Abid Şərifov: "Dünya Bankı ilə əlaqələrin genişləndirilməsinə ehtiyacımız var"

11:10 - 19 Sentyabr 2017 - İQTİSADİYYAT

 "Dünya Bankı ilə əlaqələrin genişləndirilməsinə bundan sonra da çalışıcağıq. Yəqin hamı razı olar ki, bizim buna ehtiyacımız var". "Report"un verdiyi xəbərə görə, bunu baş nazirin müavini Abid Şərifov bu gün Bakıda Azərbaycanın Dünya Bankına (DB) üzvlüyünün 25-ci ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışında bildirib.
A.Şərifov DB tərəfindən əməkdaşlıqdakı roluna görə mükafatlandırılıb. Mükafatı Bankın Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon təqdim edib.
A.Şərifov DB ilə Azərbaycan arasında əməkdaşlığın 25 illiyi ilə hamını təbrik edib: "Mən hər bir layihə haqqında qısa məlumat da verərdim, amma vaxt çox gedər. Lakin iki məslə yadımdan çıxmır. DB heç vaxt tarixi abidələrin bərpa olunmasına maliyyə ayırmayıb, halbuki Azərbaycanda buna vəsait ayrılıb. Şirvanşahlar sarayı qəzalı, Şəki Xan Sarayı və Naxçıvanda iki abidəyə o zaman üçün böyük sayılan məbləğ ayrılıb. İkinci layihə Neftçalada balıqçılığın inkişafı ilə bağlı olub, dənizə 15 mln. balıq atılmalıdır. Bu gün həmin fabrik tam fəaliyyəti ilə inkişaf edir".
Baş nazirin müavini çıxında yolların inşası məsələsinə xüsusi diqqət ayırıb: "Azərbaycanda yolların vəziyyəti necə olduğunu hamımız bilirdik. Neft ölkəsi yolsuz idi. Prezidentin göstərişi ilə müasir standartlara uyğun 10 min km yol tikilib. Ayrılan maliyyənin əksəriyyəti yolların inkişafına sərf olunub".

Tədbirdə iştirak edən DB-nin vitse-prezidenti Siril Müller isə deyib ki, təmsil etdiyi qurum Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasına dəstək verməkdə davam edəcək: "Biz Azərbaycanda aparılan islahatları dəstəkləyirik və bu dəstəyimizi gələcəkdə də davam etdirəcəyik".

Xəbər xətti