Şamaxıda sahibkarlara güzəştli kreditlər verilib

15:30 - 21 Sentyabr 2017 - İQTİSADİYYAT

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Nazirıiyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, SKMF bu sahədə növbəti işgüzar forumunu sentyabrın 21-də Şamaxı rayonunun Sabir qəsəbəsində keçirib. 

Forum çərçivəsində Fond tərəfindən Şamaxı rayonunun iqtisadi potensialına uyğun olaraq, taxılçılıq (qarğıdalı), cins heyvandarlıq, üzümçülük, kartofçuluq, arıçılıq, bağçılıq təsərrüfatlarının, süd email müəssisəsinin təşkili və otelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub. 
      Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 1900-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 69,3 milyon manat güzəştli kredit ayrılıb. 
      Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Şamaxı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 277 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq və əkinçilik sahələrinin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 30-dan çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, Şamaxı rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 401 investisiya layihəsinin maliyyələşdirilməsinə 23,2 milyon manat güzəştli kredit verilib. 
Tədbir çərçivəsində Şamaxıda dövlətin güzəştli krediti ayrılan müasir heyvandarlıq kompleksinə və üzümçülük təsərrüfatına baxış keçirilib. 
Ümumilikdə, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə üzümçülüyün inkişafı ilə bağlı 260-dan çox sahibkara 33,6 milyon manat güzəştli kredit verilib. Heyvandarlığın inkişafı məqsədilə isə 23700-dən çox sahibkarın investisiya  layihəsinin maliyyələşdirilməsinə 628 milyon manat güzəştli kredit ayrılıb. Maliyyələşdirilmiş heyvandarlıq komplekslərindən 20-i istifadəyə verilib, 4-də isə tikinti-quraşdırma işləri aparılır.

Xəbər xətti