Zamanı oğurlayan, psixoloji gərginlik aşılayan... sosial şəbəkələr

18:55 - 21 Sentyabr 2017 - Cəmiyyət

Elnur Rüstəmov: “Rəhmətə gedən insanlarla şəkil çəkib paylaşmağı fərdə bağlanan bir problem kimi dəyərləndirir”

Əhməd Qəşəmoğlu: “Düzgün istifadə edəndə dərmandır, aşırı dərəcədə istifadə etdikdə isə zərər verir”


Sosial şəbəkələr bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilib. Biz xoş və ya bəd günlərimizi, hər hansı bir statusla, şəkillə paylaşaraq oradakı  dostlarımıza, bizi izləyən adamlara da çatdırmış oluruq. Amma son vaxtlar sosial şəbəkələrdəki paylaşımlardan şikayət edənlər də var. Ən çox insanların qınaq obyekti olan paylaşımlar isə meyitlərlə şəkil çəkdirib paylaşmaqdır. Bu kimi narazılıqlar haqlı olaraq müxtəlif suallar yaradır. Biz sosial şəbəkələrdən nə dərəcdə düzgün istifadə edirik və əslində, yararlanmalıyıqmı? Meyitlə şəkil paylaşılması onları görənlərə necə təsir edir? Ümumiyyətlə, paylaşım edərkən nələrə diqqət etməliyik?
Psixoloq Elnur Rüstəmov “Üç nöqtə”yə açıqlamasında bildirdi ki, günümüzün mövcud problemlərindən biri sosial şəbəkə və orda verilən informasiyalardır. Bu da hər insana eyni cür təsir göstərmir: “Bəzən görürük ki, mövcud psixoloji narahatlıqların bir qismi də, məhz sosial şəbəkə və orada verilən məlumatlardan qaynaqlanır. Məsələnin digər tərəfi isə odur ki, artıq bir qisim insanlarda sosial şəbəkələrdən asılılıq yaranıb. Onlar sanki sosial şəbəkəsiz qala bilmirlər. Gecə yatanda da sosial şəbəkəyə baxıb yatırlar, səhər oyananda da ilk iş paylaşımlara nəzər yetirmək olur. Bu, bir növ asılılıq formasına keçib artıq. Bu özü də insanda müəyyən problemlər yaradır. Bunu aradan qaldırmaq üçün birinci növbədə zamanın idarə edilməsini qabartmaq lazımdır. Yəni, Qərb və inkişaf etmiş Avropa ölkələri bu prosesi müəyyən qədər keçiblər. Bu prosesləri tənzimləmək üçün onlar özlərinə müəyyən qədər məhdudiyyətlər qoyurlar. O məhdudiyyətlər daha çox kimisinə internətə çıxışı olmayan telefon işlətmək formasında tətbiq olunur. Həmin adam zərurət olanda kompüter vasitəsilə internetə daxil olub sosial şəbəkədən istifadə edir. Bir qisim isə ümumiyyətlə, sosial şəbəkədə aktiv iştirak eləmir, yalnız öz fəaliyyətini işıqlandırmaq, hər hansı bir məlumatı ötürmək üçün istifadə edir. Bu gün Azərbaycanda işləyən-işləməyən, fərqi yoxdur, sosial şəbəkə istifadəçiləri çoxdur. Və burada azyaşlılar da var. Hansı ki, orada 14 yaşdan aşağı yaş məhdudiyyəti qoyulsa da, aşağı yaşda olan yeniyetmələr də var”.
Psixoloq deyir ki, sosial şəbəkələrdən asılılığı aradan qaldırmaq üçün birinci növbədə maarifləndirmə işi aparmaq lazımdır: “Valideynlər bu məslədə xüsusilə diqqətli olmalıdırlar. İkinci növbədə o valideynlərdin özləri belə sosial şəbəkədən asılı vəziyyətdədirlərsə, özlərinə məhdudiyyət qoysunlar. Özlərinə sosial şəbəkədən istifadə ilə bağlı vaxt qoysunlar və o vaxtdan sonra ordan uzaqlaşsınlar. Çünki, bunlar fərdi inkişafda zaman oğruları adlanırlar. Yəni sosial şəbəkələr daha çox insanların zamanını oğurlayan, vaxtını aparan bir şeylərdir. Nəticədə insan vaxtının sosial şəbəkələrə, məhsuldar olmayan işlərə getdiyini hiss edəndə aqressiv və əsəbi olur. Bu aqressivlik özünə və ətrafa münasibətə də yansıyır. Yaxud, digər bir şeyi götürək, ailədaxili konfiliktləri, boşanmalar. Onun bir səbəbi sosial şəbəkələrə dayanır. Və onun üzərindən yaranan səbəblərdən görürük ki, boşanmalar olur. Bütün hallarda zamanın idarə edilməsi ilə bağlı insanlar maariflənməli, zamanını sosial şəbəkələrdə keçirməməli, əgər keçirsələr belə məhsuldar, faydalı tərəflərindən yararlansınlar. Həm özlərinə faydalı olsun, həm də cəmiyyətə”.
