Litva Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyir

18:23 - 26 Sentyabr 2017 - KİVDF

Diaspora təşkilatları Azərbaycan həqiqətlərinin Litvada yayımlanması ilə bağlı təbliğat işlərini aparır

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diaspora təşkilatları arasında Litvada fəaliyyət göstərən icmalar xüsusi yer tutur. Onların çoxşaxəli fəaliyyətinin əsas məqsəd və vəzifələrindən biri Azərbaycan həqiqətlərinin Litvada yayımlanması ilə bağlı təbliğat işlərini aparmaqdır. Bu sahədə xüsusilə önəm verilən mühüm məsələlər - Qarabağ münaqişəsi, Ermənistan - Azərbaycan münasibətləri, onun geosiyasi səbəbləri, əsl mahiyyəti və nəticələri, xalqımızın əsrlər boyu məruz qaldığı haqsızlıqlar, azərbaycanlılara qarşı törədilmiş terror və soyqırımı aktları, aparılmış etnik təmizləmələr, Xocalı soyqırımı barədə obyektiv bilgiləri Litva ictimaiyyətinə çatdırmaq və bu baxımdan ölkədə ictimai fikrin doğru istiqamətdə formalaşmasına yardım göstərməkdir. Bundan başqa, erməni diasporu və lobbisinin uzun illərdən bəri apardığı fəaliyyət nəticəsində ölkədə yaranmış yanlış təsəvvürləri aradan qaldırmaq və sözügedən tarixi faciələri Litva siyasi dairələrinin müzakirəsinə çıxarmaq, həmin faktlara hüquqi və siyasi qiymətin verilməsi üçün çalışmaq, Ermənistan dövlətinin işğalçı siyasətini ifşa etmək və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normaları əsasında təcavüzkarı cəzalandırmaq məqsədi ilə addımlar atılır. Bu ilin əvvəlində Vilnüsdə keçirilən Xocalı soyqırımı ilə bağlı tədbir də Litvadakı icmaların fəaliyyətinin bir sahəsidir.  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Litvadakı səfirliyi bu ölkənin Seymindəki Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrup və Avropa Azərbaycan Cəmiyyəti (TEAS) ilə birgə Vilnüs şəhər Sarayında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirib. Mərasimdə Litva Seymində Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupun, dövlət qurumlarının, bu ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşları, tanınmış ictimai-siyasi xadimlər, jurnalistlər də daxil olmaqla 200-dən artıq nümayəndə iştirak edib. Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Xocalı soyqırımını XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsi adlandırıb. “Xocalıya ədalət!” kampaniyasının Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətini vurğulayan səfir Xocalı soyqırımını rəsmi olaraq tanıyan ölkələrin sayının hər il artdığını bildirib. Litva Seyminin insan hüquqları üzrə komitə rəhbəri, Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupun sədri Valerius Simulik Xocalı soyqırımının ən qanlı faciələrdən biri olduğunu deyib, bununla bağlı rəhbərlik etdiyi qrupun adından və öz adından Azərbaycan dövlətinə və xalqına dərin hüznlə başsağlığı verib. O, bəşəriyyətə qarşı törədilmiş bütün əməlləri qınadıqlarını qeyd edərək, Litvanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.
TEAS-ın Fransadakı nümayəndəliyinin rəhbəri Eliza Piter 25 il öncə Xocalıda 613 nəfərin, o cümlədən qadın, qoca və uşaqların qəddarcasına qətlə yetirildiyini qeyd edib, bu qətliamı törətmiş cinayətkarların beynəlxalq məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb. Sonra Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımı ilə bağlı hazırlanan və səfirliyin Litva dilinə tərcümə etdirdiyi qısametrajlı film nümayiş olunub, musiqi proqramı təqdim edilib. Tədbirdə qonaqlara Xocalı soyqırımı ilə bağlı Litva dilində nəşr edilmiş bukletlər və fransız bəstəkarı Pyer Tiloyun “Xocalı 613” adlı əsərinin CD diskləri paylanılıb.
Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinə açılmış ehsan süfrəsi ilə davam edib. Litva Azərbaycanlıları İcmasının sədri Mahir Həmzəyev Xocalı hadisələrinin baş verməsində Ermənistanın keçmiş prezidenti Robert Kocaryanı, hazırkı prezident Serj Sarqsyanı, keçmiş müdafiə naziri Seyran Ohanyanı günahlandırıb və o dövrdə erməni hərbi birləşmələrinə rəhbərlik edən prezident S.Sarkisyanın britaniyalı məşhur jurnalist Tomas de Vaala Xocalı faciəsi ilə bağlı verdiyi müsahibəsindən sitatlar gətirib.
