Ana səhifə
21 İyun 2018

Dövlət Kukla Teatrında “Sehrli dünya” təqdim olunacaq

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı balaca balalarımızın, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası yolundakı uğurlu missiyasını davam etdirməkdədir. 
Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, bu çərçivədə növbəti aksiya sentyabrın 28-də baş tutacaq. Belə ki, teatrda “İnternyus Azərbaycan” İctimai Birliyi ilə birgə “Sehrli dünya” adlı tamaşa-konsert təqdim olunacaq. Tədbir Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramının dəstəyilə həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində reallaşacaq. Aksiyanın əsas məqsədi fiziki məhdudiyyətli uşaqların istedad və bacarıqlarını üzə çıxarmaqla onlara özlərini realizə imkanı yaratmaqdır. 
Teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının balaca istedadlarının xüsusi qayğıya ehtiyacı olan balalarımızla birgə ərsəyə gətirdikləri “Sehrli dünya” adlı tamaşa-konsertin ssenari müəllifi studiyanın uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva, rejissoru Cəmilə Allahverdiyevadır. 
Uşaqlara bütün məhdudiyyətlərə rəğmən öz gücünə, istedad və bacarığına inam aşılayan, birlikdə hər bir maneəni dəf etmək ruhuna kökləyən tamaşanın ardınca rəngarəng konsert proqramı da təqdim olunacaq. 
Qeyd edək ki, tamaşanın hazırlanmasında Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının üzvü istedadlı uşaqlar da yaxından iştirak ediblər. Müəyyən məhdudiyyətli bu balacalar “Oyuq”un təmsilçiləri ilə birlikdə hər kəsə “Biz birlikdə hər çətinliyə qalib gələrik” çağırışını edəcəklər.
Sonda tamaşa-konsertdə iştirak edən balacalara “Sinema Park” kinoteatrlar şəbəkəsi tərəfindən biletlər hədiyyə olunacaq. 
 

Tarix
26 Sentyabr 2017 [16:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin