Fatih Terim 3,5 milyon avro təzminat istəyir

11:18 - 22 Sentyabr 2017 - Xəbər

Türkiyə milli komandasının sabiq baş məşqçisi Fatih Terim yerli futbol federasiyasına xəbərdarlıq edib. "Report"un məlumatına görə, 64 yaşlı mütəxəssis vəzifəsindən müqaviləsi bitmədən göndərildiyi üçün təzminat tələb edir. Vəkili vasitəsilə göndərdiyi bildirişdə Terim müqaviləsində yer alan 1 illik alacaqlarını istəyib.

15 noyabr 2013-cü ildə imzaladığı 5 illik müqaviləyə əsasən, Terimin illik qazancı 3,5 milyon avro olub. Bura mükafatlar daxil deyil. Bitiminə 16 ay qalmış müqaviləsi birtərəfli qaydada pozulan təcrübəli mütəxəssis 12 aylıq alacaqlarını tələb edib.

Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirörənlə Terim arasında iyulun 26-da keçirilmiş görüşdə müqavilənin birtərəfli qaydada pozulması qarşılığında 3,5 milyon avro təzminat ödənilməsinə dair razılıq əldə olunub. Lakin təcrübəli mütəxəssis aradan keçən 2 aylıq müddətdə özünə hər hansı ödənişin edilməməsi səbəbindən iddia qaldırıb.

Qeyd edək ki, Fatih Terimə müqavilə üzrə qalan borc 4,66 milyon avrodur.

Xəbər xətti