Diaspora təşkilatlarımız Özbək cəmiyyətinə Azərbaycan həqiqətləri çatdırır

18:16 - 2 Oktyabr 2017 - KİVDF

Onlar Azərbaycan dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin tanıdılmasında mühüm rol oynayırlar

Azərbaycan ilə Özbəkistan arasında əlaqələr 2oktyabr 1995-ci ildə yaradılıb.. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.  Amma Orta Asiyanın bu dövləti ilə Azərbaycan arasında mədəniyyət və ticarət əlaqələrinin kökü qədim dövrlərə təsaduf edir. Özbəkistana azərbaycanlıların bir hissəsi könüllü mühacirət edib, bir qismi isə zorla köçürülüb. Xüsusən, Əmir Teymurun Azərbaycana yürüşləri nəticəsində yüzlərlə sənətkar, elm xadimi və nüfuzlu peşə sahibləri Səmərqəndə sürgün ediliblər. Azərbaycanlılar Özbəkistanın ictimai, mədəni həyatında tarixən mühüm izlər qoyublar. Azərbaycan diasporunun formalaşması isə əsasən XX əsrdə baş verib. Tədqiqatçı Yaşar Qasım Özbəkistanda konkret olaraq Azərbaycan diasporunun formalaşma prosesini aşağıdakı mərhələlərə bölür: – 1905-1907-ci illərdə ermənilərin Azərbaycan ərazilərində həyata keçirdiyi kütləvi qırğınlar zamanı başqa ölkələrə, o cümlədən Özbəkistana miqrasiya edənlər;- Oktyabr çevrilişi, vətəndaş müharibələri və ümüumən 1918-1920-ci illərdəki hadisələr nəticəsində mühacirət edənlər; – 30-40-cı illərdəki deportasiya və repressiyalar zamanı Özbəkistana məcburi sürgün edilənlər; – 1950-1960-cı illərdə aparılan quruculuq işləri ilə əlaqədar köçürülənlər; – 60-cı illərin axırı və 70-ci illərin əvvəlində başlanan sənayeləşmə ilə xarakterizə olunan yeni dövr. 1991-ci il Azərbaycan dövlət müstəqilliyinin əldə olunmasından sonra həmvətənlərimizin Qərb və Şərq ölkələrinə başlanan kütləvi miqrasiyası azərbaycanlıların Özbəkistana mühacirətinin sonuncu mərhələsi kimi qiymətləndirilə bilər. Müasir dövrdə Azərbaycan diasporunun Özbəkistanda sayı təqribən 60000 nəfərə çatır.
Qeyd edim ki, hazırda Özbəkistanda Azərbaycan diasporu bu ölkənin ictimai- siyasi həyatında iştirak edir, vətənlə intensiv əlaqə saxlayır, mədəni-kütləvi tədbirlər həyata keçirir. İki ölkə arasında əlaqələrin inkişafında Azərbaycanlıların Milli Mədəni Assosiasiyası aparıçı rol oynayır. Bu assosiasiya 4 noyabr 2002-ci ildə təsis edilib və 6 vilayətdə filiallarını qeydiyyatdan keçirərək geniş fəaliyyət göstərir. Birlik Özbəkistanda  yaşayan azərbaycanlıların bir-biri ilə əlaqə yaratmasında, "Azərbaycanşılıq" ideyasının soydaşlarımız arasında təbliğ edilməsində, onların tarixi vətənlə əlaqələrinin gücləndirilməsində, Azərbaycan dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin tanıdılmasında mühüm rol oynayır. Təşkilatın  Özbəkistanın ictimai-siyasi dairələri ilə də yaxşı əlaqələri var.
Bu gün Özbəkistanda bu diaspora təşkilatından başqa, bir neçə Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir ki, bu təşkilatlar da müntəzəm olaraq özbək cəmiyyətinə Azərbaycan həqiqətlərinin çatdırlması istiqamətində müxtəlif layihələr həyata keçirirlər. Onlardan biri də Azərbaycan Milli Mədəniyyət Mərkəzidir. Mədəniyyət mərkəzi 1989-cu ilin sentyabrında Daşkəsəndə yaradılıb. Mərkəzin əsas məqsədi Özbəkistanda yaşayan soydaşlarımız arasında sıx əlaqələr yaratmaq, onları Azərbaycanda baş verən hdisələrlə yaxından tanış etmək, milli-mədəni dəyərlərin qorunmasına çalışmaq, Azərbaycan və Özbəkistan xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirməkdir. Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Mobil Məmmədov bu barədə deyib:" Azərbaycan diasporunun müasir Özbəkistandaki vəziyyəti iki ölkə arasında olan dostluq və qardaşlıq münasibətlərindən qaynaqlanır. Təsadüfi deyil ki, Orta Asiyada ilk səfirlik Özbəkistanda ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə 19 iyun 1997-çi il tarixində açılıb. 