Azərbaycanda voleybol üzrə Avropa çempionatına start verilir

11:34 - 22 Sentyabr 2017 - İDMAN

Bu gün Azərbaycanda voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinə start verilir. İlk oyun Bakıda Ukrayna və Bolqarıstan yığmaları arasında baş tutacaq. A qrupunda mübarizə aparan Azərbaycan millisi isə ilk matçda Macarıstanla münasibətlərinə aydınlıq gətirəcək. Yığmamız sentyabrın 24-də Polşa, 25-də isə Almaniya komandası ilə qarşılaşacaq. Millimizin bütün görüşləri saat 18:00-da başlayacaq.
Bu gün, həmçinin İtaliya - Gürcüstan, Serbiya - Çexiya, Belarus - Xorvatiya, Niderland - Belçika, Polşa - Almaniya və Türkiyə - Rusiya qarşılaşmaları keçiriləcək.
Oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu – Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində keçiriləcək.
Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın dörddəbir, yarımfinal və final görüşləri Bakıda təşkil ediləcək.
Yarışda 16 komanda – A qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, B qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, C qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, D qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya mübarizə aparacaq.trend

Xəbər xətti