“Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyasının qərarı təəssüf doğurur”

18:27 - 20 Sentyabr 2017 - KİVDF

Nazim İbrahimov: "ÜAK-ın ləğvi Azərbaycan-Rusiya münasibətlərini zədələmək istəyənlərin maraqlarına xidmət edə bilər"

Sentyabrin 19-da Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb. Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyası ÜAK-ın apelyasiya şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. 
Qeyd edək ki, bu il mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-nin qeydiyyatının ləğvi barədə qərar çıxarıb. 
Məhkəmədən əvvəl Ədliyyə Nazirliyindən verilən açıqlamada ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğu bildirilib. Rusiya Ədliyyə Nazirliyindən “İctimai təşkilatlar haqqında" qanunu əsas götürülərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edildiyi qeyd olunub.
 
Təşkilat pozuntuları aradan qaldırmadığına görə, Rusiya Ədliyyə Nazirliyi təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət edib. ÜAK prezidenti Fazil Qurbanov isə Rusiya Ali Məhkəməsinin qərarını ədalətsiz adlandırıb. O, Rusiya Ədliyyə Nazirliyinin məqsədinin təşkilatın qeydiyyatını ləğv etdirmək olduğunu söyləyib. ÜAK prezidenti və təşkilatın Rəyasət Heyəti Ali Məhkəmənin təşkilat barədə çıxardığı qərarla bağlı Rusiya prezidenti  Vladimir Putin və və baş naziri Dmitri Medvedevə müraciət edib. Görünür bu müraciətlər nəticəsiz qalıb.
Ali Məhkəmənin son qərarı Diasporala İş Üzrə Dövlət Komitəsində də narazılıqla qarşılanıb. Diasporala İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyasının birinci instansiya məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin ləğvi barədə qərarını qüvvədə saxlamasına münasibət bildirib. N.İbrahimov deyib ki, bu, böyük təəssüf hissi doğurur: “Ümumrusiya Azərbaycan Konqresi rəhbərliyinin öz hüquqlarını sonadək müdafiə edəcəyinə əminliyimizi bildirməklə yanaşı, xüsusi olaraq vurğulamağı vacib hesab edirik ki, beynəlxalq münasibətlərin son dərəcə həssas və mürəkkəb bir dövründə qəbul olunan bu qərar iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna qətiyyən uyğun deyil.
Rusiyanın müxtəlif dövlət orqanlarının nümayəndələri ilə ən müxtəlif səviyyələrdə danışıqlar aparılmış, ayrı-ayrı görüşlər zamanı mövzu dəfələrlə müzakirə olunub, Azərbaycan dövlətinin və ictimaiyyətinin məsələyə son dərəcə həssas yanaşması diqqətə çatdırılmışdır. Apellyasiya Kollegiyasının bütün bunlara baxmayaraq, Konqresin ləğvi barədə qərarı qüvvədə saxlaması ölkələrimizin inkişaf edən münasibətlərinə kölgə salmaqda maraqlı olan qüvvələrin mövcudluğunu bir daha təsdiqləyir. Hesab edirik ki, ötən müddət ərzində ÜAK-ın iki ölkə arasında əlaqələrin möhkəmlənməsi, xalqlarımızı bir-birinə bağlayan mədəni dəyərlərin, tarixi ənənələrin təbliği istiqamətindəki fəaliyyətini nəzərə almadan qəbul olunmuş bu qərar çoxmillətli Rusiyanın milli siyasətinin əsas prinsiplərinə, qədim dostluq münasibətlərinə malik xalqlarımızın qarşılıqlı mənafelərinə cavab vermir”.
“Azərbaycana qarşı bir sıra xarici dairələr, müxtəlif şəbəkələrin sifarişi əsasında qeyri-şəffaf məqsədlər üçün yaradılmış qurumlar tərəfindən qərəzli iddialar əsasında böhtan kampaniyalarının intensivləşdiyi bir vaxtda strateji tərəfdaş hesab etdiyimiz Rusiyada ən böyük diaspor təşkilatının fəaliyyətinin dayandırılması yalnız acı təəssüf hissi doğura bilər. Yaxın tarix göstərir ki, müəyyən dövrlərdə, xüsusilə Azərbaycan qlobal əhəmiyyətli layihələrə imza atarkən ciddi təzyiqlərə və təhdidlərə məruz qalır, ölkəmizə qarşı təxribat xarakterli addımlar atılır, dünyanın aparıcı güc mərkəzləri ilə münasibətlərin gərginləşdirilməsinə yönəlmiş ssenarilər həyata keçirilir. Bu baxımdan, heç şübhə yoxdur ki, ÜAK-ın ləğvi yalnız iki ölkə arasındakı qarşılıqlı etimadı zəiflətmək, dövlətlərarası münasibətləri zədələmək məqsədi güdən qüvvələrin maraqlarına xidmət edə bilər.
