraf rayonların azad olunması bağlı 4 qətnamənin yerinə yetirilməsi ilə əlaqədar mümkün tədbirlər görməyə çağırdıq". 
Onun sözlərinə görə, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi münaqişənin sülh yolu ilə həll edilməsini və danışıqların yüksək səviyyədə aparılmasını dəstəkləyir. O bildirib ki, Ukraynada Dağlıq Qarabağın işğal olunduğu yüksək tribunadan da dəfələrlə səsləndirilib. "Azərbaycanlı dostlarımızı hamıdan yaxşı başa düşürük. Çünki bu işğaldır".Bunu Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra mətbuat konfransında deyib. Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir bildirib ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünə dəstək verməyə sadiq qalacaq
Konqresin sədri vurğulayıb ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin inkişaf etdirilməsində rəhbərlik etdiyi diaspora təşkilatın öz payı var. Rövşən Tağıyevin sözlərinə görə, bir iş adamı kimi də iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında töhvəsini verir. "Mən, Bakıya ildə ən azı 2 dəfə gəlirəm. Nəinki biz, Bakıda və bəzi regionlarda olan Ukraynanın iş adamları, deputatlar da Azərbaycandakı quruculuq işlərindən çox məmnundurlar. Bu, cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində baş verib. Borcumuz, Azərbaycandakı sabitliyi göz bəbəyi kimi qorumaqdan ibarətdir. Yalnız bu yolla Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş torpaqlarımız özümüzə qaytarıla bilər". Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyevin sözlərinə görə, Ukraynanın iqtisadi sektorunun imkanları genişdir:" Ölkənin ən qiymətli sərvəti onun münbit torpaqlarıdır. Dünyanın qara torpağının üçdəbiri buradadır. Burada kənd təsərrüfatı ilə bağlı böyük layihələr həyata keçirmək olar və mən azərbaycanlı iş adamlarını Ukrayna torpaqlarından yararlanmağa çağırıram... İndinin özündə də burada azərbaycanlılar var ki, kənd təsərrüfatı şirkətləri və on minlərlə hektar torpaqları var. Məsələn, Dnepropetrovsk vilayətinin deputatı, iş adamı Fəxrəddin Muxtarov bu sıraya daxildir. Amma bunun həcmini və sayını Ukraynada daha çox eləmək olar. Bir diaspor rəhbəri, uzun illərin təcrübəli iş adamı kimi istənilən azərbaycanlı iş adamına kifayət qədər vakant yeri olan Ukrayna iqtisadiyyatında yardımçı olmağa hazıram.
Biz burada nə qədər geniş imkanlara malik olsaq da, kürəyimizi Azərbaycan dövlətinə və xalqına söykəmişik. Biz burada istənilən fəaliyyətimizdə Azərbaycandan stimul alırıq və həmişə Vətənin yanındayıq". 
Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi bu ölkədə Azərbaycanla bağlı təşkil olunan tədbirlərdə də fəal iştirak edir. Belə tədbirlərdən biri bu yaxınlarda Kiyev şəhərində keçirilib. Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən təşkil olunan “Salam Azərbaycan” adlı açıq qapı günü ukraynalıların marağına səbəb olub. Səfirliyin ərazisində ümummilli lider Heydər Əliyev adına parkda təşkil olunan tədbirdə şəhər sakinləri və qonaqlar üçün Azərbaycan mədəniyyəti və mətbəxi təbliğ edilib. Xarici ölkələrin diplomatik nümayəndələri, Ukrayna Ali Radasının deputatları, siyasətçilər, mədəniyyət və ictimai xadimlər, Azərbaycan diaspora təşkilatları və KİV-lərin iştirak etdiyi tədbirdə Azərbaycanın milli yeməkləri olan - dolma, plov, dovğa və digər nemətlər təqdim olunub. Tədbirdə qonaqlar, həmçinin milli musiqi alətimiz olan tarın canlı müşayiəti ilə muğamımıza qulaq asıblar. Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev bildirib ki, Azərbaycan milli mətbəxinin tarixi də elə xalqın tarixi qədər qədimdir. Azərbaycan kulinariyası öz tarixi kökləri və özünəməxsusluğu ilə digərlərindən xeyli fərqlənir. Azərbaycan xörəkləri yüksək keyfiyyətləri ilə dünyada məhşurdur. Diplomat deyib ki, qədim köklərə malik Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliğinin aparılması üçün dövlətimiz tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.
Konqresin sədri bildirib ki, bu kimi tədbirlər Azərbaycan mətbəxinin Ukraynada tanıdılmasına  xidmət edir. "Azərbaycanın Ukraynadakı səfirliyi dövlətimizin, vətənimizin bir parçasıdır. Bu baxımdan vətənini, dövlətini sevən hər bir insan xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərimizlə bir yerdə olmalıdır. Bu baxımdan biz də həyata keçirdiyimiz bir çox tədbiri səfirliyimizlə birgə keçirtməyə üstünlük veririk. Azərbaycanın ukraynadakı səfiri Azər Xudiyev peşəkar diplomatdır. Son bir ildə səfirliyimizlə birgə vətənimizlə bağlı bir çox tədbirlər həyata keçirmişik. Bununla yanaşı səfirliyimizin dəstəyi ilə Kiyev şəhərinin mərkəzində Azərbaycan parkı açıldı. Bu yaxınlarda isə mərkəzi parklardan birində Müslüm Moqamayevin abidəsi ucaldılacaq. Əlbəttə ki, bu işlər təqdirəlayiqdir. Biz də çalışırıq ki, öz növbəmizdə geniş potensialımızla səfirliyimizə dəstək verək".

Xəbər xətti