Mahir Həmzəyevin Azərbaycan mədəniyyətinin Litvada tanıdılmasında xidmətləri var

18:51 - 28 Sentyabr 2017 - KİVDF

O, Azərbaycanla bağlı bir sıra əsərləri litva dilinə tərcümə edərək çap etdirib

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Milli İcmalar Şurasının üzvü Mahir Həmzəyev çoxillik səmərəli ictimai fəaliyyətində Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliği sahəsində mütəmadi olaraq faydalı işlər görüb. Azərbaycan mədəniyyətinin Litvada tanıdılmasında onun böyük xidmətləri var. 1979-cu ildən Vilnüs şəhərində yaşayan və çalışan Mahir Həmzəyev, elmi-ədəbi fəaliyyətlə yanaşı, diaspor işi ilə də məşğuldur. 1988-ci ildə Litva Azərbaycanlıları Cəmiyyətini yaradan Mahir Həmzəyev, Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi, Quba soyqırımı və Xocalı qətliamı mövzusunda, 1990-2016-cı illərdə Litva, Azərbaycan və Rusiya mediasında işıq üzü görmüş 100-ə yaxın tarixi, analitik, polemik və siyasi-publisistik məqalələrin müəllifidir. Litvada müxtəlif dövlət işləri və ictimai vəzifələrdə çalışan M. Həmzəyev, 2015-ci ildən Litva Respublikası Hökuməti yanında Litva Milli İcmalar Şurasının üzvü, 2016-cı ilin may ayından isə Seymin Liberal Sayudis Fraksiyasının millətlərarası münasibətlər və dini məsələlər üzrə məsləhətçisidir. Onun xidmətlərindən biri də Azərbaycan yazıçılarının əsərlərinin Litvada bu ölkənin dilinə tərcümə olunub çap edilməsidir. Məsələn, bu ilin əvvəlində Litvada Cəlil Məmmədquluzadənin Litva dilinə tərcümə edilmiş seçilmiş dram və nəsr əsərlərindən ibarət “Nigarançılıq” adlı kitabın təqdimatı keçirilib.Tədbiri giriş sözü ilə açan kitabın tərcüməçilərindən biri, Litva azərbaycanlıları icmasının sədri Mahir Həmzəyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı barədə qısa məlumat verib.
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə kitabın ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib. Səfirliyin əsas fəaliyyət istiqamətlərindən birinin də ölkələr arasında mədəniyyət sahəsində əlaqələrin qurulmasına yönəldiyini bildirən diplomat tədqiqatçı alim, akademik İsa Həbibbəylinin təşəbbüsünə böyük məmnunluqla qoşulduqlarını vurğulayıb və bu gün ölkələr arasında ikitərəfli münasibətlərdə yeni səhifənin açıldığını qeyd edib.
Tədbirdə Vilnüs Universitetinin rektoru Arturas Jukauskas, Vilnüs Universiteti kitabxanasının direktoru İrena Kriviene fərqli millətlərin və insanların əlyazmaları, kitabları toplanmış kitabxananın fonduna Azərbaycan ədəbiyyatının klassiki Cəlil Məmmədquluzadənin “Nigarançılıq” adlı kitabının daxil edildiyini bildiriblər.
Daha sonra akademik Teymur Kərimli təqdimat iştirakçılarını AMEA-nın rəhbərliyi adından salamlayıb. Azərbaycan ədəbiyyatının qədim və zəngin ənənələri olduğunu söyləyən akademik Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Mirzə Fətəli Axundzadənin və digər ədiblərimizin öz əsərləri ilə bəşəriyyətin mədəniyyət xəzinəsinə dəyərli töhfələr bəxş etdiyini bildirib.
Bildirib ki, cəhalətə, savadsızlığa, despotizmə qarşı mübarizə aparan Mirzə Cəlil əsərləri ilə tək Azərbaycan xalqının deyil, Şərq və dünya xalqlarının da tərəqqisinə, inkişafına xidmət edib. Qeyd edək ki, kitabın təqdimatı Litvanın televiziya kanallarında işıqlandırılıb, nəşr haqqında nüfuzlu informasiya agentlikləri və İnternet portallarında məqalələr dərc olunub.
Qeyd edək ki, 2017-ci ilin fevralında Azərbaycandakı "Elm və təhsil” nəşriyyatında tanınmış ədəbiyyatşünas, publisist və tərcüməçi, Litva Azərbaycanlılar Cəmiyyətinin sədri Mahir Həmzəyevin "Kitabi-Dədə Qorqud” Baltik xalqlarının dilində” monoqrafiyası çapdan çıxıb. Kitabın elmi redaktoru və ön sözün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir.

