Bal yarmarkasında qiymətlər necə olacaq?

11:25 - 22 Sentyabr 2017 - İQTİSADİYYAT

Oktyabrın 10-dan noyabrın 5-dək Bakıdakı “A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək.

Bu barədə Modern.az-a məlumat verən Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Qalib Abduləliyev deyib ki, yarmarkanın təşkilinə rayon kənd təsərrüfat idarələri, Azərbaycan Arıçıları Assosiasiyası cəlb olunub:

“İl ərzində rayon kənd təsərrüfatı idarələri digər özəl qurumlarla birlikdə arıçıların qeydiyyatını aparıb. Artıq yarmarkanın  satış pavilyonuna çıxarılan məhsulların mühafizə olunan xüsusi şəraitdə anbara qəbuluna başlanıb. Anbara qəbul edilən məhsullardan nümunələr götürülüb Respublika Baytarlıq laboratoriyasında yoxlanılır. Laboratoriyanın nəticəsindən asılı olaraq məhsullar satış pavilyonuna buraxılacaq. Eyni zamanda, vaxta qənaət etmək, arıçıların əziyyətə düşməməsi üçün iqtisadi rayonlar üzrə xüsusi qrafik hazırlanıb.

Məhsulların anbara qəbulu sentyabrın 30-da başa çatacaq. Digər hazırlıqlar yekunlaşdıqdan sonra oktyabrın 10-da yarmarka alıcılar üçün açıq elan olunacaq”.

Onun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq yarmarkanın satış pavilyonunda səyyar baytar sanitar laboratoriyası təşkil ediləcək:

“Bunun sayəsində hər bir müştəri istədiyi məhsulu yerində müayinə etdirib ala biləcək. Bundan başqa, oktyabrın 9-da şəffaflığın təmin edilməsi məqsədi ilə yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcək. Vaxta qənaət etmək məqsədilə püşkatma xüsusi kompüter proqramı vasitəsilə müəyyən ediləcək”.

Nazirlik rəsmisi qeyd edib ki, hələlik satışa nə qədər arıçılıq məhsulu çıxarılacağı dəqiqləşməyib:

“Bu, laborator müayinələrdən sonra dəqiqləşəcək. Çünki yoxlamalar nəticəsində müvafiq normalara cavab verən məhsullar satışa çıxarılacaq. Amma ümumilikdə bu il respublika ərazisində arıçılıq üçün əlverişli il olub”.

Qiymətlərə gəlincə, Q.Abduləliyev deyib ki, bu, tələb və təklifdən asılı olacaq:

“Bununla belə, alıcı axının çox olması, müvafiq şəraitin yaradılmasına kömək məqsədilə yarmarkada qiymətlər ümumi bazar qiymətlərindən ucuz olacaq”.

Xəbər xətti