"Azərbaycan həqiqətləri dinləyici kütləsinə çatdırılır"

18:23 - 25 Sentyabr 2017 - KİVDF

Sənəm Əliyeva:  "Estoniya ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafı bizim üçün vacibdir”

 Estoniyada təxminən iki minə yaxın soydaşımız yaşayır. Keçmiş sovetlər məkanında azərbaycanlılar arasında ilk icmalaşma işartıları məhz Estoniyada görünməyə başladı. 1988-ci ildə təşkil olunan "Ocaq" və 1990-cı ildə yaranan Estoniya Azərbaycan Dostluq Cəmiyyəti nəinki Azərbaycan diasporunun formalaşmasında önəmli rol oynadı, hətta Estoniyanın müstəqillik hərəkatında gözə çarpan fəaliyyət sərgilədi. Estoniyada fəyalət göstərən Azərbaycan diaspor təşkilatları, cəmiyyət və birliklər həm ölkəmizin üzləşdiyi problemlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin eston ictimaiyyətinə çatdırılması, həm də zəngin tarixi-mədəni irsimizin təbliği sahəsində məqsədyönlü tədbirlər, müxtəlif layihələr həyata keçirirlər. Azərbaycan diasporunun nümayəndələri bu ölkənin ictimai-siyasi həyatında, Azərbaycanın uğurlarının bu ölkədə tanındılmasında önəmli rol oynayırlar. Bu günlərdə Estoniyanın dövlət radiosu olan “R4” dalğalarında Azərbaycanla bağlı olan “Ocaq” verilişində “Qarabağ” Futbol Klubunun uğurları haqqında danışılıb. Diaspora hərəkatının fəallarından biri Elnur Eltürk bu barədə yazıb: “Veriliş ayda 2 dəfə efirdə olur. Gələn il 10 illiyini qeyd edəcək veriliş böyük dinləyici rəğbəti qazanıb. Veriliş Azərbaycan və Rus dillərində səslənir. Efirdə olduğu bu müddət ərzində verilişin çox maraqlı və mötəbər qonaqları olub. “Ocaq” verilişi Azərbaycan tarixi, mədəniyyəti, Azərbaycanda ayın təqvimi, Azərbaycan dili dərsi və sairə rubrikalarla efirdə olur. Azərbaycan həqiqətləri dinləyici kütləsinə çatdırılır. Verilişin baş redaktoru və aparıcısı Sənəm Əliyevadır. Sentyabrın 6-da efirə gedən verilişi aparıcı “Qarabağ” FK-nun xoş qələbə xəbəri ilə başlayıb və dinləyiciləri bu klubun qısa tarixi ilə tanış edərək qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edib”.
Bundan başqa, radio dalğalarında Azərbaycan haqda “Bu maraqlıdır” rubrikası da böyük maraqla qarşılanır. Burada maraqlı faktlar, görkəmli şəxsiyyətlər barədə söhbət açılır. Estoniyadakı “bazar günü” məktəbinə soydaşlarımızın böyük marağı var. "Hətta bəzən başqa millətin nümayəndələri də türk dili ilə bağlı, yaxın dil olduğu üçün bizə müraciət edirlər. Turist kimi Türkiyəyə səfərləri çox olduğu üçün həmin ölkənin dili ilə də maraqlanırlar.  Bizim əsas məqsədimiz tariximizi, mədəniyyətimizi gələcək nəsillərə öyrətməkdir. Əyani vəsaitlərimiz çoxdur. Bakıdan lazım olan əyani vəsaitləri aparmışıq və  mədəniyyətimiz, incəsənətimizlə bağlı çoxlu sayda plakatlarımız, bundan başqa çox böyük kitabxanamız var. Azərbaycan dövlət qurumları, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələrimiz var və onlar lazımi dəstəyi göstərirlər". -  "Ocaq” radio proqramının baş redaktoru, həftəsonu məktəbinin rəhbəri Sənəm Əliyeva deyib
Onun sözlərinə görə, Azərbaycan dilinin mənimsənilməsində, mədəniyyət və tarixin öyrənilməsində məktəbin müəllimləri üçün ən əsas amil uşaqların və gənclərin arzu və istəyinin nəzərə alınmasıdır. 
Sənəm Əliyeva deyib: "Mən hazırda orada bağçada uşaqlara dərs keçirəm. Ümumiyyətlə, Estoniyada uşaq bağçalarında mexanizm bizim ölkədən fərqlənir. Orada mexanizm əsasən tədris prosesidir, müəllim və köməkçi çalışır. Yalnız usaqlarla deyil, valideynlərlə işləyirik və həftədə iki dəfə valideynlərin qəbul günləridir. Usaqlara əsasən eston dili, ətraf mühit, təbiətə, insanlara münasibət öyrədilir",- Sənəm Əliyeva deyib.