E.Rüstəmov qeyd etdi ki, rəhmətə gedən insanlarla şəkil çəkib paylaşmağı fərdə bağlanan bir problem kimi dəyərləndirir: “Gün ərzində həyatını dəyişən insanların, baş verən ağır avtoqəzaların sayı çox olur. Gün ərzində hardasa 1 faiz insanın yanında kimsə dünyasını  dəyişir. Hər kəs bu şəkli çəkib paylaşmır. Bu insana, fərdə bağlı bir şeydir və tövsiyyə edilmir.  Bu cür şeylər digər insanlara psixoloji travma verir. Ümumiyyətlə, sosial şəbəkələrdə hər hansı bir paylaşımlar edərkən, hər hansı məlumat, informasiya ötürülərkən psixi sağlamlıq mütləq qorunmalıdır. Bu nə deməkdir? Yəni, mənim paylaşdığıma kimlər, hansı yaş qruplarında olan insanlar baxacaq və ötürdüyüm mesaj onlara nə cür təsir göstərəcək? Onlara hansı müsbət və mənfi təsirləri olacaq? Dolayısı ilə bu bir qədər də, niyyətə bağlı prosesdir. Pozitiv şeyləri, insanları yaxşılığa, gözəl şeylərə sövq edən şeyləri paylaşmağa çalışmaq lazımdır. İnternetdə belə məlumatlar çoxdur. Bəzən neqativlər paylaşımlar görürük. Bu da insanlarda mənfi emosiyalar, insanın insandan uzaqlaşması, aqressiyanın artmasına gətirib çıxarır. Daha çox pozitiv şeylər paylaşsınlar. Ölü adamla şəkil paylaşmaq nə məna verir ki...”.
Sosioloq Əhməd Qəşəmoğlu internet, sosial şəbəkələri ilan zəhərinə bənzədir, düzgün istifadə edəndə dərmandır, aşırı dərəcədə istifadə etdikdə isə zərər verir: “Bəzən də, adamı məhv edir. Ona görə də, birbaşa olaraq ancaq sosial şəbəkələri, interneti tənqid etmək düzgün deyil. Bunlar hamısı inkişaf edir, bizim üçün çoxlu rahatlıq yaradır. Bu sosial şəbəkələr vasitəsilə dünyanın hər tərəfində olan doğmalarımızla, dostlarımızla əlaqə saxlayırıq. Şəhərin daxilində belə bizim nə qədər işimizi asanlaşdırır. Biz sosial şəbəkəni öz təyinatına, bizim üçün faydalılığına görə şəxsiyyətimizə, mənəviyyatımıza, gündəlik həyatımıza ziyan vurmamaq şərtilə istifadə eliyək. Yəni, bir az kənardan da gəzmək olar. Sosial şəbəkələr bizim həyatımıza daxil olub və biz ondan düzgün istifadə etməliyik. Sosial şəbəkələrlə yanaşı, internet resurslarının özünü də bura qoşmaq lazımdır. Yəni, bu elə bir vasitədir ki, bundan özümüz ağıllı istifadə edəndə faydalıdır, amma imkan verəndə ki, bundan düşməm bizə qarşı istifadə eləsin, o zaman təhlükəli olur. Eyni zamanda, düşmən yox, bir növ əxlaqı, mənəvi dəyərləri yerində olmayan adamlar da, bir-birilərinə qarşı kələk gələ bilərlər. İndi eşidirik ki, kişilər qadınları, oğlanlar qızları aldadır. Və bu hesaba təhlükələr aiddir. Eşitdiyimə görə, boşanmalaırın 30 faizi sosial şəbəklərin hesabınadır. Deməli, burada da, sosial şəbəkədən qarşı tərəfdə düzgün istifadə olunmamaq məsələsi var. O biri tərəfdən, dediyim kimi, indi daha çox dünyada belə bir proses yayılır ki, bizim əxlaqi dəyərlərimizi aşındırsınlar. Çünki əxlaqi dəyəri aşınan ölkəni idarə etmək asandır. Ona görə də, internetdə minlərlə pornoqrafik filmlər yerləşdirirlər. Burda heç ağlagəlməyən, arzuolunmayan sujetli filmlər çəkilir. Bunlar internet və sosial şəbəkələr vasitəsilə ölkəmizdə gənclər və naşı adamlar arasında çox yayılır. Və artıq bunun nəticəsində ölkəmizdə eybəcər bir hal yaranıb. Biri qardaşı qızı  ilə evlənir, biri qızına təcavüz edir. Bnlar hələ üzə çıxan faktlardır. Görün hələ üzə çıxmayan nə qədər belə eybəcər hallar baş verməkdədir. Sosial şəbəkələr mühüm bir vasitədir. Amma sosial şəbəkədən istifadə etmək mədəniyyətinə malik olmalıyıq. Biz, istər televiziya, istər qəzetlər, istərsə də saytlar çalışmalıyıq ki, əhali arasında sosial şəbəkələrdən istifadə etmək mədəniyyətini formalaşdıraq”.
Sosioloq onu da əlavə etdi ki, sosial şəbəkə ictimai bir yerdir. Orada başqalarının əsəbləri ilə oynayan, başqalarının psixologiyasına mənfi təsir edən, mənfi enerji verən, qıcıq yaradan şeylər etmək düz deyil: “Yəni, sosial şəbəkələrdə, status yayanlar sanki öz portretlərini çəkirlər. İnsanlar o qədər mənasız və yüngül şeylər paylaşırlar ki... Rəhmətə gedənlə şəkil çəkdirmək, yediyi yeməyi hissə-hissə çəkib paylaşmaq və sairə, bunlar hamısı göstərir ki, bizim əhali arasında müəyyən qədər aşınma var”.


Könül Əhmədova
 

Xəbər xətti