Azərbaycan diasporunun nümayəndələri Estoniyanin ictimai-siyasi həyatında aktiv rol oynayır

18:24 - 21 Sentyabr 2017 - KİVDF

Onlar Estoniyanın seçkili orqanlarına keçirilən seçkilərdə yaxından iştirak edirlər

Estoniyadakı Azərbaycan diasporu fəallığı ilə həmişə diqqət mərkəzində olub. Bu ölkədə mövcud olan Azərbaycan diaspor təşkilatları, cəmiyyət və birliklər həm ölkəmizin üzləşdiyi problemlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin eston ictimaiyyətinə çatdırılması, həm də zəngin tarixi-mədəni irsimizin təbliği sahəsində məqsədyönlü tədbirlər, müxtəlif layihələr həyata keçirirlər. Estoniyadakı Azərbaycan diasporunun nümayəndələri bu ölkənin ictimai-siyasi həyatında da aktiv rol oynayır və Estoniyanın seçkili orqanlarına keçirilən seçkilərdə yaxından iştirak edirlər. 
Məsələn, Estoniyada yaşayan həmyerlimiz Orxan Oktayın Estoniyada 2017-ci ildə baş tutacaq yerli orqanlara seçki kampaniyasında istirak edir. O, öz namizədliyini Tallin şəhərinin Lasname bölgəsindən irəli sürüb. Bu barədə məlumatı diaspor hərəkatının fəallarından biri Elnur Eltürk verib. Orxan Oktayın Estoniya Konservativ Xalq Partiyasından (EKRE) namizədliyini verib. O, ötən il Estoniya Milli Məclisinə seçkilərdə də namizədliyini irəli sürmüşdü və 124 səs toplamışdı.
28 yaşlı Orxan Oktayın Estoniyada doğulub. Valideynləri keçən əsrin 80-ci illərində Estoniyanın Tallin şəhərinə köçüblər. Namizəd Tallin Texniki Universitetinin beynəlxalq əlaqələr fakultəsini bitirib və magistr dərəcəsi var. O, əvvəllər Estoniya XİD-də xəbərlər monitorinqi və konsulluq sualları ilə məşğul olan şöbədə çalışıb. " Əvvəlcə bürokratik prosesləri sadələşdirmək istərdim. Bundan başqa, Tallində onsuz da sayı az olan uşaq bağçalarının müasir standartlara çatdırılmasına diqqət yetirmək fikrindəyəm", -Orxan Oktay  deyib. O bildirib ki, hazırda Tallində mindən çox azərbaycanlı yaşayır və onların əksəriyyəti məni dəstəkləyir. O deyib:" Bu, yerli özünüidarəetmə orqanlarına seçkilərdir, ona görə də mən bu barədə dəqiq məlumat verə bilmərəm. Lakin 2019-ci ildə parlament seçkiləri keçiriləcək. Əgər parlamentə seçilsəm, iki ölkə arasında əlaqələrin daha da sıx olmasına çalşacağam. Hesab edirəm ki, texnoloji cəhətdən inkişaf etmiş Estoniyanın Azərbaycanla əlaqələrinin olması yaxşıdır". Orxan Oktay qeyd edib ki, Azərbaycan və Estoniya ilk dəfə 1918-ci ildə müstəqillik qazanıb, sonra SSRİ-nin tərkibinə daxil edilib və hər ikisi də 1991-ci ildə onun tərkibindən çıxıb. İndi isə hər iki ölkə arasında yaxşı münasibətlər mövcuddur." Mən bu münasibətlərin daha da inkişaf etdirilməsinə çalışağağam. İstəyirəm ki, Estoniyadakı diaspor təşkilatlarımız bu sahədə birlikdə fəaliyyət göstərsin. Onda nəticələr  də yaxşı olar".
 Qeyd edim ki, hazırda Estoniyada onlarla Azərbaycan diaspor təşkilatı, birlik və cəmiyyətlər mövcuddur. Belə təşkilatlardan "Aydan" Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzidir. 1988-ci ildən təsis edilən mərkəz paytaxt Tallinnda fəaliyyət göstərir. Mərkəzin əsas fəaliyyət istiqamətlərinə Azərbaycan mədəniyyətini Estoniyada təbliğ etmək daxildir. " Aydan" Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinə həmyerlimiz Niyazi Hacıyev rəhbərlik edir. N.Hacıyev deyib: “Estoniyada Azərbaycan cəmiyyətinin yaradılmasının tarixi 1988-ci ildə başlayır. O vaxt mən burada yaradılmış “Ocaq” mədəni birliyinin sədri seçilmişdim. Həmin dövrdə cəmiyyətimizin üzvlərinin sayı 2 min nəfərdən çox deyildi, lakin biz çox fəal idik və cəmiyyətimiz Estoniya Respublikasının müstəqilliyini birinci olaraq dəstəkləyənlərdən olub. Yadımdadır, biz 40 min rubl məbləğində sovet pulu yığıb, üzərində Azərbaycanın milli bayrağı təsvir edilmiş yapışdırma şəkillər buraxdıq və Bakıya göndərdik”.
