10 yaşdan kiçik qızların sayı azalmağa doğru gedir

18:30 - 19 Sentyabr 2017 - Cəmiyyət

Cavid İmamoğlu: “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ olunması üçün, maarifləndirmə işlərinə başlanılıb”
Mehriban Zeynalova: “Bu məsələdə balansın təmin olunması üçün, kifayət qədər yaxşı nümunələr göstərmək lazımdır”


“Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, Azərbaycanda 10 yaşdan kiçik qız uşaqlarının sayı oğlanlarla müqayisədə nəzərə çarpacaq dərəcədə aşağıdır”. Bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimova komitənin iclasında çıxış edərkən deyib. M.İbrahimova Azərbaycanda qız-oğlan nisbətinin tarazlaşması üçün maarifləndirmə işinə ehtiyacın olduğunu bildirib: "Hamiləlik zamanı ultrasəs müayinəsi ilə dölün cinsinin müəyyən olunmasının özü ölkədə tibbi maarifləndirmə işlərinin aparılmasına ehtiyacın olduğunu göstərir. Bu mənada cəmiyyətin maarifləndirilməsinə böyük ehtiyac var”.
Xatırladaq ki, 1998-ci ildən başlayaraq, Azərbaycanda hər 100 qıza düşən oğlanların sayı 114-118 arasında dəyişib. Bu göstəricinin ən yüksək həddi 118 olmaqla 2003 və 2009-cu illərdə qeydə alınıb. 2016-cı ildə kəndlərdə doğulan hər 100 qıza 116, şəhərlərdə 112 oğlan düşüb. Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Tibbi coğrafiya şöbəsinin müdiri, İnsan coğrafiyası istiqamətinin rəhbəri, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov bildirib ki, əslində, hər 100 qıza 104-105 oğlan düşməlidir. Lakin Azərbaycanda hər 100 qıza 114 oğlan düşdüyündən doğulan oğlanların sayı qızlarla müqayisədə yenə də çoxdur.
Mütəxəssislər artıq xeyli vaxtdır bu problemlə bağlı həyəcan təbili çalırlar. Sosioloq Cavid İmamoğlu “Üç nöqtə”yə açıqlanasında  bildirdi ki, son illər Azərbaycanda qız övladlarının arzuolunmaması özünü onların ana bətnində süni müdaxilələr olunmasında  göstərir: “Hazırda ölkədə qız uşaqlarının selektiv abortu, yəni, cinsə görə aparılan abort geniş vüsət almaqdadır. Statistikaya görə, ölkəmiz bu siyahıda dünya ölkələri arasında liderdir. 117 oğlan uşağına nisbətdə 100 qız uşağı dünyaya gəlir ki, bu da dölə süni müdaxilə nəticəsində ortalığa çıxan rəqəmdir. Əgər təbii olsaydı, 100 qıza, 106-107 oğlan doğulardı. Təbii ki, bunların kökündə, Azərbaycanda qız uşaqlarının arzuolunmaması durur. Yəni, təfəkkür, insanların qızlara münasibəti dəyişməyincə, cəmiyyətdə qadınlara qarşı zorakılıq dayanmadıqca, bu problemlərin qarşısı alınmayacaq. Əgər vəziyyət belə davam edərsə, yaxın on illiklərdə Azərbaycan kəskin qadın, qız çatışmazlığı meydana gələcək ki, bu da özü ilə demoqrafik gərginliklər gətirəcək. Bu demoqrafik gərginliklərin ən bariz nümunəsi bu olacaq ki, uşaq dünyayagətirmə əmsalı aşağı düşəcək. Əgər bu problemlərin qarşısını ala bilməsək, ciddi demoqrafik gərginliklər, qadınlara qarşı təbii zorakılıq halları ilə qarşılaşacağıq. Məsələn, qızların sayı azaldığı üçün, qızqaçırmaların, erkən nikahların, göbəkkəsdilərin sayı çoxalacaq. Qızların cəmiyyətdə sayını azaldığı üçün, qız uşağı doğulan kimi göbəkkəsdi edəcəklər. Bu cür halların sayı artacaq. Yəni ki, bunların heç biri indiki halda, yaxşı şeylər vəd eləmir”.
C.İmamoğlu qeyd etdi ki, Azərbaycanda qız övladlarının dəyərinin təbliğ olunması üçün, maarifləndirmə işlərinə başlanılıb: “Hazırda ölkədə, bir neçə regionda gənc ataların, kişilərin maarifləndirilməsi istiqamətində işlər gedir. Təbii ki, biz bu günümüzdə insanlara qız uşaqlarının dəyərini, Azərbaycanın zəngin milli adət-ənənələri baxımından qadınların, qız övladlarının arzuolunan olduğunu çatdıra bilsək, bütün  bu hərəkətlərin ayrıseçkilik və zorakılıq olduğunu başa sala bilsək, bu preseslərin qarşısı alınacaq, qız övladlarına ana bətnində müdaxilələrin sayı da aşağı düşəcək”.

