Uşaq intiharı, yoxsa?

19:09 - 21 Sentyabr 2017 - Cəmiyyət

Psixoloq Aytən Ağayeva: “Əgər ana və ata uşağa kifayət qədər vaxt ayırmırsa, diqqət göstərmirsə, bu uşaq kimisə yamsılamalı, öz sosial rolunu tapmalıdır”


“Evin pəncərəsinə dəmir çərçivə vurdurdum. Səbəb isə oğlumun cizgi filmlərinin qəhrəmanlarının etdiyi təhlükəli hərəkətləri etməyə cəhdləri oldu. Oğlum cizgi film qəhrəmanlarının hərəkətlərini yamsılayır. Özünü yüksək mərtəbəli binanın balkonundan atmağa cəhd edirdi. Deyirdi ki, mən də “Betman” kimi uçacam. Hətta deyirdi ki, ata, mən bunu bacararam” – bu sözləri bizimlə söhbətində valideyn Vüqar bəy bildirdi.

Əslində övladlarının bu kimi hərəkətləri ilə rastlaşan valideynlər az deyil. Tez-tez mətbuatda və gündəlik həyatımızda uşaqların hündürmərtəbəli binalardan, balkonlardan yıxıldığını eşidirik. Bəzən bunu uşaq intiharları adlandırırlar, bəzən isə sadəcə diqqətsizlik səbəbindən yıxıldığını deyirlər. Əslində necədir? Bu uşaq intiharlarıdırmı, yoxsa yıxılma? Bu kimi hadisələrdə cizgi filmlərinin rolu nə dərəcədədir?

Mövzuyla bağlı “Üç nöqtə”yə açıqlama verən psixoloq Aytən Ağayeva bildirdi ki, insanın inkişafı bir neçə mərhələyə bölünür: “1 yaşadək çağalıq dövrü,  1-3 yaş arası körpəlik, 3-6 yaş məktəbəqədər dövr, 7-11(12) yaş ibtidai sinif dövrü, 12 yaşdan sonra isə yeniyetməlik dövrü. Araşdırmalara görə, ilkin intihar fikirləri 10-12 yaş dövrünə, ibtidai sinif dövründən yeniyetməlik dövrünə keçən bir vaxta təsadüf edir. Yeniyetməlik dövründə insan orqanizmində çox böyük hormonal və fizioloji dəyişikliklər olur. İntihar fikirləri bu dəyişikliklərlə birbaşa əlaqəlidir. Burda sosial və ailədə olan vəziyyəti nəzərə almaq lazımdır. 11 yaşa  qədər olan məktəblilər intihar haqqında olan fikirlərini dilə gətirə bilərlər. Lakin bunun çox zaman səbəbi ailə daxili problemlərdir.  Bu zaman uşaq özünə qarşı daha çox diqqət tələb edir. Yaxud ailədə valideynlər arasında olan problemləri, öz problemi ilə qatmaq istəyir. Bu, fədakar övladlara aiddir. Elə övladlar var ki, valideynlərini manipulyasiya etmək üçün intihar fikirlərini dilə gətirirlər”.

Psixoloqun sözlərinə görə, azyaşlı uşaqların bu cür hərəkətini intihar adlandırmaq düzgün olmaz: “İntihar düşüncələri uşaqlarda daha çox məktəb dövrü başlayandan sonra formalaşır. Və haradasa müəyyən qədər ağıllarına gələ bilər. Lakin onların emosional sferası onlara bu addımı atmağa imkan verməz. Artıq bir qədər böyüdükdən sonra, hardasa 13-14 yaşlarına çatdıqda uşaq müəyyən səbəblərə görə bu addımı ata bilər. Bu yaşda artıq onlar yeniyetmə sayılır. Dünya praktikasında çox nadir rast gəlinən haldır ki, 11 yaşına çatmamış uşaq intihar həddinə gətirib çatdırılsın”.

