Mahmud Məmmədquliyev: “Çalışacağıq ki, bu sammit çərçivəsində Riqa sammiti təkrar olunmasın”

13:07 - 21 Sentyabr 2017 - SİYASƏT

“Azərbaycan "Şərq Tərəfdaşlığı" sammitinə hazırlaşır”. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Nazir müavini noyabrda Brüsseldə keçiriləcək sammitdə son 2 ildə hansı işlərin görüldüyünün müzakirə ediləcəyini bildirib: “Bizim də deməyə sözümüz olacaq. Çünki bir neçə ildə yaxşı nailiyyətlər əldə etmişik. İlk növbədə çalışacağıq ki, bu sammit çərçivəsində Riqa sammiti təkrar olunmasın. Həmin sammitdə 3 münaqişə ilə bağlı bir, Azərbaycan-Ermənistan münaqişəsinə dair başqa mövqe var idi. Avropa İttifaqının hazırda yeni qlobal strategiyası var, orada aydın göstərilir ki, bütün tərəfdaş ölkələrin ərazi bütövlüyü, təhlükəsizliyi dəstəklənməlidir”.
M. Məmmədquliyev qeyd edib ki, sammit çərçivəsində aviasiya sahəsində sazişin imzalanması mümkündür: “Ola bilsin ki, müvafiq qurumumuz olan aviasiya administrasiyası Avropa İttifaqı ilə sazişi bitirə bilsin. Amma vaxt azdır. Bu istiqamətdə oktyabrın sonunda görüş olmalıdır. Ondan sonra biləcəyik ki, bu sənədi sammitdə imzalaya biləcəyik, ya yox”.  

Xəbər xətti