Litvadakı diaspora təşkilatları iki ölkənin mədəni əlaqələrin inkişafında da öz töhvələrini verirlər. 2017-ci ilin fevralında Azərbaycandakı “Elm və təhsil” nəşriyyatında tanınmış ədəbiyyatşünas, publisist və tərcüməçi, Litva Azərbaycanlılar Cəmiyyətinin sədri Mahir Həmzəyevin “Kitabi-Dədə Qorqud” Baltik xalqlarının dilində” monoqrafiyası çapdan çıxıb. Kitabın elmi redaktoru və ön sözün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Mahir Həmzəyev bildirib ki, bu monoqrafiya Azərbaycan və Baltik ölkələri ədəbiyyatşünaslığında bu mövzuya həsr edilmiş ilk tədqiqat işidir. Kitaba “Kitabi-Dədə Qorqud” eposunun Litva, latış və eston dillərinə tərcümələri ilə əlaqədar müəllifin apardığı ədəbiyyatşünaslıq və linqvistik araşdırmalarının orijinal nəticələri, bu eposun öyrənilməsinə dair Estoniya və Latviya müəlliflərinin ən mühüm mədəniyyətşünaslıq işlərinin təhlili və qiymətləndirilməsi, habelə adı çəkilən tərcümələrlə əlaqədar Baltik ölkələri ədəbiyyatşünaslarının rəylərinin analitik icmalı daxil edilib. Mahir Həmzəyev vurğulayıb ki, bu monoqrafiyanın əsas məqsədi Azərbaycan folklorunun bu möhtəşəm və qiymətli abidəsi haqqında 1940-cı ildən başlayaraq Baltik ölkələrinin ədəbi və elmi nəşrlərində dərc edilmiş elmi-publisistik materialların toplanması, öyrənilməsi və ümumiləşdirilməsi olub. M.Həmzəyev bildirib ki, monoqrafiyaya nadir biblioqrafik faktlar və bu eposun 1978-2013-cü illərdə eston, latış və Litva dillərinə tərcümələrinin tədqiqi sahəsində kəşflər daxil edilib.
Mahir Həmzəyev qeyd edib ki, Azərbaycan xalqının etnik və mədəni irsinin qədim abidəsi olan “Kitabi-Dədə Qorqud” eposunun Baltik xalqlarının dillərində nəşr edilməsi çoxəsrlik Azərbaycan-Baltika mədəni əlaqələri tarixində parlaq beynəlxalq ədəbi-mədəni hadisədir. Monoqrafiyada göstərilən tərcümələr və araşdırmalar, Baltik xalqlarının akademik dairələrinin nümayəndələri tərəfindən bu eposun öyrənilməsi, onun eston, latış və Litva dillərində nəşrləri, habelə bu epos haqqında Baltik ölkələrində nəşr edilmiş əsərlər, heç şübhəsiz, “Kitabi-Dədə Qorqud”un dünya xalqlarının mənəvi dəyərləri xəzinəsinə daxil olmasını əks etdirən zəngin elmi salnamənin orijinal və qiymətli səhifəsidir.
Akademik İsa Həbibbəylinin bu kitaba ön söz kimi yazdığı “Qorqud müdrikliyi və müasirlik” adlı məqaləsində qeyd edilir ki, Azərbaycan xalq ədəbiyyatı abidəsi olan “Kitabi-Dədə Qorqud” qəhrəmanlıq eposunun Baltik xalqlarının dillərinə tərcümə edilməsi və həmin ölkələrdə bu eposla bağlı tədqiqatlar mühüm hadisədir. İ.Həbibbəylinin sözlərinə görə, M.Həmzəyev eposun tərcümələrini öyrənir və həmin ölkələrdə aparılmış tədqiqatların mühüm nəticələrini Azərbaycanın geniş ictimaiyyətinə təqdim edir. Bu nəticələr, eyni zamanda, Azərbaycan qorqudşünaslığının qiymətli Baltik səhifələridir.
Bundan başqa, 2017-ci ilin sentyabrr ayında litvalı jurnalist Qintaras Visotskasın yazdığı “Qara Bağın faciəsi” (“Traqediə Çernoqo Sada”) adlı kitab və jurnalist Leonas Yurşanın müəllifi olduğu “Siyasətçilərin xalqların talelərini dəyişdirmiş qərarları” (“Reşeniə politikov, izmenivşie sudğbı narodov”) adlı kitabça Litva dilindən rus dilinə tərcümə olunaraq nəşr edilib. Kitablarda ermənilərin iki əsr öncə Türkiyə və İran ərazilərindən Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqaza köçürülməsindən, son yüz il ərzində erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş terror aktları, etnik təmizləmə, kütləvi qırğınlardan, həmçinin Azərbaycan ərazilərinin işğalından bəhs olunur. Hər iki nəşr Litva ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

(ardı var)

Xəbər xətti