"Yeni diaspora təşkilatı yaratmaq lazımdır"

18:17 - 4 Oktyabr 2017 - KİVDF

Vəkil: "ÜAK-ın işinə Rusiya Ali Məhkəməsinin Rəyasət Heyətində baxılması üçün müraciət hazırlanır"


"Ümumrusiya Azərbaycan Konqresini (ÜAK) qoruyub saxlamaq mümkün olmasa, yenisini yaratmaq lazımdır". Bunu Rusiya Vəkillər Gildiyasının prezidenti, ÜAK-ın Rəyasət Heyətinin üzvü və təşkilatın ləğv edilməsi prosesində Rusiya Ali Məhkəməsindəki rəsmi nümayəndəsi Həsən Mirzəyev bildirib. Onun sözlərinə görə, təşkilatın qorunub saxlanılması üçün maksimum səy göstərilib: "ÜAK təşkilatın fəaliyyəti haqqında gecikmiş məlumatlara görə ləğv edilib". 
H.Mirzəyev ÜAK-ın işi üzrə məhkəmədə çıxış edərkən harada səhvlər buraxıldığını izah etdiyini və bunların aradan qaldırılması üçün vaxt istədiyini xatırladıb: "Lakin qanunun pozulması halları çox aşkar idi. Ona görə də məhkəmə ləğvedilmə barədə hökmü qüvvədə saxlayıb".
Bəzi səhvləri ÜAK  da təsdiqləyib. Qeyd etmək lazımdır ki, ötən illər ərzində təşkilatın fəaliyyətində tələb olunan sənədlərin qeydə alınması və tərtibatında yanlışlıqlara yol verilib, bəzən Rusiya Ədliyyə Nazirliyinin məktublarına operativ reaksiya olmayıb, Mərkəzi Şuranın iclaslarının keçirilməsi müddətilə bağlı tələblərə riayət edilməyib (misal üçün 2016-cı ildə Mərkəzi Şuranın iclası 25 noyabrda keçirilməli idi, o isə 26 noyabrda keçirilib), digər texniki səciyyəli səhvlər buraxılıb", - ÜAK-ın rəsmi açıqlamasında deyilir. Bununla yanaşı, təşkilat bildirir ki, Rusiya Ədliyyə Nazirliyi regional bölmələrdə keçirilən iclaslarının vaxtı ilə bağlı əsassız ittihamlar irəli sürür. ÜAK bildirir ki, bu iradlar əsaslı olsa belə, "yetərsay və həmin iclaslarda qəbul edilmiş qərarların legitimliyinə təsir göstərməyib".
Vəkil deyib ki, ÜAK-ın ləğvi onun üçün şəxsi faciə sayılacaq: "Mən özüm tatam, lakin ruhən azərbaycanlıyam. ÜAK mənə doğma təşkilatdır. Ona görə də təşkilatın bugünkü vəziyyəti, xüsusilə də diasporun bütün səviyyələri arasında həmrəyliyin olmaması məni narahat edir. Rusiyada yaşayan azərbaycanlıların çoxu öz həyatını yaşayır, başları biznesə qarışıb və nəticədə də diasporun işləri onlar üçün maraqlı deyil". 
H.Mirzəyev vurğulayıb ki, hazırda işə Rusiya Ali Məhkəməsinin Rəyasət Heyətində baxılması üçün müraciət hazırlanır. O, Rusiyada azərbaycanlıların yeni diaspor strukturunun yaradılmasının mümkünlüyünə də toxunub: "Məncə, bu, tam doğru addım olardı. Yeni təsis qurultayı keçirilməli, nizamnamə yazılmalı, idarəetmə orqanlarına seçimlər edilməlidir. Təşkilatda, xüsusən də rəhbərlik səviyyəsində müasir Azərbaycanı təcəssüm etdirən insanlar - Avropa təhsilli, amma şərq müdrikliyinə malik, intellektli, xalqın mədəniyyətini və ənənələrini bilənlər olmalıdırlar".
Rusiyada yeni diaspora təşkilatının yaradılması görünür realləğa çevrilir. "Rusiyada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi barədə qərar qüvvədə saxlanılsa, bu ölkədə yaşayan azərbaycanlılar qısa müddətdə yeni diaspor təşkilatı yaradacaq". Bu barədə  ÜAK rəhbərliyinə yaxın mənbə bildirib. Əldə edilən məlumata görə, yeni təşkilat, çox güman ki, ÜAK-ın bazasında fəaliyyət göstərəcək. Mənbə bildirib ki, yeni struktur yaradılarsa, onun tərkibinə həm ÜAK üzvləri, həm də son illərdə diasporun fəaliyyətində fəal iştirak etmiş yeni simalar daxil olacaq.
Yeni təşkilatın strukturu və onun nizamnaməsi ÜAK-dakına bənzər olacaq. Həmçinin tezliklə diaspor fəallarının ixtiyarına təqdim ediləcək yeni ofis aldığı da məlumdur. Yeni təşkilatın fəaliyyətində vaxtilə ÜAK-ı tərk etmiş böyük azərbaycanlı iş adamlarının iştirak edəcəyi gözlənilir. 
Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də “Moskva-Bakı oxu - Qafqazın yeni geosiyasətinə doğru” adlı beynəlxalq konfransda çıxışı zamanı bu məsələyə də toxunmuşdu.