Bundan başqa, yazıçı-dramaturq Elçin Hüseynbəylinin hekayələri Litva Azərbaycanlıları Cəmiyyətinin dəstəyi ilə Vilnüsdə çap edilib. Yazıçının “Oyun”, “İlk öpüş” və “Qumru quşu” adlı hekayələri Litva Yazıçılar Birliyinin “Ədəbiyyat və İncəsənət” və “Şimal Afinası“ nəşrlərində işıq üzü görüb.  Hekayələri Litva dilinə Halina Kobetskayte və Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev tərcümə ediblər. Bundan əvvəl E. Hüseynbəylinin “Sular günəşə nəğmə oxuyanda”, “Məzar gəlini” və “Gözünə gün düşür” hekayələri Litvada nəşr olunmuşdu. 
Qeyd edək ki, Ümumdünya Litva Ensiklopediyasının XX və XXI cildlərində Azərbaycan ədəbiyyatının bir sıra görkəmli təmsilçiləri barədə məqalələr yer alıb. Ensiklopediyanın göstərilən cildlərində 11 milli yazarımız - Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Abbas Səhhət, Osman Sarıvəlli, Mikayıl Rzaquluzadə, Süleyman Rəhimov, Rəsul Rza, Nigar Rəfibəyli, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı və Anar haqqında məqalələr dərc edilib.  
Həmin məqalələrdə yazıçılarımızın həyat və yaradıcılığı barədə ensiklopedik məlumatlar, Azərbaycan ədəbiyyatının və tərcümə sənətinin inkişafı üçün onların verdiyi vacib töhfələr və milli söz sənətimizə gətirdikləri ədəbi yeniliklər haqqında yığcam ümumiləşdirmələr ehtiva olunub. Bununla yanaşı oxuculara sözügedən Azərbaycan ədiblərinin Litva ədəbiyyatı ilə əlaqələri və litvalı qələm qardaşları ilə yaradıcılıq əlaqələri barədə orijinal faktlar, o cümlədən Litva-Azərbaycan mədəniyyətlərarası dialoqunun inkişaf etdirilməsi sahəsində onların ədəbi irsi ilə bağlı qarşılıqlı bədii tərcümə nümunələri haqqında bilgilər təqdim edilib. 
Məqalələr Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Mahir Həmzəyev tərəfindən hazırlanıb.
Qeyd edək ki, Ümumdünya Litva Ensiklopediyası universal xarakterli fundamental nəşrdir. 2001-ci ildən başlayaraq Vilnüsdə “Elmi və Ensiklopedik nəşrlər” mərkəzi tərəfindən litvaca buraxılır. Ensiklopediyanı 25 cilddə nəşr etmək nəzərdə tutulub. İndiyədək onun 21 cildi çap olunub. Bir cild təqribən 800 səhifədən ibarətdir. Ensiklopediyada ümumiyyətlə 130 min məqalənin, illüstrasiya olaraq 24 min şəklin və 650 ədəd xəritə görüntüsünün yerləşdirilməsi planlaşdırılıb. Gələcəkdə onun mətninin elektron daşıyıcıları və internet vasitələrilə də yayılması nəzərdə tutulub.
Azərbaycan diasporunun xətti ilə Litva dilində yayımlanmış yazılardan biri də görkəmli ictimai və dövlət xadimi, akademik Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri” adlı tarixi oçerkidir.
Oçerk Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü ilə Litvanın populyar www.slaptai.lt portalında dərc olunub. Əsər Litva dilinə tanınmış tərcüməçi, ədəbiyyatşünas və publisist, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev tərəfindən tərcümə edilib. Tərcüməçi tərəfindən yazılmış giriş məqaləsində Litva oxucularına akademik Ramiz Mehdiyevin həyat və yaradıcılığı haqqında məlumatlar da təqdim olunub. Akademik Ramiz Mehdiyev 2000-ci ildə yazdığı bu əsərində 20 Yanvar faciəsinin tarixi, milli, dini və geosiyasi köklərini dərindən araşdıraraq üzə çıxarıb, qanlı hadisələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı amillərini və prosesləri müxtəlif aspektlərdə geniş təhlil edərək mühüm elmi ümumiləşdirmələr aparıb. Əsərlə tanış olan litvalı siyasət adamları və tarixçilər akademik Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri” kitabını 20 Yanvar qırğını tarixinin dürüst işıqlandırılması sahəsində mühüm elmi hadisə kimi qiymətləndiriblər. Onlar hesab edirlər ki, geniş tarixi kontekstdə qələmə alınmış bu əsər digər elmi-tarixi məziyyətlərlə yanaşı, Azərbaycan tarixinin, həm də ən yeni dövr ümumdünya tarixinin öyrənilməsi baxımından mühüm elmi mənbədir.
 
Xatırladaq ki, Litva xalqı azadlığa gedən yolda dinc əhaliyə qarşı sovet hərbi təcavüzünün nə olduğunu öz təcrübəsi ilə bilir. Belə ki, 20 Yanvar Bakı hadisələrindən bir il sonra - 13 yanvar 1991-ci ildə litvalılar Vilnüs qanlı hadisələrini yaşayıblar. Buna baxmayaraq, indiyədək Litva dilində 20 Yanvar faciəsini elmi-tarixi və geosiyasi planda belə yığcam şəkildə və dərin məzmunlu formada təhlil edib açıqlayan əsər yox idi. Buna görə də akademik Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri” əsərinin litva dilinə tərcümə edilib dərc olunması Litvada azərbaycanşünaslığın irəliləyişi üçün verilmiş əhəmiyyətli bir töhfədir. 
Litvalı mütəxəssislərin fikrincə, geniş oxucu kütləsi akademik Ramiz Mehdiyevin göstərilən əsəri ilə litva dilində tanış olduqdan sonra Azərbaycan xalqının tarixi taleyini daha yaxından başa düşəcək və Azərbaycan-Ermənistan münasibətlərində həm keçmişdə baş vermiş hadisələrin, həm də indi gedən mürəkkəb proseslərin əsil səbəblərini daha dərindən öyrənmək imkanı əldə edəcəklər.
 

Xəbər xətti