“Təmiz Dünya” Qadınlara Yardım  İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, bu proses artıq neçə illərdir ki, davam edir: “Bu qız və qadınlara qarşı gedən bir kampaniyadır. Qadın və qızlar haqqında hansısa qarayaxmalar, qadına qarşı münasibətdə əxlaqi-mənəvi dəyərləri daha çox bayraq etmək və onun inkişafına deyil, davranışına qiymət verərəklə ona münasibət bəslənilir. Çox pis bir tendensiya gedir ki, yaşından asılı olmayaraq 15 yaşdan başlayaraq 60-70 yaşa qədər bütün qadınlar haqqında, xoşagəlməyən böhtanlar və qarayaxma kampaniyasını çox rahatlıqla həyata keçirmək mümkün olur. Bu birinci onu göstərir ki, qadın həmrəyliyi yoxdur. İkincsi, idarə etmək üçün daha çox bu vasitədən istifadə edilir. Üçüncüsü isə, qız uşaqlarının dünyaya gəlməsinin qarşısını alırlar ki, belə problemlərlə üzləşməsinlər. Bu iqtisadi amillə bağlı deyil, daha çox psixoloji və stereotiplərlə bağlı olan məsələdir. Bu gün hamı deyir ki, qız uşaqlarının olmamasını iqtisadi amilə görə istəmirlər. Elədirsə, bəs niyə oğlan uşaqlarını dünyaya gətirirlər? Niyə oğlan uşaqlarını abort eləmirlər? Demək ki, burda başqa amil var.  Bu daha çox cinsə görə ayrıseçkilikdir ki, məhz həmin körpələr qız olduğu üçün ana bətnində öldürülür.  Qız uşağı ona görə problemdir ki, sabahı gün bunun namus-qeyrət məsələsi var.

Bu gün öldürülən qadınlardır, bu gün təhsildən yayınan qızlardır, bu gün küçəyə atılan körpə qız uşaqlarıdır. Bunlar hamısı məsələnin kökündən qaynaqlanan hallardır. Yəni, bunu başqa amillərə yönəltmək lazım deyil. Bu daha çox əxlaqi-mənəvi dəyərlərlə, qadın və qızların çərçivəyə salınması ilə əlaqədardır. Bu gün çox az şəkildə qız uşaqları sərbəst öz fikirlərini ifadə etməyə addım atırlar. Çünki, dərhal hansısa hücumları, qaryaxma kampaniyalarını gözləyirlər. Ana bətnində qızların öldürülməsi, təhsildən yayındırılması, erkən yaşda qızların ərə verilməsidir ki, bunlar hamısı bir-birilə zəncirvari bağlı olan məsələlərdir. Bu baxımdan da, bu gün statistika demoqrafik göstəricidə ciddi dəyişikliyi diqqətimizə çatdırır. Uzun müddətdir ki, bu məsələni deməyimizə baxmayaraq hələ də, o stereotipləri aradan qaldıra bilmirik. Daha çox dini amillərə qaynaqlanıb, ona istinad etmək istəyirlər ki, bunun da özündə çox böyük yanlışlıq var. Çünki islam dini heç vaxt qız uşaqlarının öldürülməsi və təhsildən yayındırılması, yaxud erkən ərə verilməsi kimi məsələləri təbliğ eləmir. Əslində isə, qızın təhsilinə önəm verir”.

M.Zeynalova qeyd etdi ki, bu məsələdə balansın təmin olunması üçün, kifayət qədər yaxşı nümunələr göstərmək lazımdır: “Bütün saytlar ancaq yazır ki, filankəs əxlaqsızlıq etdi, filankəs əxlaqsızlığa görə öldürüldü. Hansısa cinayəti törətmiş şəxsin cinayəti isə heç müzakirə olunmur. Məsələn, bu gün 12 yaşlı qız uşağının hamilə qalması məsələsində hər kəs qıza qarşı fokuslanıb, amma cinayətkara qarşı fokuslanan yoxdur. Bir tərəf hələ onu müzakirə eləmir ki, bu adam çox ciddi bir cinayət törədib, iki qız uşağına təcavüz edib. Heç kəs də, ona qarşı xüsusi qınaq kompaniyası keçirmir. Niyə keçirmilər? Demək, müəyyən mənada daha çox qızı və onun anasını günahlandırırlar. Ana ailə qurub, işinə gedib-gələn adamdır. Və ana arxayın olub ki, ailə qurduğu şəxs, oğlunun atası o biri övladlarına necə münasibət bəsləyirsə, bu övladlarına da həmçinin eyni münasibəti bəsləyər. Bu gün daha çox qaralanan anadır və onun 12 yaşlı qızıdır. Və tələb edirlər ki, uşağın qarnındakı körpə öldürülsün. Bir yandan insan haqlarını müdafiə edirlər, digər tərəfdən də canlı bir uşağın öldürülüməsi tələbini qoyurlar. Cəmiyyətin fikirləri birtərəfli deyil. Mən hələ görməmişəm ki, cinayəti törətmiş şəxsə qarşı ciddi və davamlı bir kompaniya keçirilsin. Sizi əmin edim ki, belə hadisələr , abortların sayını daha da çox artıracaq. Cəmiyyət birmənalı qadına qarşı, şər qüvvə kimi, lazımsız, yəni daha çox əlçatan, əxlaqsız fikirləri formlaşdırmağa çalışır”. 


Könül Əhmədova

Xəbər xətti