A.Ağayeva qeyd etdi ki, əgər uşağın analiz qabiliyyəti güclü deyilsə, o özünü cizgi film qəhrəmanına oxşatmağa başlayacaq: “Ümumiyyətlə, uşaqlar ətraflarında olan sevdikləri, oxşamaq istədikləri şəxsləri yamsılayırlar. Bu onların sosial və psixi formalaşması üçün çox böyük rol oynayır. Misal üçün, dörd yaşlı bir qız uşağının təzə bacısı yaxud qardaşı anadan olubsa, kukla ilə oynayaraq öz analarını yamsılayırlar. Yaxud oğlanlar uşaq yaşlarında atalarına yaxud başqa şəxslərə baxıb özlərini maşın sürən kimi aparırlar və ya polis-polis oynayırlar. Bunların əslində imitasiya funksiyası ondan ibarətdir ki, uşaq özünün sosial rolunu yaxşı qavrasın. Düşüncə qabiliyyəti bir qədər zəif olan və diqqətdən kənar qalmış uşaqlar çox vaxt ətrafdakıları deyil, baxdıqları cizgi filmlərində olan qəhrəmanları yamsılamağa çalışırlar. Hamımızın bildiyi “Karlson” cizgi filmi var ki, həmin o qəhrəmanın arxasında qanadları var, hansı ki, onun vasitəsilə uçur. Rusiyada belə bir hadisə baş vermişdi. Belə ki, beş yaşlı uşaq özünü Karlson hiss etmiş və balkondan uçmaq istəmişdi. Və bunun üçün çətirdən istifadə etmişdi. O kifayət qədər hündürdən hoppanmış və həyatını itirmişdi. Bəs bu bizə nədən xəbər verir? Bu o deməkdir ki, uşaq diqqət mərkəzindən kənarda qalmışdı. Hansısa addımları atmaq uşaqdan çox böyük resurslar tələb edir. Eyni zamanda, hər hansı bir cizgi filminin qəhrəmanını yamsılamaq da. Əgər ətrafında kifayət qədər resurs yoxdursa, həmin resursları cizgi filmlərindən götürəcək. Əgər ana və ata uşağa kifayət qədər vaxt ayırmırsa, diqqət göstərmirsə, bu uşaq kimisə yamsılamalı, öz sosial rolunu tapmalıdır. Belə ki, uşaq özünü ətrafda deyil, hansısa bir cizgi filmində tapır.  Biz buna intihar deyə bilmərik. Çünki intihar çox ağır və dərin məna kəsb edir. İntihar həddən artıq ciddi bir qərar tələb edir. Müzakirə mövzusu olan azyaşlı uşaqların isə, qərarvermə qabiliyyəti hələ yetişməyib. Burda daha çox valideynlərə yüklənmək lazımdır ki, onlar övladlarına daha çox vaxt ayırsınlar. Və hətta cizgi filmlərinə baxanda belə, mütləq maraqlanmaq lazımdır ki, uşaq daha çox nəyə meyllidir. Həmin cizgi filmində aqressiya, şiddət varmı, yoxsa daha çox fantastik hadislər var? Əgər varsa, onun qarşısını müəyyən dərəcədə almaq lazımdır.

Bir dəfə mənə bir valideyn müraciət etmişdi. Övladı “Batman” cizgi filmindən çox ruhlanıb, belinə plaş taxıb, dəsmalı isə boynuna sarıb özünü Betman kimi hiss edir və onun hərəkətlərini yamsılamağa çalışır. Anası dedi ki, uşaq heç nədən qorxmadan və çəkinmədən hər yerə çıxır və ordan tullanır. Valideyn uşağın bir gün balkondan aşağı düşə biləcəyindən qorxurdu. Və mən uşağın valideyninə sual verdim ki, uşaq belə edəndə siz həmişə ona deyirsiz ki, olmaz, ehtiyatlı ol! Bəs niyə olmaz? Bu sualın cavabını uşağınıza başa salırsınızmı? Biz uşağa olmaz deyirik, amma uşaq niyəsini başa düşmür. Uşaqla müəyyən qədər söhbət apardıq və səbəb-nəticə əlaqələrini izah etdik. Müəyyən müddətdən sonra valideyni dedi ki, artıq oğlan çox ehtiyatla davranmağa başlayıb. Yəni, evdə müəyyən yerlər var ki, ora çıxır, amma elə yerlər var ki, artıq ora çıxmır. Və sonradan uşaqdan soruşanda ki, sən niyə həmin yerlərə daha çıxmırsan? Uşaq bizə müəyyən qədər arqument gətirdi. Çünki, artıq səbəbini anlamışdı.

Bir valideyn dörd yaşlı qızını gətirmişdi. O qeyd etdi ki, uşaq evdə qazanları başına keçirib, qaşıqla çırpmağa başlayır. Bir qədər araşdırma apardığım zaman məlum oldu ki, ana uşağın iki yaşı olanda televizorda  “Maşa və Medved”i qoyurmuş, uşaq buna baxır, ana isə öz işlərinin arxasınca gedirmiş. Uşaq yalnız yemək vaxtı televizordan ayrılır, bütün günü cizgi filminə baxırmış. Xatırladım ki, uşağın iki yaşından üç yaşınadək hər günü belə keçib. Və bu dövr uşağın psixi funksiyalarının ən çılğın inkişaf edəcəyi dövr sayılır. Ətrafda mühit yoxdur deyə, o cizgi filmini mühit kimi qəbul edib. Beləliklə, özünü Maşa qəhrəmanına bənzətməyə və onun  hərəkətlərini yamsılamağa başlayıb. Hansısa bir seriyada Maşanın qazanı başına keçirib diqqət çəkdiyini görüb, bu hərəkətləri yamsılayıb. Çünki, uşağın yamsılamaq üçün başqa nümunəsi yoxdur. Uşağın kifayət qədər yaxşı inkişaf etməsi üçün mühit yoxdur. Burada  söhbət bir ailənin faciəsindən, bir ananın faciəsindən gedir. Burdan görünür ki, ana öz övladının inkişafına qarşı nə qədər laqeyd yanaşıb”.

Psixoloq sonda bildirdi ki, əsas söhbət valideynin məsuliyyətsizliyindən, diqqətsizliyindən, biganəliyindən gedir: “Uşaq öz-özünə böyüyəcək bir kəs deyil, ona mütləq qayğı, diqqət lazımdır. Buna ilkin olaraq iki şəxs cavabdehdir, ata və ana. Əfsuslar olsun ki, bu iki insandan birinin diqqəti bir faiz belə azalanda, uşağın davranışında bu hiss olunur. Ona görə də, valideynlər  uşaqların böyüdülməsində və inkişafında xüsusilə, diqqətli olmalıdırlar”. 


Könül Əhmədova

Xəbər xətti