Mədəniyyət Mərkəzinin sədri sözünə davam edərək deyib: “Azərbaycanın üçrəngli bayrağı Estoniyada ilk dəfə 1988-ci ildə icmamızda üzə çıxarıldı. O vaxtadək çoxları heç bilmirdi ki, Azərbaycanın öz bayrağı vardır. Hətta bəzi dövlət orqanları o vaxt bizi milli ayrı-seçkiliyi qızışdırmaq adı ilə təqib edirdi. Hərçənd, biz yalnız bunu deyirdik ki, bütün insanlar öz fikirlərini sərbəst ifadə edə bilər. Həmin illərdə azərbaycanlılar passiv deyildilər. Estonlar və onların ictimai təşkilatları bunu bilirlər. Mən o vaxt hələ tələbə idim. Biz milli azlıqların forumunda iştirak edirdik. İndi də mövcud olan bu forum yaranan vaxt - 1988-ci ildə Estoniya cəmiyyətində iki əsas düşərgə vardı - estonlar və ruslar. Biz Estoniyanı eyni dərəcədə sevən estonlar və ruslar arasında bir növ əlaqələndirici kimi çıxış edirdik”.
Onun sözlərinə görə, əldə etdikləri nəticələrə görə qürur duyurlar. " Əldə etdiyimiz isə bu olubdur ki, sovet dövründə, elə indi də Estoniyada bizim xalq barəsində “bazar adamları”, “alverçilər” kimi təsəvvür yaratmaq cəhdlərini təkzib edərək, özümüzü başqa keyfiyyətdə təqdim etmişik. Estoniya Respublikasının təşəkkülü dövründə hökumət üzvləri əsasən estonlardan ibarət idi, onların arasında başqa millətlərin nümayəndələri yox idi. Yalnız bir nəfər həmyerlimiz – o vaxt Narva şəhərinin meri, sonradan Estoniyanın əhali məsələləri üzrə naziri olmuş Eldar Əfəndiyev Estoniya hökumətində milliyyətcə eston olmayan ilk nümayəndə idi. Bu gün Eldar Əfəndiyev Estoniya parlamentinin üzvüdür. Mən şadam ki, azərbaycanlılar haqqında Estoniyada yaranmış stereotip aradan qaldırılıbdır”.
Niyazi Hacıyev bildirib ki, ötən ildən Estoniyanın gimnaziyalarında “Azərbaycan və Türkiyə tarixi, mədəniyyəti və təbiəti ilə tanışlıq” adlı layihənin həyata keçirilməsinə başlanıb.13 dekabr 2016-cı il tarixdə Tallin şəhərində “Tallinn Pae” gimnaziyasında Azərbaycan Mədəniyyət Mərkəzi “Aydan”ın təşəbbüsü, eləcə də Azərbaycan və Türkiyə Səfirlikləri, Estoniya Mədəniyyət Nazirliyi, “MISA” İnteqrasiya və Miqrasiya Fondu və Tallin şəhər icra hakimiyyətinin “Peaceful home” layihəsinin dəstəyi ilə “Azərbaycan və Türkiyə tarixi, mədəniyyəti və təbiəti ilə tanışlıq” adlı layihəsinə başlanması ilə bağlı tədbir keçirilib. Gimnaziyanın müəllimləri və yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilmiş tədbirdə gimnaziyanın direktoru, Azərbaycan və Türkiyə Səfirliklərinin nümayəndələri, “Aydan” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Niyazi Hacıyev və Estoniya “MISA” İnteqrasiya və Miqrasiya Fondunun nümayəndəsi çıxış ediblər.
2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi baxımından çıxışda böyük diqqət Azərbaycan - multikulturalizm modeli, tolerantlıq, Qafqaz Albaniyası kimi mövzulara yönəldilib. Daha sonra, Azərbaycan Səfirliyi tərəfindən gimnaziyanın direktoru İzabella Riytsaara Azərbaycanın milli musiqi alətləri və xalçasının nümunəsini özündə təcəssüm etdirən milli suvenir təqdim edilib, eləcə də bir sıra kitab və nəşrlər gimnaziyaya hədiyyə olunub. Tədbir Azərbaycan diasporunun “bazar günü” məktəbinin rəhbəri və müəllimi Şaxsənəm Əliyevanın ölkəmiz üzrə təqdimatı ilə davam etdirilib. Layihə çərçivəsində Estoniyanın bir neçə gimnaziyalarında yuxarı sinif şagirdlərinin esse, sual-cavab və digər müsabiqələrdə iştirakı həyata keçirilib.Sözügedən layihə çərçivəsində silsilə tədbirlərin Estoniyanın iki böyük şəhərləri olan Tartu və Tallinin “Hugo Treffner”, “Nõo Science” və “Kadriorg German” gimnaziyalarında da təşkili edilib.
Estoniyada fəaliyyət göstərən “Aydan” Azərbaycan Mədəniyyət Mərkəzi həm də Tallinn ratuşasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr olunmuş təntənəli tədbir təşkil edib. Tədbirdə Estoniyanın keçmiş Prezidenti Arnold Ryuytel, Riyqikoqunun deputatları, diplomatik korpusun və Azərbaycan icmasının nümayəndələri, nazirlik və departamentlərin əməkdaşları, sahibkarlar, KİV nümayəndələri iştirak ediblər.
Bi il də bu tədbirin daha geniş tərkibdə keçirilməsi nəzərdə tutulub.
(ardı var)

Xəbər xətti