Oğlu şikəst olan ananın fəryadı: "Bizimlə maraqlanan yoxdur"

14:56 - 2 Oktyabr 2017 - HADİSƏ

Bu ilin martında Salyanda baş vermiş dəhşətli qəza nəticəsində əlil olan 35 yaşlı Elçin Dadaşovun anası mətbuata müraciət edib. Ucnoqta.az lent.az-a istinadən xəbər verir ki, paytaxt sakini Rəhilə Dadaşova 3 nəfərin ölümü, daha 2 nəfərin isə ağır yaralanmasına səbəb olan yol polisi əməkdaşlarının cəzalandırılmaması və onun övladının taleyinə biganə qalmasından narazıdır. O bildirib ki, martın 27-də saat 13:53-də Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində yol polisi əməkdaşları Elnur Zakir oğlu Əliyev və Natiq Mehdi oğlu Məmmədyarov idarəetməni itirərək qarşı yola çıxıb və hərəkətdə olan 90-GR-539 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə 3 nəfər ölüb, 2 nəfər sağ qalıb: “Həmin qəzada möcüzə nəticəsində sağ qalanlardan biri mənim oğlum, 1982-ci il təvəllüdlü Elçin Kazım oğlu Dadaşovdur. Hadisədən dərhal sonra oğlum xəstəxanaya çatdırılıb. Onun üzərində cərrahiyyə əməliyyatları keçirilib, həyati orqanları olan böyrəyi, dalağı çıxarılıb. Oğlum ciddi kəllə-beyin travması keçirdiyindən fiziki sağlamlığını itirib, ömürlük şikəst olub. Artıq 3 aydan çoxdur ki, faktla bağlı açılan cinayət işi DYPİ-nin müstəntiqi tərəfindən aparılsa da, nəticə yoxdur. Hadisəni törədən şəxslər rahatlıqla azadlıqda gəzir, pullarının gücünə hərəkət edərək bizim ailənin dərdinə biganə yanaşırlar. Onsuz da mənim yeganə oğlumun həyatda qalması bir möcüzədir. Lakin onun gənc yaşında sağlamlığını itirərək şikəst qalması və buna da hadisəni törədən Elnur Zakir oğlu Əliyev və Natiq Mehdi oğlu Məmmədyarovun biganə yanaşmaları bizi çox qəzəbləndirir. Çünki biz övladımın həyatda qalması üçün 11000 ABŞ dollarından çox pul vəsaiti sərf etmişik. Həmin pulu isə müxtəlif yerlərdən borc olaraq götürmüşük. Bizə övladımın müalicəsi üçün heç bir köməklik göstərilməyib, halbuki bu qəzanın səbəkarları birbaşa DYP əməkdaşları Elnur Zakir oğlu Əliyev və Natiq Mehdi oğlu Məmmədyarovdur. Onlar yolda düzgün hərəkət qaydası seçməyib, bu qədər insanın ölümünə və yaralanmasına səbəb olmuşlar. Biz hesab edirik ki, belə şəxslər öz əməllərinə görə cəzalanmalıdırlar. Çünki bizlər daxili sabitliyimizi polislərə etibar etmişik, onlar isə insanlara öz hərəkətləri ilə nümunə olmaq əvəzinə, yolda düzgün manevr etmir, hərəkət iştirakçılarına mane olur, qəza törədir, nəticədə neçə ailənin çırağı sönür, mənim kimi analar isə bala dağı çəkirlər”.

R.Dadaşova əlavə edib ki, məsələ ilə əlaqədar bütün hüquq-mühafizə orqanlarına, dövlət məmurlarına rəsmi şəkildə müraciətlər ediblər: “Bu günə kimi ailəmizə heç bir təzminat ödənilmir, övladım aldığı xəsarətlərin ağrısı ilə gözümüz önündə əzablar çəkir. Bunun bir ana üçün nə dərəcədə dəhşətli bir fakt olması yəqin ki, hər kəsə aydındır”. 

Xəbər xətti