Baş redaktor bildirib ki, Estoniyanın “Delfi” informasiya portalı respublikanın müstəqilliyinin 98-ci ildönümü münasibətilə maraqlı layihə həyata keçirib. Portalın TV bölməsinin jurnalistləri bu kiçik ölkədə az sayda yaşayan millətlərin fəal nümayəndələrinə “Estoniyada yaşamaq xoşunuza gəlirmi və nə üçün” sualı ilə müraciət ediblər. Azərbaycan diasporunun üzvləri “Delfi TV”nin sualına cavab veriblər. “Ocaq” radio proqramının baş redaktoru Sənəm Əliyeva, bazar günü məktəbinin müəllimi Elmira Həsənova və diasporun digər fəal üzvləri deyiblər: “Estoniyada xeyirxah insanlar yaşayır, onlar öz ölkələrini gözəl, bənzərsiz ediblər. Burada xeyli dostumuz var. Bizə doğma olan bu ölkənin inkişafına öz töhfəmizi verməyə çalışırıq. Estoniya ilə Azərbaycan arasında dostluq münasibətlərinin bundan sonra da davam etməsi və xalqların rifahı naminə inkişafı bizim üçün vacibdir”.
Qeyd edək ki. Azərbaycan və azərbaycanlılar barədə geniş məlumat verən ”Azərbaycanlılar” kitabı uzun illərdir estonların stolüstü kitabıdır. ”Azərbaycanlılar” kitabı Estoniya Respublikasının Təhsil Nazirliyinin tədris proqramına əsasən tərtib edilib. Kitabı Təhsil Nazirliyinin sifarişi və maliyyə dəstəyi ilə Estoniya İnteqrasiya Fondu çap edib. Nəşrdə Azərbaycan xalqı, dövlətçilik tarixi, mədəniyyəti, təbiəti, mətbəxi haqqında məlumatlar yer alıb. Azərbaycan Respublikasını və xalqımızı estonlara tanıtmaq məqsədi daşıyan kitabda milli bayramlar və matəm günləri haqqında da məlumat var. Bu nəşrdə Qarabağ münaqişəsinə, eləcə də 20 yanvar faciəsi, Xocalı soyqırımı və 31 Mart Azərbaycanlıların Soyqırımı barədə məlumata da geniş yer ayrılıb. Mövzulara aid rəngli fotoşəkillər kitabı daha maraqlı edir. Kitabda Estoniyada yaşayan Azərbaycan icması haqqında da ətraflı bilgi verilib. ”Azərbaycanlılar” kitabı eston məktəbliləri üçün nəzərdə tutulduğundan daha anlamlı dildə və sadə formada tərtib edilib. 15 000 tirajla nəşr olunmuş kitab artıq kütləvi kitabxanalarda və məktəblərdə də var. Bu estonların Azərbaycan barədə geniş məlumat almasına imkan verir. "Bacardığımız qədər Azərbaycanı təbliğ edirik ki, buna da orada tam imkan yaradılır. Onlar Qarabağ münaqişəsi ilə əlaqədar hadisələri tam dəqiqliyi ilə bilmirdilər. Mən bacardığım qədər məlumatları çatdırıram, eyni zamanda onlar istər-istəməz azərbaycanlılarla tanış olduqdan sonra xalqımızın səmimiliyini görürlər. Ermənilər  tərəfindən bizim haqqımızda informasiyalar tam başqa cür verilir  və bizi işğalçı kimi təqdim edirlər. Biz Qarabağla bağlı faktları açıqlayırıq, plakatlar təqdim edirik. Hətta Estoniyada keçirilən parlamentlərarası konfransda çıxışında litvalı deputat bildirdi ki, Xocalı ilə bağlı filmə baxdıqdan sonra bir neç gün yata bilməyib. Bu soyqırım onu dəhşətə gətirib", Sənəm Əliyeva deyib. 
 Estoniyadakı Azərbaycan diasporası digər ölkələrin diaspor təşkilatları ilə geniş əlaqələr qurub. Xüsusilə Yəhudi icması ilə əlaqələr daima genişlənir.  Yəhudi İcmasının rəhbəri Alla Yakobson bildirib ki, birgə əməkdaşlıq nəticəsində Estoniyada Yəhudi və Azərbaycan icmasının əlaqələri daha da sıxdır: “Azərbaycanlılar çox fəaldırlar. Bizim xalqların bir çox cəhətləri oxşardır və bu bizim bütün dünyada birgə fəaliyyətimizə stimuldur”. İcmanın icraçı direktoru Vadim Revilin isə deyib ki, bizim xalqlar öz yaxın və keçmiş tarixləri ilə yaxından maraqlanırlar, bir birlərinin tədbirlərində yaxından iştirak edirlər: “Bizim Holokost faciəsi tədbirlərinə azərbaycanlılar qatılır, azərbaycanlıların Xocalı soyqırımına da yəhudilər qatılır. Birlikdə qeyd edirik. Bizim nümayəndələr tez-tez Bakıda olur. Bizim icmamızda Bakıdan xeyli yəhudilər var”.
 Sənəm Əliyeva deyib ki, Rusiya Mədəniyyət Mərkəzi ilə yaxşı əlaqələr qurulub. Estoniyada Azərbaycan Mədəniyyət Günləri keçirildikdə digər xalqlar da gəlib iştirak edirlər. Gürcüstan, Ukrayna, Dağıstan, Belarus xalqları ilə yaxşı münasibətlərimiz var. Keçirilən tədbirlərdə qarşılıqlı olaraq iştirak edirik.
(ardı var)

Xəbər xətti