18-19 iyun 1997-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Özbəkistana rəsmi səfərini münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Səfər zamanı iki dövlət arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 19 sənəd imzalandı. Bu sənədlər içərisində Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə böyük əhəmiyyət kəsb edir. Bu sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün güclü fundamental müqavilə-hüquqi baza yaratdı Bu, diasporamızın inkişafına böyük təkan olub. Ümummilli liderimizin yolunu Prezidentimiz İlham Əliyev xüsusi diqqətlə davam etdirir və bu ölkədə  bir neçə dəfə rəsmi səfərdə olub. 2006-cı ildə ilk səfəri zamanı möhtərəm prezidentimiz Daşkənd şəhərində Nizami adına Pedaqoji Universitetin qarşısında qoyulan Nizami Gəncəvinin heykəlinin açılışında iştirak etdi. 2010-cu ildə olan səfəri zamanı isə Prezidentimiz Azərbaycanın maliyyə dəstəyi ilə yeni təmir olunmuş Azərbaycan Mədəniyyət Mərkəzinin istifadəyə verilməsində iştirak etdi. Qeyd etmək lazımdır ki, yeni qurulan bina öz gözəlliyi  və müasirliyi ilə təkrarolunmaz bir mədəniyyət sarayına çevrilib. Bu, bizi sevindirir və fəxrləndirir. İki ölkə rəhbərləri arasında mədəniyyət, incəsənət, iqtisadiyyat, və başqa sahələr üzrə əməkdaşlıq haqqında imzalanan müqavilələr artıq öz nəticələrini verir. Bütün bunlar Özbəkistanda yaşayan Azərbaycan diasporunun iqtisadi irəliləyişinə, sosial vəziyyətinin yaxşılaşmasına, adət-ənənələrinin qoruyub saxlanmasına geniş imkanlar yaradır".
Milli Mədəniyyət Mərkəzi fəaliyyətində Azərbaycana qarşı erməni təcavüzkarlarının apardıqları işğalçılıq müharibəsi haqqında əsil həqiqəti açıb göstərmək, soydaşlarımıza  və Özbəkistanda yaşayan xalqlara bu hadisənin mahiyyətini izah etmək mühüm yer tutur. Mərkəzdə keçirilən tədbirlərdə və toplantılarda Azərbaycanda gedən hadisələr təhlil olunur, erməni təcavüzkarlarına qarşı müharibə aparmağa məcbur olunan Azərbaycana maddi və mənəvi köməklik göstərilməsi təşkil edilir. 
Mobil Məmmədov deyib: “Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyimiz birmənalı və dəyişməz qalır... Özbəkistan hesab edir ki, bu münaqişənin həllinin başlıca şərtlərindən biri Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır”.
Diaspora fəallı azərbaycanlıə gənclərin fəaliyyətinə də toxunub. O qeyd edib ki, özbəkistanda yaşayan azərbayçanlı gənclər olduqca fəaldırlar. Onlar respublikanın 50-dən cox ali təsil müəssisəsində biliklərə yiyələnirlər. Gənclərin öz dilimizə, mədəniyyətimizə, tariximəzə olan marağı  sürətlə  artır. Keçirilən tədbirlərin təşkilində bizə yardım edirlər. Diasporun  gənc üzvləri dövlət və içtimai təşkilatlarda öz yerlərini tapırlar və ixtisasları üzrə çalışırlar. Bu isə onu göstərir ki, diasporumuzun gələcəyi etibarlı əllərdədir.
Bundan başqa, Azərbaycan Milli Mədəniyyət Mərkəzində teatr, musiqi, folklor-etnoqrafiya kollektivləri, bədii studiyalar və dərnəklər də təşkil edilir. Mərkəzin təşkil etdiyi tədbirlərdə digər millətlərin nümayəndələri də iştirak edirlər. "Birgə mədəni və siyasi tədbirlər keçirilir, dəyirmi stol arxasında söhbətlər təşkil edilir, ümumi problemlərdən və qayğılardan danışılır. Belə tədbirlərdə Azərbaycan mədəniyyətini, xalq sənətini təbliğ etmək məsələlərinə xüsusi diqqət yetirilir",- Mobil Məmmədov deyib. Onun sözlərinə görə, mərkəz Azərbaycanın peşəkar incəsənət ustaları və özfəaliyyət kollektivləri ilə müntəzəm əlaqələr saxlayır və konsertlər təşkil edir.

Xəbər xətti