Xatırladaq ki, mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ictimai təşkilatının nizamnaməsinin Rusiya qanunvericiliyinə uyğun olmaması səbəbindən ləğv edilməsi barədə iddiasını təmin edib. Sentyabrın 19-da Rusiya Ali Məhkəməsinin Apellyasiya Şurası ÜAK-ın ləğvi ilə bağlı qərarı qüvvədə saxlayıb. Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə  Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və Heydər Əliyevin dəstəyi ilə yaradılıb.  ÜAK-ən  əsas məqsədlərindən biri Rusiya və Azərbaycan arasında sosial-iqtisadi və mədəni əlaqələrin, həmçinin vətəndaş cəmiyyətinin inkişafının möhkəmləndirilməsi olub. 
Qeyd edək ki, ÜAK-ın ləğvi ilə bağlı qərar Azərbaycan tərəfindən narazılıqla qarşılanmışdı. Azərbaycanın Xarici İşlər Nazirliyi Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) məhkəmə hökmü ilə qeydiyyatının ləğvi barədə qərarın təəssüf və təəccüb doğurduğunu bildirib. "Bu addımdan Rusiya Federasiyasında yaşayan vətəndaşlara qarşı etnik mənsubiyyətinə görə ayrıseçkilik və qərəzliliyin təzahürünü görürük", - Azərbaycan Xarici işlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev bildirib. "Bu qərarı qeyri-dost addım olaraq qiymətləndiririk", deyə o əlavə edib. "ÜAK-in ləğv edildiyi halda Rusiya Erməniləri İttifaqına tam dəstəyin verilməsi Rusiya Federasiyasının erməni və azərbaycanlı millətindən olan vətəndaşlara qarşı qeyri-tarazlı münasibətin təzahürü kimi qəbul edilə bilər - bu da Dağlıq Qarabağ nizamlanmasında Rusiyanın vasitəçilik roluna mənfi təsir göstərə bilər", Hacıyev qeyd edib.
Öz növbəsində ÜAK qeydiyyatın ləğvilə əlaqədar Diasporla iş üzrə Dövlət Komitəsinin bəyanatında deyilirdi ki, "xalqlarımızın və dövlətlərimizin qarşılıqlı dəstəyə daha çox ehtiyacı olduğu bir dövrdə qəbul olunmuş bu qərar ölkələrimiz arasında uzun illər ərzində formalaşmış etimada kölgə sala bilər."
Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib ki, bu, böyük təəssüf hissi doğurur: “Ümumrusiya Azərbaycan Konqresi rəhbərliyinin öz hüquqlarını sonadək müdafiə edəcəyinə əminliyimizi bildirməklə yanaşı, xüsusi olaraq vurğulamağı vacib hesab edirik ki, beynəlxalq münasibətlərin son dərəcə həssas və mürəkkəb bir dövründə qəbul olunan bu qərar iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna qətiyyən uyğun deyil. Rusiyanın müxtəlif dövlət orqanlarının nümayəndələri ilə ən müxtəlif səviyyələrdə danışıqlar aparılmış, ayrı-ayrı görüşlər zamanı mövzu dəfələrlə müzakirə olunub, Azərbaycan dövlətinin və ictimaiyyətinin məsələyə son dərəcə həssas yanaşması diqqətə çatdırılmışdır. Apellyasiya Kollegiyasının bütün bunlara baxmayaraq, Konqresin ləğvi barədə qərarı qüvvədə saxlaması ölkələrimizin inkişaf edən münasibətlərinə kölgə salmaqda maraqlı olan qüvvələrin mövcudluğunu bir daha təsdiqləyir. Hesab edirik ki, ötən müddət ərzində ÜAK-ın iki ölkə arasında əlaqələrin möhkəmlənməsi, xalqlarımızı bir-birinə bağlayan mədəni dəyərlərin, tarixi ənənələrin təbliği istiqamətindəki fəaliyyətini nəzərə almadan qəbul olunmuş bu qərar çoxmillətli Rusiyanın milli siyasətinin əsas prinsiplərinə, qədim dostluq münasibətlərinə malik xalqlarımızın qarşılıqlı mənafelərinə cavab vermir”.
“Azərbaycana qarşı bir sıra xarici dairələr, müxtəlif şəbəkələrin sifarişi əsasında qeyri-şəffaf məqsədlər üçün yaradılmış qurumlar tərəfindən qərəzli iddialar əsasında böhtan kampaniyalarının intensivləşdiyi bir vaxtda strateji tərəfdaş hesab etdiyimiz Rusiyada ən böyük diaspor təşkilatının fəaliyyətinin dayandırılması yalnız acı təəssüf hissi doğura bilər. Yaxın tarix göstərir ki, müəyyən dövrlərdə, xüsusilə Azərbaycan qlobal əhəmiyyətli layihələrə imza atarkən ciddi təzyiqlərə və təhdidlərə məruz qalır, ölkəmizə qarşı təxribat xarakterli addımlar atılır, dünyanın aparıcı güc mərkəzləri ilə münasibətlərin gərginləşdirilməsinə yönəlmiş ssenarilər həyata keçirilir. Bu baxımdan, heç şübhə yoxdur ki, ÜAK-ın ləğvi yalnız iki ölkə arasındakı qarşılıqlı etimadı zəiflətmək, dövlətlərarası münasibətləri zədələmək məqsədi güdən qüvvələrin maraqlarına xidmət edə bilər. orqanlarının Ümumrusiya Azərbaycanlıları Konqresini ləğv etmək siyasəti təəccüb, ciddi sual və dərin təəssüf doğurur. 
Görünür yeni diaspor təşkilatı yaradılacaq. Bu təşkilat iki ölkə arasında əlaqələrin möhkəmlənməsində daha böyük rol oynayacaq.

Xəbər xətti