"Washington Times": "Konqres Qafqazı necə yanlış oxuyur?"

13:25 - 28 Sentyabr 2017 - SİYASƏT

"Ölkənin xarici siyasətini həyata keçirməyə can atan ABŞ Konqresi Cənubi Qafqazdakı Amerika maraqları ilə bağlı ciddi səhvə yol verə bilər". Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu ABŞ Xarici Siyasət Şurasının baş elmi işçisi Stiven Blank "Washington Times" nəşrində dərc edilən məqaləsində bildirib.
"Konqres Qafqazı necə yanlış oxuyur?" sərlövhəli məqalədə müəllif bəzi konqresmenlərin insan hüquqları ilə bağlı vəziyyətlə əlaqədar Azərbaycana sanksiya tətbiq edilməsi və Konqresin Dağlıq Qarabağın minalardan təmizlənməsi üçün vəsait ayrılması ilə bağlı son çağırışlarının təsirini təhlil edib.
"Hətta ritorik və minimal məbləğlərlə Ermənistanı maliyyələşdirmək, vəziyyəti yalnız ağırlaşdırır", - deyə müəllif vurğulayıb. 

O qeyd edib ki, yeni qanun qəbul etməyə tələsən Konqres regionun xüsusiyyətlərini nəzərə almır. Müəllif Konqresin belə addımlarının əsasən, ABŞ-ın xarici siyasəti ilə deyil, daxili siyasəti ilə bağlı olduğunu yazıb: "Belə təşəbbüslərlə çıxış edən konqresmenlər güclü erməni lobbisi olan regionları təmsil edirlər və onlar yenidən seçilmək istəyirlər".
S.Blankın fikrincə, Konqresin bu cür addımları ABŞ-ın nə insan hüquqları, nə də Cənubi Qafqazda sülhə töhfə verməklə bağlı maraqlarına uyğun deyil. Müəllif qeyd edib ki, Dağlıq Qarabağın işğal altında olan ərazi olmasını bildirməyən və insan hüquqlarının pozulmasına görə Bakıya hücum edən Konqres əslində bilmədən və ya istəmədən Azərbaycana ABŞ-ın gündəmdə olan problemlə maraqlanmadığının mesajını verib. 
O hesab edir ki, Konqres Ermənistanın xeyrinə oynamaqla yalnız Azərbaycanı Rusiyaya doğru itələyir.
"Beləliklə, bu sanksiyalar ABŞ-ın maraqlarına zərər vuracaq", - deyə S.Blank bildirib
Ekspert əlavə edib ki, hazırkı məqamda ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına və Cənubi Qafqazın ümumi təhlükəsizliyinin təmin edilməsinə marağını artırması ən məntiqli siyasət olardı.

Xəbər xətti