Əminik ki, ÜAK-la bağlı qəbul olunmuş qərar Rusiyada, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızı ruhdan salmayacaq, diaspor təşkilatlarının fəaliyyətinin zəifləməsinə səbəb olmayacaq, əksinə həmvətənlərimizi milli-mədəni birlik, xalqlararası dostluq və əməkdaşlıq ideyası ətrafında daha sıx birləşməyə sövq edəcəkdir. Eyni zamanda, ümid edirik ki, yuxarı instansiya məhkəməsi Rusiyanın azərbaycanlı vətəndaşlarının ictimai mənafelərini, iki ölkənin qarşılıqlı münasibətlərinin inkişafındakı rolunu, strateji tərəfdaşlıq münasibətlərini, xalqlarımızı birləşdirən çoxəsrlik dostluq ənənələrini nəzərə alaraq, Ümumrusiya Azərbaycan Konqresi haqqında ədalətli qərar qəbul edəcək”, - Komitə sədri əlavə edib.
"ÜAK-ın ləğvi barədə qərar təəccüb, ciddi sual və dərin təəssüf doğurur". Bu sözləri isə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev azertag.az-a müsahibəsində deyib. O bildirib: "Ümumiyyətlə, Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələrin inkişafında mühüm rol oynayan Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə qərarı siyasi baxımdan qeyri-dost addım kimi qiymətləndiririk. Bu, Rusiya və Azərbaycan tərəfindən bəyan olunan və iki ölkə arasında strateji tərəfdaşlıq zəminində inkişaf edən yüksək səviyyəli əlaqələrə ciddi zərbə vurur". Onun sözlərinə görə, Rusiya Federasiyasının Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə qeyri-dost xarakterli qərarının məqsədini başa düşmək çox çətindir. "Xüsusilə o halı nəzərə almalıyıq ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir və bu status tərəflərə münasibətdə tarazlı yanaşmanın nümayiş etdirilməsini tələb edir. Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə Rusiyada yaşayan Azərbaycan icması nümayəndələrinə münasibətdə qeyri-ədalətli yanaşma tətbiq olunduğu halda, Rusiya Erməniləri İttifaqına tam dəstək göstərilir və bu qurum fəaliyyətini davam etdirir.
Hər bir halda Rusiya Federasiyasının Ümumrusiya Azərbaycanlıları Konqresini ləğv etmək siyasəti təəccüb, ciddi sual və dərin təəssüf doğurur".
ÜAK prezidenti Fazil Qurbanov Rusiya Ali Məhkəməsinin qərarını ədalətsiz adlandırıb. O, Rusiya Ədliyyə Nazirliyinin məqsədinin təşkilatın qeydiyyatını ləğv etdirmək olduğunu söyləyib. ÜAK prezidenti Fazil Qurbanov bildirib ki, Apellyasiya Kollegiyasının qərarından Ali Məhkəmənin Rəyasət Heyətinə müraciət olunacaq.
Beləliklə, ÜAK-la bağlı qərar bir daha göstərdi ki, Rusiyada anti-Azərbaycan qüvvələr hələ də iş başındadır , onlarla mübarizədə prezident Putinin qətiyyətli addımı lazımdır. Digər tərəfdən qanunvericilikdə başqa sanksiya da var. Məsələn, cərimə sanksiyası tətbiq edilə bilərdi. Amma ləğv qərarı göstərir ki, onun arxasında daha böyük məkrli maraqlar dayanır. Bu dəfə də onların niyyəti və arzuları gözlərində qalacaq. Ədalət tez-gec öz yerini alacaq.
Qeyd edək ki, Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putinin dəstəyi ilə yaradılıb. Konqres Azərbaycanın xarici ölkələrdəki ən böyük diaspor təşkilatıdır. Qurumun Rusiyanın 80-dən çox bölgəsində şöbələri var.

Xəbər xətti