"Universitetlərdə idmançıların təhsil alması üçün müəyyən plan yeri ayrılmalıdır"

18:05 - 25 Sentyabr 2017 - Xəbər

“Azərbaycanda cəmi 32 faiz tələbə dövlət sifarişilə təhsil alır. Amma mənə elə gəlir ki, burada bir natarazlıq var. Dövlət sifarişli təhsil almaq istəyən şəxslər üçün müəyyən qədər plan yeri olur və dolduqdan sonra digər tələbələr ödənişli təhsil almalı olurlar.  Elə tələbələr var ki, 1 bal az topladığına görə ödənişli təhsil almalı olur”. Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında komitə sədri Fuad Muradov belə deyib. Millət vəkili qeyd edib ki, Azərbaycanda idmançı gənclərin təhsil alması üçün ancaq bir imkan var. “Bu da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasıdır. Digər ölkələrdə isə bu prosedur tamamilə fərqlidir.  Əgər biz 8-9-cu sinifdə oxuyan şəxsin  nailiyyətləri, idmana marağı, gələcəkdə olimpiya çempionu ola biləcəyini görürüksə, onun üçün şərait yaradılmalıdır. Həmin uşaqlar çox böyük seçim qarşısında qalırlar.  Bəzən valideynləri perspektivli uşağa deyir ki, “səndən idmançı çıxar-çıxmaz bilmirəm, get repetitor yanına, universitetə daxil ol”. Bununla da biz bir idmançını itiririk. Daha sonra isə  məcbur olub komandalarımıza həmin yaşda şəxsləri legioner olaraq cəlb edirik. Bu çox ciddi problemdir. Əgər gələcəkdə yığmalarımızın tam milli olmağını istəyiriksə, indidən onlara stimul verməliyik. Milli Məclisin Gənclər və idman komitəsi olaraq təklif edirik ki, hər bir universitetdə idmançıların təhsil alması üçün müəyyən plan yeri ayrılsın . Avropada idmaçının müəyyən nəticələri varsa, o, ümumi bir imtahat verib universitetə daxil olur. Biz indidən həmin idmançılara köməklik etməliyik”.

Xəbər xətti