Ana səhifə
22 Yanvar 2018

Bütün məşhurlar Bakıda dəfn olunarsa - azərbaycanlıların qəbiristanlıq kompleksi

Vəfa Rəşidova: “Şan-şöhrət bizim genetikamızda, xarakterimizdədir...”

Saz sənətinin ustadı, aşıq Ədalət Nəsibov bugünlərdə dünyasını dəyişdi. Onun ölümü aşıq mədəniyyəti üçün böyük itki kimi dəyərləndirildi. Qeyd edək ki, Ədalət Nəsibov 1939-cu ildə Qazax rayonunda anadan olub. İlk dəfə saz çalmağı atasından öyrənib. Onda olan fitri istedad çox gənc yaşlarından üzə çıxıb, məşhur məclislərə dəvətlər alıb. Xalq şairi Səməd Vurğun həmyerlisi olan Aşıq Ədalətin ifasının vurğunu olub. Zaman-zaman aşıq bu barədə həmişə fəxrlə danışardı. Bir-birilərinə görkəmcə çox bənzədiklərindən hətta bəzən onların qohum olduğu düşünülürdü.

Məşhur türk yazıçısı Əziz Nesin aşıq Ədalət haqqında söyləmişdi:  “Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur”.

Aşıq Ədalət Nəsibov “Qaytarma”, “Baş sarıtel”, “Ruhani”, “Yanıq Kərəm” və başqa saz havalarının bənzərsiz ifaçısıdır. Buna görə bəzən onu “Dədə Ədalət” də deyə çağırardılar. O, əməkdar incəsənət xadimi, prezident təqaüdçüsü idi. Son illərdə isə ağır xəstəlikdən əziyyət çəkirdi. Hətta buna görə bir müddət Türkiyədə də müayinə və müalicə alıb. Lakin ağır xəstəlik və yaş öz sözünü dedi. Aşıq 14 sentyabrda 78 yaşında Bakıda dünyasını dəyişdi.

Oğlu Hekayət Lətifovun “Yeni Müsavat”a verdiyi açıqlamasından belə məlum olmuşdu ki, yaxınları sənətkarın Bakıda dəfn olunmasını istəyib: “Dövlətə müraciət etmişik, cavab gözəyirik. Harada yer təyin olunsa, atamızı orada dəfn edəcəyik”.

Lakin sonradan sənətçinin cənazəsi doğulduğu  Qazax rayonuna aparılaraq Ağköynək qəbiristanlığında dəfn olundu. Bu məsələ ictimaiyyətdə müzakirələrə yol açdı. Əksəriyyət ustad sənətkarın Bakıda, Fəxri Xiyabanda dəfn olunmamasına irad bildirərək, bunu ustadın ruhuna hörmətsizlik kimi dəyərləndirdi. Dünyasını dəyişən sənətkarların yaxınları onların Bakıda, məşhur qəbiristanlıqlarda dəfn olunmasını arzulayırdılar.

Rəsmi məlumata görə, Bakıda cəmi 32 qəbiristanlıq var. Bunlar 1 və 2 saylı Şəhidlər Xiyabanı, 1 və 2 saylı Fəxri Xiyaban, 1 və 2 saylı Dağüstü, Keşlə, Hövsan, Qaraçuxur, 8-ci kilometr, 1-ci və 2-ci Zabrat, 1-ci, 2-ci və 3-cü Biləcəri, Əhmədli, 7-ci mikrorayon, Maştağa, Binəqədi kənd, Buzovna, Şüvəlan, Bakıxanov, Mərdəkan, Bilgəh, Yanardağ, Pirşağı, Sabunçu, “Qurd qapısı” adı ilə məşhur olan ümumşəhər Yasamal qəbiristanlıqlarıdır.

Uzun müddətdir ki, paytaxtın mərkəzində yerləşən qəbiristanlıqlarda sıxlıq müşahidə olunur. Bu səbəbdən həmin qəbiristanlıqlarda yer almaq müşkül məsələyə çevrilib. Qəbirlərin qiyməti isə od tutub yanır. Son məlumatlara görə, Yasamal qəbiristanlığında qiymət 2000-3000 manat, Badamdar qəbiristanlığında 800-2000 manat, Günəşli qəbiristanlığında isə qiymətlər 600-1500 manat arasında dəyişir.

Bütün bunlara baxmayaraq, paytaxt sakinlərinin böyük əksəriyyəti, xüsusən də dünyadan köçən məşhurların yaxınları onların Bakıda dəfn olunmasını arzulayrlar. Bu istəkləri baş tutmadıqda, mərhumu doğulduğu rayon və ya kənddə dəfn etməli olurlar. Bu isə ən azından həmin rayonun daha da onurlandırılmasına səbəb olur.

Bəs görəsən, məşurlarının yaxınlarının onları Bakıda dəfn etdirmək istəyi şöhrətpərəstlikdən, yoxsa daxili kompleksdən irəli gəlir?

Tanınmış psixoloq Vəfa Rəşidova mövzunu bu cür şərh etdi: “Həqiqətən bəzən görürük ki, xalq artisti olmayan sənətkarların da yaxınları onların Fəxri Xiyabanda və ya paytaxt Bakıda dəfn olunmasını istəyir. Əslində bu, onların daxilindəki komplekslərdən irəli gəlir. Bəzən isə özlərinə təsəlli bilirlər ki, yaxınları populyar qəbiristanlıqlarda dəfn olunsun. Yəni burda əsas səbəb təsəlli və kompleksdən irəli gəlir. Bildiyiniz kimi, əksər insanlar şan-şöhrətə meylli olur. Bu, o qədər də yaxşı hal deyil. Lakin bu bizim genetikamızda, xarakaterimizdə var. Təbii ki, şan-şöhrəti sevən insanlar kompleksli olur və öz eqosunu tətbiq etmək üçün bu cür istəkləri ortaya çıxır. Deyə bilmərik ki, şəxs vətənini, öz doğulduğu yeri sevmir. Burada psixoloji vəziyyət də öz sözünü deyir. Şəxslər ”ürəyində qalmasın deyə" mərhumu populyar yerdə dəfn etmək istəyir. Halbuki insan dünyasını dəyişdikdən sonra bunların bir önəmi olmur. Xarakterdən asılı olaraq azərbaycanlılar isə buna çox önəm verir". (musavat.com)

Tarix
20 Sentyabr 2017 [10:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