Xaricdəki həmvətənlərimiz yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasiyası olur

18:25 - 19 Sentyabr 2017 - KİVDF

Əli Həsənov: "Onların ictimai rəyə təsir göstərmək imkanına malik olması bizim üçün əhəmiyyətli və vacib məsələdir"

Xocalı soyqırımının dünyada tanıdılmasında diaspora təşkilatları yaxından iştirak edir. Artıq bu qanlı hadisədən 25 il keçib.1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə-azərbaycanlılara qarşı soyqırımı törədib. 
Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücuma keçiblər. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Bu faciənin,eləcə də erməni vəhşiliyinin dünyaya çatdırılması  bu gün çox vacib məsələlərdən biridir.
Qeyd edək ki,Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində qeyd olunur. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir. 2008-cu ilin mayından İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır. Bu tədbirlərdə Finlandiyadakı diaspöor təşkilatlarını da səmərəli fəaliyyət göstərir. Finlandiya Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay qeyd edib ki, dünyanın hansı ölkəsində olmağımızdan asılı olmayaraq Xocalı soyqırımının anım günündə bir yerdə olmaq hər bir azərbaycanlının borcudur. “Biz birlikdə səsimizi qaldıraraq “Xocalıya ədalət” kampaniyasına qoşulur və torpaqlarımızın azad olunmasını tələb edirik". 
Finlandiya Şərq Universitetinin doktorantı, əslən Amerika vətəndaşı olan xanım Karli Storm  isə bildirib ki, Xocalı haqqında əldə etdiyi məlumatların onu çox kədərləndirdirib. "Xocalıda dinc sakinlərin, xüsusən də uşaqların xüsusi qəddarlıqla qətlə yetirilməsi, insanlara qarşı işgəncələrin verilməsi faktları məniçox kədərləndirdi". O, Xocalıda törədilənləri insanlığa sığmayan vəhşilik adlandırıb və bu hadisələrə dünya birliyi tərəfindən hüquqi qiymət veriləcəyinə ümid etdiyini vurğulayıb. 
"Mənim Vətən qarşısında, gələcək nəsillər qarşısında borcum Azərbaycanın mənafelərinə sona qədər xidmət etmək, Dağlıq Qarabağ haqqında həqiqəti təbliğ etməkdir. Mən Finlandiya hökumətinin, onun parlamentinin, ictimaiyyətin nümayəndələri ilə görüşlərdə Azərbaycan xalqının ağrı-acısını onlara çatdırıram, xalqımızın son yüz ildə dəfələrlə məruz qaldığı amansız təcavüz, etnik təmizləmə faktlarını göstərirəm". Bu fikirləri Finlandiyadakı Azərbaycan diasporunun rəhbəri, Azərbaycan-Finlandiya “Dostluq” cəmiyyətinin sədri Təranə Nəzərova söyləyib. T.Nəzərova qeyd edib ki, Azərbaycanın mənafelərini müdafiə etmək üçün ələ silah almaq zəruri deyil. Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Azərbaycanlıları Konqresinin Amsterdamda keçirilmiş V qurultayının iştirakçılarına ünvanlanmış müraciətində qeyd edildiyi kimi, “müasir dövrdə qələbələr təkcə hərbi yolla deyil, həm də siyasi-intellektual vasitələrlə təmin edilir. Bizim bu sahədə malik olduğumuz mühüm resurslardan biri xarici ölkələrdə yaşayan həmvətənlərimiz və onların yaratdığı təşkilatlardır”.
“Dostluq” cəmiyyəti sədrinin sözlərinə görə, Avropa Azərbaycanlıları Konqresinin Amsterdamda keçirilmiş V qurultayında o, bir daha yəqin edib ki, Azərbaycan dövləti xaricdə yaşayan həmvətənlərimiz üçün dayaqdır. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun dediyi kimi, xaricdəki həmvətənlərimizin yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasiyası, onların ictimai rəyə təsir göstərmək imkanına malik olması bizim üçün əhəmiyyətli və vacib məsələdir.T.Nəzərova Konqresin beşinci qurultayında xarici jurnalistlərə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinə toxunaraq deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin öz dövlətimizin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə tənzimlənməsi üçün hər cür səy göstərir. Onun sözlərinə görə, Azərbaycan hərbi yolla öz torpaqlarını bir neçə il bundan əvvəl qaytara bilərdi. 
Qeyd edək ki, Təranə Nəzərova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Xocalı faciəsinin soyqırımı aktı kimi tanınmasına yönəlmiş ardıcıl iş aparır. O bildirib ki, Xocalı soyqırımı ilə bağlı müxtəlif illərdə böyük əks-səda doğurmuş tədbirlər həyata keçiriblər. “Dostluq” cəmiyyətinin rəhbəri Finlandiya parlamentinə Xocalıda törədilmiş soyqırımının tanınması barədə petisiya göndərib. Helsinki mərkəzi kitabxanasına Xocalı soyqırımı haqqında videomateriallar, jurnallar və kitablar göndərib. Xocalı faciəsi şahidlərinin ifadələrini, faktları, hadisənin dünya mətbuatındakı əks-sədası ilə bağlı materialları toplayaraq, Xocalı soyqırımı ilə bağlı kitabça, broşürlər çap etdirib, paylayıb. Azərbaycan diaspora təşkilatları dəfələrlə Xocalı soyqırımı ilə əlaqədar Finlandiya parlamentində görüş keçirib. Bu görüşlərdə bildirilib ki, beynəlxalq təşkilatlar bu hadisəyə biganə qalmamalı, beynəlxalq hüququn tələblərinə əməl edilməli, təcavüzkar Ermənistana qarşı sərt tədbirlər görülməlidir. Diaspor təşkilatı Azərbaycan dövlətinin torpaqlarımızın işğaldan azad olunması, təcavüzkarın cəzalandırılması istiqamətində atdığı bütün addımları dəstəklədiklərini qeyd edib. “Biz dünyanın aparıcı, sivil, sülhpərvər dövlətlərini, BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyini dinc sakinlərin, qocaların, qadınların, körpə uşaqların qətlə yetirilməməsi üçün nəhayət ki, biganəlikdən əl çəkməyə, təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlardan silahlı qüvvələrini çəkməyə məcbur edilməsi üçün qəti addımlar atmağa çağırırıq”, - deyə  diaspora təşkilatı bildirib.
T.Nəzərova bildirib ki, Xocalıda törədilmiş soyqırımının Finlandiya parlamenti tərəfindən tanınmasına nail olmaq əsas məqsədlərindən biridir və bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər.  Onun sözlərinə görə, həlli uzanan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq problemdir, çünki bu problemin həll edilməməsi təkcə regiona deyil, bütün dünyaya ziyan vurur

(ardı var)

Xəbər xətti