XİN: Azərbaycan heç zaman suveren ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək

16:40 - 18 Sentyabr 2017 - SİYASƏT

”Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmayıncaya qədər regionda sülhün təmin olunması qeyri-mümkündür”. Ucnoqta.az xəbər verir ki, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın açıqlamasını APA-a şərh edərkən deyib.
H.Hacıyev bildirib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh üçün birbaşa təhlükə olaraq qalmaqda davam edir: “Ermənistanın dövlət başçısının hansı prinsiplərdən danışdığı heç kimə aydın deyildir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini nəzərdə tutulan prinsiplər BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində təsbit olunub.
Qətnamələrdə BMT TŞ Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təsdiq edib və işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. BMT Təhlükəsizlik Şurası qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Bu qətnamələr icra edilməyənə qədər aktualdır və gündəmdədir”.
Qurum təmsilçisi əlavə edib ki, Azərbaycan heç zaman öz suveren ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək: “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır və olunacaq.
 Ermənistan rəhbərliyi bu reallığı nə qədər tez dərk edərsə, bir o qədər də tez regionda sülh təmin olunar,  yoxsulluq və səfalət içərisində olan Ermənistan əhalisi yaranacaq regional əməkdaşlıq imkanlarından faydalana bilər”.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan bu gün başlayan Erməni diasporunun 6-cı forumunda çıxışı zamanı deyib ki, Ermənistan ordusu reallığı dərk etməyən qonşu ölkə, Azərbaycandan fərqli olaraq hər zaman sabitlik və sülh şəraitini qoruyur.
2016-cı il aprel ayında erməni hərbiçilərinin Azərbaycan ordusu tərəfindən yenidən müharibəyə məcbur edildiyini xatırladan S.Sarkisyan vurğulayıb ki,  beynəlxalq məhkəmələr Azərbaycan vəhşiliklərinə dair qərar verəcəklər. Qarabağ, Ermənistan və diaspordakı erməni cəmiyyəti bu istiqamətdə mövqeyini sərtləşdirəcək.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən təsbit olunmuş prinsiplərin varlığı ilə barışmayana qədər heç bir sülh ola bilməz. 

Xəbər xətti